Oktyabrın 20-21-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərinə mediatur keçirilib. Səfərin əsas məqsədi Şəkinin daxili turizm imkanlarını daha geniş auditoriyaya tanıtmaq, bölgədə turistlər üçün yaradılan şəraiti, həyata keçirilən bərpa və inkişaf layihələrini, eləcə də şəhərin zəngin tarixi-mədəni irsini ictimaiyyətə təqdim etmək olub.
Mediatur iştirakçıları “Yuxarı Baş” Milli Tarix-Memarlıq və “Kiş” Tarix-Memarlıq qoruqlarına səfər edib, burada qorunan tarixi abidələr, maddi-mədəni irs nümunələri və həyata keçirilən layihələrlə yaxından tanış olublar.
Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən qoruqlarda, o cümlədən “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunda tarix, mədəniyyət və təbiət abidələrinin, eləcə də maddi-mədəni irsin qorunması istiqamətində görülən işlər barədə məlumat verib.
M.Ağabəyli bildirib ki, tarixi irsin mühafizəsi ilə yanaşı, ərazinin turistlər üçün daha cəlbedici və əlçatan məkana çevrilməsi məqsədilə burada genişmiqyaslı bərpa, konservasiya və yenidənqurma işləri həyata keçirilir. Onun sözlərinə görə, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Şəbəkə Emalatxanası və Təlim Mərkəzi bərpa işlərindən sonra 2026-cı ildə istifadəyə verilib.
Qeyd olunub ki, hər iki turizm obyektində aparılan bərpa və konservasiya işləri yalnız tarixi irsin qorunmasına deyil, həm də Şəkinin qədim sənətkarlıq ənənələrinin yaşadılmasına, gələcək nəsillərə ötürülməsinə və şəhərin turizm potensialının daha da gücləndirilməsinə xidmət edir.
İdarə Heyətinin sədri “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən digər tarixi-memarlıq abidələrində bərpa və konservasiya işlərinin də mərhələli şəkildə davam etdirildiyini vurğulayıb. Bildirilib ki, qoruq Şəkiyə səfər edən turistlərin ən çox üz tutduğu məkanlardan biridir.
2026-cı ilin yanvar-sentyabr aylarında Qoruğun ərazisində yerləşən Xan sarayını ümumilikdə 128 487 turist bilet alaraq ziyarət edib. Onlardan 72 309 nəfəri, yəni 56,28 faizi yerli, 56 178 nəfəri və ya 43,72 faizi xarici turistlər olub. Bundan əlavə, 42 050 nəfər Qoruğu ödənişsiz ziyarət edib.
Mediatur çərçivəsində jurnalistlər Qala Divarları Kompleksində yerləşən XIX əsrə aid tarixi Barıt anbarı binası ilə də tanış olublar. Məlumat verilib ki, bərpa və konservasiya işlərindən sonra tarixi məkan sənətkarlıq emalatxanası və dulusçuluq mərkəzi kimi fəaliyyət göstərir.
Burada yerli ustalar tərəfindən Şəkinin məşhur piti qabları – “dopu”, eləcə də müxtəlif su qabları hazırlanır. Eyni zamanda, şəhərə gələn turistlər üçün gil sənətinin incəliklərini əyani şəkildə öyrənməyə imkan verən master-klasslar təşkil olunur. Dulusçu Şöyüb Məmmədov media nümayəndələrinə gildən müxtəlif məişət əşyalarının hazırlanması prosesini nümayiş etdirib.
Mediatur iştirakçıları “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində də olublar. Qeyd edilib ki, Mərkəz Azərbaycanın qədim keramika ənənələrinin qorunması və yaşadılması, sənətkarlığın inkişaf etdirilməsi, eləcə də ailə təsərrüfatlarına dəstək göstərilməsi məqsədilə yaradılıb.
Qafqazda ilk Keramika Mərkəzi kimi fəaliyyət göstərən bu sənətkarlıq ocağında xarici ölkələrdən dəvət olunan tanınmış sənətkarların iştirakı ilə beynəlxalq tədbirlər keçirilir, müasir avadanlıqlardan istifadə etməklə müxtəlif təlimlər təşkil olunur. Keramika ilə yanaşı, Mərkəzdə xalçaçılıq və digər sənətkarlıq istiqamətləri üzrə də təlimlər keçirilir.
Şəki Tarix-Diyarşünaslıq Muzeyində jurnalistlərə bölgənin çoxəsrlik tarixini, zəngin mədəniyyətini, etnoqrafiyasını, ənənəvi sənətkarlığını və özünəməxsus kulinariya irsini əks etdirən eksponatlar təqdim olunub.
