Fransa XİN rəhbəri Hörmüz boğazı açılmadan İrana qarşı sanksiyaların ləğvini rədd edib

Fransanın xarici işlər naziri Jean-Noël Barrot İranla bağlı sanksiyaların Hörmüz boğazında gəmiçilik bərpa olunmadan ləğv edilə bilməyəcəyini bəyan edib.
Nazir bu barədə RTL radiosunun efirində danışıb.
O bildirib ki, İran nüvə proqramı, raket proqramı və digər məsələlər üzrə güzəştlər müqabilində ABŞ-dən cavab addımları və sanksiyaların aradan qaldırılmasını gözləyir. Lakin Barro vurğulayıb ki, Hörmüz boğazında gəmiçilik bloklandığı müddətdə heç bir sanksiyanın ləğvindən söhbət gedə bilməz.
Fransa XİN rəhbəri boğaz ətrafında yaranmış vəziyyəti “tamamilə qəbuledilməz” adlandırıb və Hörmüz boğazının bütün bəşəriyyət üçün “ümumi sərvət” olduğunu bildirib.
Barro əlavə edib ki, Paris tərəfindən İrana qarşı “əhəmiyyətli” sanksiyaların tətbiqi qərarını şəxsən özü verib.
Qeyd edək ki, daha əvvəl Le Figaro nəşri Yelisey sarayına istinadən yazmışdı ki, Fransa ABŞ və İrana Hörmüz boğazında gəmiçiliyin bərpası məsələsini Yaxın Şərq böhranının digər aspektlərindən ayrı şəkildə müzakirə etməyi təklif edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.