AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan regional bağlantıları genişləndirir – Zəngəzur dəhlizi strateji əhəmiyyət daşıyır

  • + A
  • - A
  • Bu gün, 11:31

    Azərbaycan regional bağlantıları genişləndirir – Zəngəzur dəhlizi strateji əhəmiyyət daşıyır


    Bu gün Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir.

    Prezident İlham Əliyev forumdakı çıxışında bildirib ki, Azərbaycan hazırda regional və beynəlxalq nəqliyyat bağlantılarının genişləndirilməsi istiqamətində infrastruktur layihələrini sürətlə həyata keçirir. Dövlət başçısının vurğuladığı kimi, ölkənin əldə etdiyi tarixi Zəfərdən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıq regionda nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı üçün əlverişli imkanlar yaradıb.

    İqtisadçı deputat Vüqar Bayramovun fikrincə bu yeni mərhələnin ən mühüm layihələrindən biri Zəngəzur dəhlizidir. Dəhlizin tərkib hissəsi olacaq "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru nəqliyyat əlaqəsini bərpa edəcək. Layihənin reallaşması həm regional əməkdaşlığı gücləndirəcək, həm də Avropa ilə Asiya arasında yükdaşımaların daha sürətli həyata keçirilməsinə şərait yaradacaq. Gözləntilərə görə, dəhliz istifadəyə verildikdən sonra Çindən Londona yük daşınmasının müddəti 18 günə qədər azalacaq.

    İllik 15 milyon ton yükötürmə potensialına malik olacaq Zəngəzur dəhlizi yaxın gələcəkdə Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək. Layihə Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, region ölkələrinin iqtisadi gəlirlərinin artmasına da mühüm töhfə verəcək. Proqnozlara əsasən, qitələrarası ticarət dövriyyəsi təxminən 200 milyard dollar artacaq və beynəlxalq yüklərin 10-15 faizi məhz bu marşrut vasitəsilə daşınacaq.

    V.Bayramov qeyd edib ki, 10 illik proqnozlara görə, Zəngəzur dəhlizi ümumilikdə 50 milyard dollar həcmində iqtisadi gəlir formalaşdırmaq və hər il 60 mindən çox yeni iş yerinin yaradılmasına töhfə vermək potensialına malikdir.

    Zəngəzur dəhlizinin Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiyası onun strateji əhəmiyyətini daha da artıracaq. Bu, Azərbaycanın beynəlxalq tranzit imkanlarını genişləndirəcək, yükdaşımadan əldə olunan gəlirləri artıracaq və yerli məhsulların yeni bazarlara çıxışını asanlaşdıracaq.

    Eyni zamanda, Zəngəzur dəhlizi türk dünyasını birləşdirən mühüm quru nəqliyyat arteriyası kimi çıxış edəcək. Layihə Azərbaycan ilə Naxçıvan arasında birbaşa quru əlaqəsini bərpa etməklə Naxçıvanın uzun illər davam edən nəqliyyat blokadasının aradan qaldırılmasına xidmət edəcək, həmçinin bütövlükdə türk dünyasının iqtisadi inteqrasiyasına və regional inkişafına mühüm töhfə verəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR