Mayın 18-də paytaxtda ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq təşkil olunub. Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxt üzrə monitorinq üçün ayrılan 91 imtahan mərkəzində Azərbaycan və rus bölməsi olmaqla 50 minə yaxın IV sinif şagirdi biliyini sınayıb.
Təhsilalanlara tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olunub. Sualların cavablandırılması üçün 120 dəqiqə vaxt verilib.
Monitorinqdə şagirdlərə təqdim olunan tapşırıqlar tədris dilindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən isə ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini əhatə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.