Ukrayna pilotsuz uçuş aparatları ilə Moskva vilayəti və Leninqrad vilayətindəki Wildberries anbarlarını vurub: 5 nəfər ölüb

Avqustun 4-ü səhər saatlarında Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Moskva vilayətinin Çexov şəhərinə hücum edib. Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun sözlərinə görə, Novoselki sənaye zonasında PUA zərbələri nəticəsində bir neçə yanğın baş verib. Ən böyük yanğın anbarlardan birində qeydə alınıb və sonradan söndürülüb.
Rəsmi məlumata əsasən, hücum nəticəsində elektrik yarımstansiyası və inzibati bina da zədələnib. İlkin məlumatlara görə, 5 nəfər həlak olub, daha 6 nəfər isə yaralanıb. Yerli sakinlərin yayımladığı görüntülərə əsasən, zərbənin əsas hədəflərindən biri **Wildberries** şirkətinin anbarı olub.
Eyni vaxtda Leninqrad vilayətinə də PUA hücumu həyata keçirilib. Vilayətin qubernatoru Aleksandr Drozdenko 17 pilotsuz aparatın məhv edildiyini açıqlayıb. Onun sözlərinə görə, Krasnıy Bor sənaye zonasındakı anbar kompleksinə ziyan dəyib və azı bir nəfər xəsarət alıb.
Yerli media və şirkət əməkdaşlarının paylaşdığı məlumatlara görə, burada da **Wildberries** logistika mərkəzi vurulub və obyektdə güclü yanğın başlayıb. Hücuma məruz qalan kompleks Leninqrad vilayətində şirkətin ən yeni və ən böyük logistika mərkəzidir. Onun sahəsi təxminən 154 min kvadratmetrdir.
Bundan əvvəl, iyulun 24-də Ukrayna PUA-ları şirkətin bölgədə yerləşən "Utkina Zavod" və "Şuşarı" çeşidləmə mərkəzlərinə də zərbələr endirmişdi.
Məlumatlara görə, Ukrayna iyulun 18-dən etibarən **Wildberries** şirkətinin logistika infrastrukturuna qarşı hücumları intensivləşdirib. Analitiklərin hesablamalarına əsasən, avqustun 2-nə qədər şirkətin 5,2 milyon kvadratmetrlik logistika infrastrukturunun təxminən 17–22 faizi müxtəlif dərəcələrdə zədələnib. Bəzi qiymətləndirmələr isə zədələnmiş sahənin 27 faizə çatdığını göstərir.
İndiyədək Rusiyanın Elektrostal, Krasnodar, Nevinnomıssk, Voronej, Yekaterinburq və Sankt-Peterburq daxil olmaqla ən azı 20 **Wildberries** anbarının hücuma məruz qaldığı bildirilir. Ən böyük itki isə Moskva vilayətinin Elektrostal şəhərində yerləşən və sahəsi 250 min kvadratmetr olan logistika mərkəzinin tamamilə yanaraq sıradan çıxması olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.