Azərbaycan Mərkəzi Bankı bu ilin ilk yarısında monetar şəraitin tənzimlənməsi və pul bazarında faizlərin uçot dərəcəsinə yaxın səviyyədə formalaşmasını dəstəkləmək məqsədilə əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edib.
Mərkəzi Bankın yarım illik “Pul Siyasəti İcmalı”na əsasən, yanvar-iyun aylarında ümumilikdə 48 depozit hərracı keçirilib. Hərracların orta həcmi 1 milyard 423 milyon manat təşkil edib.
Açıq bazar əməliyyatları çərçivəsində isə müxtəlif müddətli notların yerləşdirilməsi üzrə hərraclar davam etdirilib. Hesabat dövründə 28 günlük, 84 günlük, 168 günlük və 252 günlük notların hər biri üzrə 23 hərrac olmaqla, ümumilikdə 92 not hərracı keçirilib.
İyunun sonuna Mərkəzi Bankın not portfelinin ümumi həcmi 484 milyon manata çatıb. Bu göstərici ötən ilin sonu ilə müqayisədə 113 milyon manat çoxdur.
Hesabat dövründə qısamüddətli notların gəlirliliyində də azalma qeydə alınıb. İyunda keçirilən son hərraclarda 28 günlük notların gəlirliliyi ötən ilin sonundakı 6,75 faizdən 6,54 faizə, 84 günlük notlarda 6,68 faizdən 6,49 faizə, 168 günlük notlarda 6,80 faizdən 6,48 faizə, 252 günlük notlarda isə 6,85 faizdən 6,50 faizə enib.
Beləliklə, bütün müddətlər üzrə notların gəlirliliyində azalma müşahidə olunub. Eyni zamanda, not portfelinin həcminin artması Mərkəzi Bankın açıq bazar əməliyyatlarının monetar şəraitin idarə olunmasında istifadə olunan əsas alətlərdən biri olaraq qaldığını göstərir.
Açıq suallar yaranır:
- Notların gəlirliliyinin azalması kredit faizlərinə nə dərəcədə təsir göstərəcək?
- Mərkəzi Bankın not portfelinin 113 milyon manat artması bazardakı likvidlik səviyyəsinə necə təsir edib?
- 7 günlük depozit hərraclarının orta həcminin 1,4 milyard manatdan çox olması bank sistemində likvidliyin hansı istiqamətdə dəyişdiyini göstərir?
- Notların gəlirliliyinin azalması əmanət faizlərinə də təsir edə bilərmi?
- Pul bazarında faizlərin uçot dərəcəsinə yaxın trayektoriyada formalaşması real sektor üçün maliyyələşmə imkanlarını genişləndirəcəkmi?
- Qarşıdakı aylarda Mərkəzi Bank depozit və not əməliyyatlarının həcmini artıracaq, yoxsa azaldacaq?
Sualları Mərkəzi Banka verib, mövzuya qayıdacağıq.