“Zəfər tariximiz” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Oktyabrın 23-də Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər tariximiz” layihəsi çərçivəsində “Azərbaycanın qəhrəmanları milli iftixarımızdır” mövzusunda tədbir keçirilib.
Karantin rejiminin tələblərinə riayət olunmaqla, Masallı rayon Bambaşı kənd C.Qasımov adına tam orta məktəbində keçirilən tədbirdə Mərkəzin əməkdaşları, Məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirə başlamazdan öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Dilbər İbayeva Azərbaycan xalqının şücaəti və igidliyi ilə adını ölkəmizin müstəqillik tarixinə Milli Qəhrəman kimi yazdıran vətən oğulları ilə hər zaman fəxr etdiyini bildirib.
D.İbayeva qeyd edib ki, dövlətimiz və xalqımız ana vətənin azadlığı, müqəddəs torpağın şərəfi yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir.
Sonra Mərkəzin əməkdaşı Gülcahan Vəkilzadə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş Masallı rayonunun qəhrəman övladları - Səfəralı Məmmədov, Elşad Hüseynov, Elşad Əhədov, Səfa Axundov və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli haqqında məruzə edib. G. Vəkilzadə gənc nəslin bu uca ada layiq olan hər bir vətən övladını, onların keçdiyi böyük və şərəfli döyüş yollarını, göstərdikləri igidlikləri yaxından tanımalı və öyrənməli olduğunun vacibliyindən də bəhs edib.
Hər bir xalqın və millətin güvənc yerinin onun ordusu və şərəflə xidmət edən mərd oğullarının olduğunu qeyd edən G. Vəkilzadə, şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını bildirib.
Sonda Mərkəzin əməkdaşları Bambaşı kəndində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən vətən oğullarının xatirəsinə inşa edilən abidə kompleksini ziyarət ediblər.
Ülkər Piriyeva