15 May - Beynəlxalq Ailə Günü münasibəti ilə Abşeron rayonunda fəaliyyət göstərən orta ümum təhsil müəssisələri, Ailə Sağlamlıq Mərkəzlərində “Ekoloji düşüncə ailədən başlayır’” mövzusunda “Ailə həftəsi” keçirilib.
Abşeron Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Təhsil İdarəsi, Ailə Sağlamlıq Mərkəzlərinin təşkilatçılığı ilə 13-17 may tarixlərində reallaşan “Ailə həftəsi” çərçivəsində silsilə tədbirlər təşkil edilib. Abşeron rayonunda uşaq, yeniyetmə və gənclərin, həssas qrupa aid olan, habelə gənc, uzunömürlü və nümunəvi ailələrin iştirakı ilə təşkil olunan görüşlər müasir dünyada baş verən qlobal proseslər fonunda ciddi zərər görən ailə institutunun daha da möhkəmləndirilməsi, cəmiyyətin diqqətinin bir daha ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinə, ailə ənənələrinə və milli-mənəvi dəyərlərə sədaqət hissinin təbliğ edilməsi, ailələrin asudə vaxtının səmərəli təşkili məqsədini daşıyır.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova “Ailə həftəsi” çərçivəsində keçirilən tədbirlərdə, o cümlədən Uşaq Gənclər İnkişaf Mərkəzi, habelə həssas qruplara aid olan ailələrlə görüşlərdə iştirak edərək, valideyn-uşaqların ailədə rolu, üzərinə düşən vəzifə və məsuliyyət, milli-mənəvi və ailə dəyərlərinin qorunub saxlanılmaqla gənc nəslə aşılanması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, valideyn-uşaq münasibətlərinin qarşılıqlı hörmət və anlayış formasında tənzimlənməsi, sağlam həyat tərzi, habelə yaşıl dünya təbliği istiqamətində ətraf mühitə diqqət və qayğının artırılması barədə çıxış edərək, söhbətlər aparmışdır.
Həssas qruplara aid olan ailələrlə görüşlərdə xüsusi təhsil və evdə təhsil alan şagirdlərin valideynləri, təhsil aldıqları orta ümumtəhsil müəssisələrinin rəhbərləri, müəllim və psixoloqlar iştirak etmişdir.
Qeyd edək ki, “Ailə həftəsi” çərçivəsində Abşeron rayonunun inzibati ərazilərində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərinə müraciət edən vətəndaşlarla mövzu ətrafında maarifləndirici söhbətlər aparılmış,habelə ailə üzvlərinin sağlamlıqlarıın qorunması məqsədilə sağlamlıqlarına dair müxtəlif səpkili informasiya materialları təqdim edilmişdir.
“Ailə həftəsi” çərçivəsində keçirilən tədbirlərdə fəallığa ilə fərqlənən iştirakçılara Rayon İcra Hakimiyyəti tərəfindən təşəkkürnamələr təqdim edilmişdir.