Yardımlıda "Unudulmazlar" layihəsi çərçivəsində növbəti tədbir təşkil olunub.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Oktyabrın 11-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsinin ildönümünə həsr olunmuş “Şuşa, sən artıq azadsan” adlı, eyni zamanda “Unudulmazlar” layihəsi çərçivəsində növbəti tədbirlər keçirilib.
Yardımlı şəhər 4 saylı tam orta məktəbdə baş tutan tədbirdə Mərkəzin əməkdaşları və adıçəkilən məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbirə başlamazdan öncə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçılarını salamlayaraq sözə başlayan Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev tarix boyunca Azərbaycan xalqının başına gətirilən bəlalar və üzləşdiyimiz tarixi sınaqlardan söz açıb. Bununla belə, o, qətiyyətli siyasi liderlik və rəşadətli ordumuzun sayəsində əldə olunmuş bugünkü əmin-amanlıqdan da danışıb.
Sonra tədbirdə çıxış edən Mərkəzin əməkdaşı Elşən Abışov və sözügedən təhsil müəssisəsinin direktoru Miralim Səmədov 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq torpaqlarımızın işğaldan azad edilməsindən və işğal faktına son qoyulmasının qürurverici hadisə olmasını qeyd ediblər.
Tədbirdə çıxış edən Mərkəzin digər əməkdaşı Zeynəb Məmmədzadə isə “Qafqazın sənət məbədi” adlandırılan Şuşa şəhəri və Yardımlı rayonunun Kürəkçi kəndindən olan Vətən müharibəsi şəhidi Valeh Məmiyev haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda Şuşa şəhəri və şəhid Valeh Məmiyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Ülkər Piriyeva