Bildirilib ki, Muzeyin fondlarında üç mindən çox maddi-mədəni dəyərə malik eksponat qorunur. Onlardan 1826-sı hazırda sərgi zallarında nümayiş etdirilir.
Mediatur iştirakçıları Şəbəkə Emalatxanası və Təlim Mərkəzində də olublar. Şəbəkə ustası Tofiq Rəsulov bildirib ki, Mərkəzdə şəbəkə sənətinə həsr olunmuş sərgi salonu, emalatxana və təlim otaqları yaradılıb.
Qədim sənət növünün qorunaraq gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən işlərə Şəki gənclərinin böyük maraq göstərdiyi vurğulanıb. Tofiq usta və onun şagirdləri şəbəkə nümunələrinin hazırlanması prosesini media nümayəndələri üçün əyani şəkildə nümayiş etdiriblər.
Jurnalistlər Şəki Dövlət Rəsm Qalereyasına da baş çəkiblər. Məlumat verilib ki, tarixi-memarlıq xüsusiyyətləri qorunmaqla bina 2022-ci ildə Dövlət Turizm Agentliyi tərəfindən bərpa olunub.
Hazırda qalereyanın fondunda 361 eksponat qorunur. Onlardan 71-i ekspozisiyada nümayiş etdirilir, 290 eksponat isə fond otağında saxlanılır. Sərgidə təqdim olunan 71 eksponatın 61-ni rəsm əsərləri – 25 qrafika, 31 rəngkarlıq və 5 dekorativ-tətbiqi sənət nümunəsi, 10-nu isə heykəltəraşlıq əsərləri təşkil edir.
Qalereyada Azərbaycan təsviri sənətinin tanınmış nümayəndələrinin, eləcə də Şəki sənət mühitində xüsusi yeri olan rəssamların əsərləri nümayiş olunur.
Mediatur iştirakçıları “Kiş” Tarix-Memarlıq Qoruğunda, o cümlədən Qafqazın ən qədim apostol məbədi kimi tanınan Kiş Alban məbədində də olublar. Jurnalistlərə bildirilib ki, təxminən iki min illik tarixə malik məbəd alban memarlıq irsi nümunələri arasında xüsusi əhəmiyyət daşıyır.
Məbəd həm memarlıq xüsusiyyətlərinə, həm də zəngin tarixi keçmişinə görə böyük dəyərə malikdir. Əsrlər boyu yerli sakinlər tərəfindən ziyarətgah kimi istifadə olunması abidənin müasir dövrə qədər qorunub saxlanılmasında mühüm rol oynayıb.
Hazırda “Kiş” Tarix-Memarlıq Qoruğunda arxeoloji, məişət-etnoqrafik və heykəltəraşlıq nümunələri nümayiş etdirilir. Eksponatların bir hissəsi məbədin ərazisində aparılan araşdırmalar zamanı aşkar edilib, digər nümunələr isə Alban tarixini və mədəniyyətini əks etdirən, Azərbaycanın müxtəlif bölgələrindən aşkarlanmış maddi-mədəni irs nümunələridir.
Şəkiyə səfər çərçivəsində jurnalistlər Kiş kəndində sahibkar Arzu Turanginin “Ruh açarı” qonaq evinə, eləcə də Şəki şəhər mərkəzində sahibkar Sevinc Bayramovaya məxsus “Süsən” Kəlağayı Emalatxanası və Kəlağayı Muzeyinə baş çəkiblər.
Media nümayəndələrinə “Süsən” brendi ilə istehsal olunan kəlağayıların çeşidi, onların daxili və xarici bazarlarda tələbatı, eləcə də turistlərin bu qədim sənət nümunəsinə göstərdiyi maraq barədə ətraflı məlumat verilib.
Səfərin daha bir maraqlı ünvanı Yuxarı Karvansaray abidə kompleksinin ərazisində fəaliyyət göstərən restoran olub. Burada aşpaz Aynurə İsmayılova mediatur iştirakçılarına Azərbaycan milli mətbəxinin zənginliyini, xüsusilə Şəki mətbəxinin ən məşhur nümunələrindən biri olan Şəki pitisinin hazırlanma qaydasını əyani şəkildə nümayiş etdirib.
Beləliklə, iki gün davam edən mediatur çərçivəsində jurnalistlər Şəkinin yalnız zəngin tarixi və memarlıq irsi ilə deyil, həm də qədim sənətkarlıq ənənələri, muzeyləri, qalereyaları, milli mətbəxi, qonaqpərvərlik imkanları və müasir turizm infrastrukturu ilə yaxından tanış olublar.
Səfər müddətində media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, Şəkinin turizm potensialının inkişafı və bölgəyə turist axınının artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.