AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mirzə Mirzəyev: "Dövlət satınalmalarında iştirakçılıq artırılmalıdır"

  • + A
  • - A
  • Bu gün, 16:57

    Mirzə Mirzəyev: "Dövlət satınalmalarında iştirakçılıq artırılmalıdır"

    Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini Mirzə Mirzəyev “Dövlət satınalmaları: proses, iştirakçılar və nəzarət mexanizmləri” mövzusunda keçirilən təlimdə dövlət satınalmaları sahəsində həyata keçirilən islahatlar, rəqəmsal transformasiya və nəzarət mexanizmləri barədə danışıb.

    Mirzə Mirzəyev bildirib ki, dövlət satınalmaları dövlət maliyyə resurslarının səmərəli idarə olunmasında mühüm rol oynayır. Bu sahədə həyata keçirilən tədbirlər yalnız dövlət qurumlarının mal, iş və xidmətlərə tələbatının ödənilməsinə deyil, həm də rəqabət mühitinin inkişafına, sahibkarların dövlət sifarişlərinə çıxış imkanlarının genişləndirilməsinə və büdcə vəsaitlərindən səmərəli istifadəyə xidmət edir.

    Agentlik rəsmisinin sözlərinə görə, son illərdə dövlət satınalmaları sisteminin daha müasir, rəqəmsal və rəqabətə əsaslanan model üzrə inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb. Elektron satınalma alətləri genişləndirilib, satınalma proseslərinin daha çevik və optimal təşkili, biznes subyektlərinin proseslərdə iştirak imkanlarının artırılması üçün tədbirlər görülüb.

    Qeyd olunub ki, 2025-ci ildə dövlət satınalmalarının ümumi həcmi 2020-ci illə müqayisədə 1,6 dəfə artıb. Ötən il elektron satınalmaların sayı 4,3 dəfə, məbləği isə 5,3 dəfə yüksəlib. Elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş vəsaitin ehtimal olunan qiymətdə xüsusi çəkisi 17,9 faiz təşkil edib.

    Müsbət dinamikanın 2026-cı ildə də davam etdiyi bildirilib. Cari ilin ilk yarısında keçirilmiş 3500-ə yaxın elektron satınalmanın ümumi məbləği 1,7 milyard manat olub. Açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,5 təşkil edib. Həmin dövrdə elektron satınalmalar nəticəsində dövlət büdcəsinə 294,3 milyon manat qənaət edilib və qənaətin ehtimal olunan qiymətdə xüsusi çəkisi 14,7 faiz olub.

    Mirzə Mirzəyev dövlət satınalmalarının vahid internet portalının – etender.gov.az-ın funksional imkanlarının genişləndirilməsinin və digər dövlət informasiya sistemləri ilə inteqrasiyanın da proseslərin daha əlçatan və səmərəli təşkilinə imkan verdiyini vurğulayıb. Mərkəzi Bank, Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyi ilə həyata keçirilən inteqrasiyalar bu istiqamətdə mühüm addımlar kimi qeyd olunub.

    Sədr müavini biznes subyektlərini dövlət satınalmalarında daha fəal iştirak etməyə çağırıb.

    “Biz bütün potensial təchizatçıları satınalma proseslərində daha fəal iştirak etməyə çağırırıq. Çünki iştirakçı sayının artması sağlam rəqabəti gücləndirir, sahibkarlar üçün dövlət sifarişlərinə çıxış imkanlarını genişləndirir və dövlət satınalmaları sahəsində müsbət dinamikanın davamlı xarakter almasına töhfə verir”, – deyə Mirzə Mirzəyev bildirib.

    O, dövlət satınalmaları sahəsində həyata keçirilən dəyişikliklərin və əldə olunan nəticələrin cəmiyyətə düzgün və dolğun çatdırılmasında medianın rolunu da xüsusi vurğulayıb. Bildirib ki, media mürəkkəb hüquqi və iqtisadi proseslərin ictimaiyyətə daha anlaşıqlı şəkildə çatdırılmasına və məlumatlılığın artırılmasına mühüm töhfə verir.

    Agentliyin media ilə açıq və konstruktiv dialoqa hazır olduğu qeyd edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR