Azərbaycan və Qazaxıstan beynəlxalq avtomobil yükdaşımalarında sənəd dövriyyəsinin sadələşdirilməsi barədə razılığa gəlib. Tərəflər gələn ildən etibarən elektron icazə sistemi – e-permit tətbiq edəcəklər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, razılaşma Bakıda keçirilən Beynəlxalq Avtomobil Daşımaları üzrə Birgə Komissiyanın iclası çərçivəsində imzalanıb.
Elektron formata keçid inzibati prosedurları azaltmağa, yükdaşımaların daha şəffaf, sürətli və səmərəli həyata keçirilməsinə imkan verəcək.
Tərəflər son illər Azərbaycan və Qazaxıstan arasında yük dövriyyəsinin artdığını da qeyd ediblər. Bu il ölkələr arasında əlavə 6 min elektron icazənin mübadiləsi nəzərdə tutulur. 2027-ci il üçün isə yükdaşımalar məqsədilə 28 min icazə blankı ayrılıb ki, bu da əvvəlki dövrlə müqayisədə təxminən iki dəfə çoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.