Bakı, 28 avqust — Azadmedia.az
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi rayonun 30 yerli sahibkarı ilə görüş keçirib.
“Masallı Sənaye Məhəlləsi”nin inzibati binasında Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 13.02.2018-ci il tarixli 3668 nömrəli Sərəncamının 8.1.2-ci tapşırığının-“Sitrusçuluq sahəsində fəaliyyət göstərən kiçik ailə kəndli və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyasının təşviqi”, eyni zamanda sitrus bitkiçiliyi sahəsində çağırışlar və perspektivlər barədə görüş keçirilmişdir. Görüşdə həmçinin Aqrar Kredit İnkişafı Agentliyi, Masallı DAİM, Sahibkarlığın İnkişafı Fondu, İqtisadiyyat Nazirliyinin Lənkəran Regional Bölməsi, Aqrar Tədarük və Təchizat ASC, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası və Müvəkkil kredit təşkilatlarının nümayəndələri də iştirak etmişdir.
Tədbirdə sitrusçuluq sahəsində fəaliyyət göstərən kiçik ailə kəndli və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyasının təşviqi və sitrus bitkiçiliyi sahəsində çağırışlar və perspektivlər barədə ətraflı söhbət aparılmışdır. Onlara bu sahədə üzləşdiyi çətinliklərin, bilik və bacarıqlarının artırılması və məsləhət xidmətlərinin göstərilməsi barədə lazımi dəstəyin veriləcəyi bildirilmişdir.
Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Niyazi Bağırov statistik məlumatlar verərək bildirilmişdir ki, 2022-ci ildə rayonda 1 hektar feyxoa, 1,4 hektar limon, 1 hektar portağal və 2 hektar isə naringi bağları yeni salınmışdır.
Rayon ərazisində 01 yanvar 2023-cü il tarixə sitrus meyvələrindən feyxoa, limon, portağal, naringi və kivi ağaclarından məhsul yığımı aparılmışdır. Belə ki, feyxoa üzrə əkilmiş 59,2 hektarın 50.8 hektarından 266,2 ton, limon üzrə əkilmiş 16,9 hektarın 14.7 hektarından 88,2 ton, portağal üzrə əkilmiş 3 hektarın 2 hektarından 22.6 ton, naringi üzrə əkilmiş 67.4 hektarın 60 hektarından 272.1 ton və kivi üzrə isə 15.8 hektar əkin sahəsindən 36 ton məhsul götürülmüşdür.
Tədbirin sonunda sahibkarlarla müzakirə aparıldı və onları maraqlandıran suallar aidiyyəti üzrə cavablandırıldı.