Bloomberg: “Saudi Aramco aktivlərinin bir hissəsinin satışı hesabına 10 milyard dollar cəlb etməyi planlaşdırır”

“Saudi Aramco” daşınmaz əmlak aktivlərinin bir hissəsinin satışı hesabına 10 milyard dollardan çox vəsait cəlb etməyi planlaşdırır. Bu barədə Bloomberg agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Saudi Aramco şirkəti Şərqi Əş-Şərqiyyə vilayətinin Dəhran şəhərində yerləşən istehsal və inzibati kompleksdəki daşınmaz əmlak obyektlərini satışa çıxarmağı nəzərdən keçirir. Həmin ərazidə şirkətin baş qərargahı yerləşir.
Agentliyin mənbələrinin bildirdiyinə əsasən, neft nəhəngi artıq mümkün razılaşmalarla bağlı ilkin danışıqlar aparıb. Şirkət aktivlərin satışı və daha sonra geri icarəyə götürülməsi modelini qiymətləndirir. Bu yanaşma “Saudi Aramco”ya əlavə kapital cəlb etməyə imkan verəcək, eyni zamanda şirkət həmin obyektlərdən istifadəni davam etdirəcək.
Bundan başqa, “Saudi Aramco”nun digər iri layihələr üzərində də işlədiyi qeyd olunur. Bunlar arasında neft ixracı və saxlanması terminallarındakı paylarla bağlı layihələr, qaz elektrik stansiyaları və su infrastrukturu ilə məşğul olan bölmə üzrə mümkün razılaşmalar yer alır.
“Bloomberg” vurğulayır ki, danışıqlar hələ davam edir və yekun qərar qəbul edilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.