Azərbaycanda hərbi xidmətə çağırış yaşının azaldılması ilə əlaqədar hazırda yaşı 31,5-dən çox olanların ordudan tərxisinə başlanılıb.
Bu barədə “Teleqraf” məlumat yayıb. Bildirilib ki, tərxis prosesi bütün Silahlı Qüvvələrdə həyata keçirilir.
“Qafqazinfo” isə prosedurla əlaqədar daha bir məlumat əldə edib. Məlum olub ki, tərxisolunma səlahiyyəti hər qoşun növünün özünə aiddir. Yəni qoşun növləri öz daxili əsasnamələrinə əsasən, hərbi qulluqçunu xidmətini başa vurmadan tərxis edə bilərlər.
Xatırladaq ki, ötən ilin sonunda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanların xidmət etdikləri son yaş həddi 35-dən 30-a endirilib.
Baş nazir Əli Əsədov isə yanvarın 16-da “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 87-VIIQD nömrəli Qanunun icrasının təmin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, Ədliyyə Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının yeni qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.