Vaşinqton səmasında sərnişin təyyarəsi ilə toqquşan “Black Hawk” hərbi helikopteri təhlükəsizlik sistemi söndürülmüş vəziyyətdə uçub.
Bunu Texas ştatından olan senator Ted Kruz bildirib.
Onun sözlərinə görə, qəza zamanı helikopterdə avtomatik asılı müşahidə-yayım sistemi (ADS-B) işləmirdi. Bununla yanaşı, senator pilotların cihazı söndürmək üçün səbəblərinin olmadığına əminliyini ifadə edib.
Materialda həmçinin ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının sədri Cennifer Homendinin sözləri də yer alıb. O, jurnalistlərə bildirib ki, helikopterin ümumiyyətlə ADS-B ilə təchiz olunub-olunmadığı hələ dəqiq məlum deyil.
Xatırladaq ki, yanvarın 29-da Vaşinqtonda Ronald Reyqan adına hava limanı yaxınlığında helikopter və təyyarə toqquşub. Helikopterdə 3 hərbçi, təyyarədə isə 60 sərnişin və 4 ekipaj üzvü olub. Təyyarə və helikopterin qalıqları Potomak çayına düşüb, aviaqəzada heç kim sağ qalmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.