AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Naxçıvan Sənaye Parkı iqtisadi fəallığı gücləndirəcək

  • + A
  • - A
  • Dünən, 22:30

    Naxçıvan Sənaye Parkı iqtisadi fəallığı gücləndirəcək


    Ölkə başçısının Naxçıvana səfəri çərçivəsində Naxçıvan Sənaye Parkının da təməli qoyulub.

    2024-cü ildə Prezident İlham Əliyevin imzaladığı Fərmanla yaradılan sənaye parkı Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda yerləşəcək və 310 hektar ərazini əhatə edəcək.

    Parkda elektrik və istilik enerjisi, qaz, su, rabitə, nəqliyyat və digər zəruri infrastrukturun yaradılması nəzərdə tutulur. Artıq potensial sahibkarların cəlb edilməsi istiqamətində müxtəlif layihələr üzrə danışıqlar aparılır.

    Hazırda Azərbaycanda 8 sənaye parkı fəaliyyət göstərir. Bu parklarda 184 rezident qeydiyyata alınıb, onlardan 101-i artıq fəaliyyət göstərir. Rezidentlər tərəfindən indiyədək 7,1 milyard manatdan çox investisiya cəlb olunub və 11,5 mindən artıq iş yeri yaradılıb.

    2026-cı il iyulun 1-dək sənaye parklarında 21,4 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 6,7 milyard manatlıq hissəsi ixrac olunub.

    Dəmir yolu və ictimai nəqliyyatda yeni imkanlar

    Naxçıvanın nəqliyyat infrastrukturu da səfərin əsas istiqamətlərindən olub.

    Prezident İlham Əliyevə Zəngəzur dəhlizi üzrə dəmir yolu layihələri barədə məlumat verilib. Layihələr başa çatdıqdan sonra dəmir yolunun illik buraxılış qabiliyyətinin 15 milyon ton olması nəzərdə tutulur.

    Naxçıvan dəmir yolu xəttinin layihələndirilməsi və tikinti işlərinə 2025-ci ildən başlanılıb. Yeni layihəyə əsasən xəttin uzunluğu 194,2 kilometr olacaq, 10 stansiyanın və 3 sərnişin platformasının yenidən qurulması planlaşdırılır.

    Hazırda Salamməlik stansiyasından Ermənistanla dövlət sərhədinədək olan 7 kilometrlik hissədə tikinti işlərinə başlanılıb. Sentyabrın sonunadək yolun üst quruluşunun 6,3 kilometrlik hissəsinin quraşdırılması nəzərdə tutulur.

    Naxçıvan şəhərinin ictimai nəqliyyatında da mühüm yeniliklər gözlənilir. Şəhərdə yalnız elektrik mühərrikli avtobuslardan istifadə məqsədilə 60 yeni “BYD” avtobusu alınıb. Avtobuslarda bank kartları, QR kod, “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş imkanları yaradılıb.

    Yeni sistem 9 marşrut xətti üzrə ildə 4,5 milyon sərnişinə xidmət göstərməyə imkan verəcək. Nəqliyyatın idarə olunması rəqəmsal dispetçer və monitorinq sistemi vasitəsilə həyata keçiriləcək.

    “BakuBus” MMC-nin Naxçıvanda fəaliyyətə başlaması ilə ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və ödənişlərin tam nağdsız formata keçirilməsi nəzərdə tutulur. Yeni depoda 200 sürücü və 22 inzibati heyət üçün iş imkanları yaradılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR