Məşhur Məmmədov
Milli Məclisin deputatı1990-cı illərin əvvəllərində Azərbaycan siyasi, iqtisadi və sosial çətinliklərlə üz-üzə qalmışdı. Müstəqilliyin ilk illərində mövcud olan idarəetmə böhranı, Qarabağ münaqişəsi və daxili siyasi çəkişmələr xalqımızı çıxılmaz vəziyyətə salmışdı. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsi xalqın tələbi və arzularının təzahürü idi.
Yeni Azərbaycan Partiyası tariximizin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Xalqın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə Ümummilli Lider Heydər Əliyevə müraciət etdilər. Azərbaycanın ən yeni tarixinə məşhur “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, xalqın arzu və istəklərinin ifadəsi idi.
21 noyabr 1992-ci il tarixində Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirildi. Bu hadisə Azərbaycanın siyasi tarixində dönüş nöqtəsi oldu və ölkənin gələcək inkişaf yolunu müəyyənləşdirən əhəmiyyətli bir addım kimi yadda qaldı. Bu konfrans, ölkədə mövcud olan xaotik vəziyyətdən çıxış yolunun axtarışı və sabit, güclü dövlət quruculuğuna doğru atılan məsuliyyətli bir addım idi. Heydər Əliyev konfransda səsləndirdiyi proqram xarakterli nitqi ilə Azərbaycan xalqını irəliyə aparacaq ideoloji əsasları ortaya qoydu.
YAP-ın yaradılması təkcə siyasi partiya təsis etməkdən ibarət deyildi. Bu qərar, Azərbaycanın müstəqilliyinin qorunması, iqtisadi inkişafın təmin edilməsi və xalqın rifahının yaxşılaşdırılması məqsədinə xidmət edən strateji bir hərəkat idi. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə YAP-ın ideyaları praktik olaraq həyata keçirilməyə başlandı və ölkə sabitlik və inkişaf yoluna qədəm qoydu. Hazırda bu partiya milli maraqları layiqincə müdafiə etməyə davam edir.
Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Qürur hissi ilə qeyd edim ki, üzvü olduğum YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirir.
YAP yeni zirvələrə doğru inamla addımlayır. Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixli VII qurultayında qəbul edilmiş qərar əsasında partiyanın yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. YAP-ın Sədri cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il martın 5-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva partiya sədrinin birinci müavini təyin edilib.
Ən müasir dövrdə milli birlik uğrunda yeni səhifə açılır, YAP partiyalararası siyasi dialoqu stimullaşdırır. Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir. Yeni Azərbaycan Partiyası dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühiti daim təşviq edir. Açıq və etibarlı münasibətlərin bərqərar olunmasına xidmət edən islahatlar formalaşan yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin çıxışlarından birində qeyd etdiyi kimi, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz.