Azərbaycan prezidenti İlham Əliyev silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərlə bağlı BMT sistemində xüsusi mexanizm yaradılmasını zəruri hesab edir.
“Hesab edirik ki, BMT sistemində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasına ehtiyac var”, - deyə İ.Əliyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına yönəlmiş milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans iştirakçılarına müraciətində bildirib.
Müraciətin mətni Azərbaycan dövlət başçısının saytında dərc olunub.
Əliyev qeyd edib ki, silahlı münaqişələr zamanı itkin düşənlərin taleyinin aydınlaşdırılması ilə bağlı məsələ qlobal xarakter daşıyır və Azərbaycan bunlara diqqətin artırılması istiqamətində ciddi addımlar atıb. Dövlət başçısı əlavə edib ki, Azərbaycan hər iki ildən bir BMT Baş Assambleyasında itkin düşmüş şəxslərlə bağlı qətnamə irəli sürür.
Prezident İlham Əliyev çıxışında bu məsələnin Azərbaycan üçün çox aktual olduğunu vurğulayıb: Birinci Qarabağ müharibəsi zamanı 3890 Azərbaycan vətəndaşı itkin düşüb, onlardan 872-si “əsir və girov götürülüb, yaxud vaxtilə işğal altında olan ərazilərdə qalıb”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.