Polşanın Silahlanma Agentliyi ilə Skarjisko-Kamennada yerləşən Mesko şirkəti Avropa İttifaqının SAFE hərbiləşdirmə proqramı çərçivəsində bir neçə min ədəd Piorun daşınan zenit-raket kompleksinin (DZRK) istehsalına dair çərçivə sazişi imzalayıb.
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, bu müqavilə ölkənin hərbi-sənaye kompleksi üçün Piorun sistemləri üzrə indiyədək ən böyük sifarişdir. Müqavilə çərçivəsində istehsal olunacaq komplekslərin təxminən 80 faizi Polşanın öz ehtiyacları üçün nəzərdə tutulur. Sifarişdə həmçinin Norveç, Litva və Latviya iştirak edir.
Piorun sistemləri helikopterlər də daxil olmaqla hava hədəflərini 6 kilometrədək məsafədə məhv etmək imkanına malikdir. Bu komplekslərin istehsalına 2019-cu ildə Mesko müəssisəsində başlanılıb. Həmin vaxt ildə təxminən 300 kompleks istehsal edilirdisə, hazırda bu göstərici 1,3 mindən çoxdur.
Polşanın bu addımı Avropada müdafiə sənayesinin gücləndirilməsi və hərbi istehsalın artırılması prosesinin davam etdiyini göstərir. Rusiya tərəfi isə Aİ-nin hərbiləşdirilməsi və Ukraynaya silah tədarükünün genişləndirilməsini dəfələrlə tənqid edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.