AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Türkiyə-Azərbaycan Universitetinin yaradılması müttəfiqliyin yeni hədəfidir”

  • + A
  • - A
  • 23-02-2024, 11:10

    “Türkiyə-Azərbaycan Universitetinin yaradılması müttəfiqliyin yeni hədəfidir”

    Əhliman Əmiraslanov
    Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik

    Türkdilli dövlətlər arasında əməkdaşlığın ən parlaq nümunəsi olan Türkiyə-Azərbaycan qardaşlığının əbədiliyi hər iki dövlətin xarici siyasətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin vurğuladığı kimi, dünyada Türkiyə ilə Azərabycan qədər biri-birinə yaxın dövlətlər yoxdur. BMT, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq edən hər iki dövlətin birgə səyi ilə yaradılan TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqi, maddi və mənəvi dəyərlərimizin dünya səviyyəsində təbliğində əhəmiyyətli rol oynayır. Türkdilli Ölkələrin Parlament Assambleyası uğurla fəaliyyət göstərir və bir neçə parlamentlərarası təşkilatlarla sıx əməkdaşlıq edir.

    Türk Dövlətləri Təşkilatı artıq Beynəlxalq münasibətlər sistemində öz rolu olan aktordur və Azərbaycan bu təşkilatda xüsusi rol oynayır. Türkdilli ölkələr arasında əməkdaşlıq kəskin dini, siyasi qütbləşmənin, millətçi əhval-ruhiyyənin yaratdığı şüarlardan yaranan birlik modeli deyil. Bu, daha çox dünyanın yeni çağırışlarına adekvat cavab verən, çox strateji məqamları özündə ehtiva edən sivil əməkdaşlıq modelidir. Mədəniyyət, elm, təhsil, səhiyyə, turizm, gənclər və idman kimi sahələrdə birgə fəaliyyət hər iki xalq arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir. Ölkələrimiz arasında təhlükəsizlik sahəsində əməkdaşlıq genişlənir. Qarşılıqlı münasibətlərdə xüsusilə fərqlənən hərbi sahədəki əməkdaşlıq bütünlükdə bölgədə sabitliyin qorunmasına xidmət edir. Bu gün Azərbaycan-Türkiyə qardaşlıq, dostluq, sıx əməkdaşlıq və strateji müttəfiqlik münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər, özünün ən qürurverici anlarını yaşayır. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Bugünkü reallıq həm də onunla xüsusi əhəmiyyət kəsb edir ki, liderlər hörmətli Ərdoğan-Əliyev dostluğu, Türkiyə-Azərbaycan qardaşlığı ilə vəhdətdə müasir dünya siyasi düzənində hər kəsin hesablaşacağı vahid gücə çevrilib. Bu yaxınlıq həmdə Türkiyə-Azərbaycan qardaşlığının dünyaya yenilməzlik mesajıdır. Fevralın 14-də inaqurasiyada çıxışında Türk dünyasını “Bizim Ailəmiz” adlandıran möhtərəm cənab Prezident İlham Əliyev Türk Dünyası ilə əməkdaşlıqı ölkəmizin fəaliyyətinin ilk prioritet istiqamətlərdən biri olduğunu bildirdi. Bu baxımdan Azərbaycan-Türkiyə müttəfiqliyi digər türk respublikalarının da türk birliyi ideyası ətrafında daha sıx birləşməsinə böyük təkan verəcək. Prezident seçkilərindən sonra Fevralın 19-da ilk rəsmi səfərini Türkiyəyə edən Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Ankarada Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi oldu. Ankara görüşü zamanı müzakirə olunan bütün məsələlər və imzalanmış sənədlər iki ölkə arasında təhsil, kənd təsərrüfatı və vergi siyasəti sahəsində münasibətlərin tənzimlənməsini və əməkdaşlığın daha da təkmilləşdirilməsini nəzərdə tutur. Dövlət başçılarının verdiyi açıqlamalarda Türkiyə və Azərbaycanın hazırkı beynəlxalq vəziyyətdə regional təhlükəsizlik məsələlərinə ortaq baxışı, enerji və nəqliyyat-loqistika sahələrində əməkdaşlıq, ticarət dövriyyəsinin artırılması, müdafiə sənayesi sahəsində birgə istehsal, Türkiyə-Azərbaycan birgə Universitetinin açılması kimi mühüm layihələr öz əksini tapıb.

    Burada diqqət çəkən məsələlərdən biri Türkiyə-Azərbaycan Universitetinin yaradılması oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Türkiyə-Azərbaycan Universitetinin yaradılması, adicə bir təhsil məsələsi deyil, birliyimizin növbəti rəmzidir. Uzun illər idi ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması müzakirə edilirdi. Sözügedən məsələnin reallaşması o deməkdir ki, Azərbaycan və Türkiyə, eləcə də bütün türk dünyası üçün yüksək səviyyəli kadrlar hazırlanacaq. Bu da bizim gələcəyimiz, ortaq kökə, ortaq ənənələrə, ortaq tarixə, ortaq mədəniyyətə sahib olduğumuz bağların daha da dərinləşməsinə səbəb olacaq. Bu addım iki qardaş ölkə arasında təhsil əlaqələrinin yeni nümunəsidir, əməkdaşlığın yeni müstəviyə daşınmasıdır. Azərbaycan-Türkiyə Universiteti hər iki dövlətin alimlərinin, təhsil işçilərinin birlikdə daha sıx işləməsinə, bir-birinə inteqrasiya etməsinə, birgə fəaliyyət sərgiləməsinə böyük imkanlar yaradacaq. Şübhəsiz, bu Universitetin məzunları da ümumtürk dünyası üçün yeni və lazımlı mütəxəssislər olacaqlar. Bunun örnəkləri var. Qazaxıstanda, Qırğızıstanda və başqa yerlərdə Türkiyənin həmin ölkələrlə birgə yaratdığı universitetlər fəaliyyət göstərir. Oranın məzunları həm Türkiyənin, həm də həmin ölkələrin siyasi-mədəni həyatında, elm-təhsil sahəsində ciddi fəaliyyət göstərirlər. Azərbaycan-Türkiyə Universitetinin açılması da təhsil, elm və araşdırma sahələrində yeni üfiqlər açacaq. Universitetdə ilkin mərhələdə tibb fakultəsinin də fəaliiyət göstərməsinin nəzərdə tutulması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialları, həmçinin Azərbaycan-Fransız, İtaliya-Azərbaycan universitetləri modelləri var. Bu nümunələrdən çıxış edərək Türkiyə-Azərbaycan Universitetinin yaradılması müsbət effekt verəcək. Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə artıq bu universitetə qəbul olan şagirdlər bu universitetdə Türkiyə modeli ilə təhsil almaq imkanına malik ola biləcəklər. Düşünürəm ki, Türkiyə-Azərbaycan Universiteti həmdə Türk Dünyasının beyin mərkəzi olacaq. Türkiyə-Azərbaycan Universitetinin yaradılması birliyimizin rəmzi olmaqla yanaşı, strateji müttəfiqliyimizin yeni hədəfidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR