AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vətəndaş öz pulunu qəbul etmək üçün banka hesabat verməlidir? Mərkəzi Bankın məntiqinə sözardı

  • + A
  • - A
  • Bu gün, 09:46

    Vətəndaş öz pulunu qəbul etmək üçün banka hesabat verməlidir? Mərkəzi Bankın məntiqinə sözardı

    Azərbaycanda bank kartlarına tətbiq edilən məhdudiyyətlər ətrafında müzakirələr səngimir. Mərkəzi Bankın sədri Taleh Kazımovun oktyabrın 29-da səsləndirdiyi fikirlər isə bu məsələnin başqa bir tərəfini gündəmə gətirir.

    AMB sədrinin fikrincə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bankların kartdan-karta köçürmələrə limit qoymasını dəstəkləyən Kazımov bildirir ki, bu dövriyyənin müəyyən hissəsi vergidən yayınma və qanunsuz fəaliyyətlərlə bağlıdır.

    Burada bir sual yaranır: qanunsuz fəaliyyətlə mübarizə aparmaq üçün niyə bütün vətəndaşların maliyyə əməliyyatlarına eyni məhdudiyyət tətbiq edilməlidir?

    Axı kartına gündə beş dəfə pul daxil olan hər kəs sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. İnsanlar ailə üzvlərindən, dostlarından, tanışlarından pul ala, müxtəlif sosial və məişət ehtiyacları üçün köçürmələr edə bilərlər. Məktəb, müalicə, ailə tədbirləri, xeyriyyə və digər kollektiv ödənişlər də buna nümunədir.

    Bütün bu əməliyyatları potensial vergidən yayınma riski kimi qiymətləndirmək düzgün yanaşma deyil.

    Təbii ki, bank sektorunda şəffaflığın təmin edilməsi, vergidən yayınmanın və qanunsuz maliyyə əməliyyatlarının qarşısının alınması vacibdir. Lakin bunun üçün ilk növbədə şübhəli əməliyyatlar konkret risk meyarları əsasında müəyyənləşdirilməlidir. Əməliyyatların sayını əsas götürərək hamıya eyni limit tətbiq etmək isə daha asan, amma heç də həmişə ədalətli olmayan yoldur.

    Digər diqqətçəkən məqam vətəndaşın banka müraciət edərək öz əməliyyatlarını izah etməli olmasıdır. Təsəvvür edək ki, bir valideyn məktəbdə tədbir, ekskursiya və ya başqa ehtiyac üçün valideynlərdən pul toplayır. Bunun üçün beşdən artıq köçürmə qəbul etməlidirsə, bankın qapısını döyməli, əməliyyatın məqsədini izah etməli və əlavə icazə gözləməlidir.

    Bəs bu proses nə qədər operativ olacaq? Banklar belə müraciətlərə hansı müddətdə baxacaq? Müştərinin təqdim etdiyi izahat qəbul edilməsə, onun etiraz etmək mexanizmi nə olacaq? Bu sualların cavabı da ictimaiyyət üçün aydın olmalıdır.

    Digər tərəfdən, 2025-ci ildə kartdan-karta köçürmələrin həcminin 66 milyard manat, 2026-cı ilin ilk doqquz ayında isə 48 milyard manat olması həmin vəsaitlərin qanunsuz dövriyyə olduğunu sübut etmir. Böyük dövriyyə avtomatik olaraq qanunsuzluq demək deyil. Bu rəqəmlərin nə qədərinin məişət, ailə, kommersiya və digər əməliyyatlarla bağlı olduğu ayrıca təhlil edilməlidir.

    Məsələnin başqa tərəfi də var: nağdsız ödənişlərin təşviq edildiyi bir vaxtda vətəndaşların kart əməliyyatlarına əlavə maneələr yaradılması rəqəmsal ödənişlərə etimadı zəiflədə bilər.

    Mərkəzi Bankın mövqeyi başadüşüləndir: banklar şübhəli əməliyyatları izləməli, maliyyə sistemindən sui-istifadənin qarşısını almalıdırlar. Ancaq bu mübarizənin yükü bütövlükdə adi vətəndaşın üzərinə qoyulmamalıdır.

    Əsas məsələ beş köçürmənin çox, yoxsa az olması deyil. Əsas məsələ qanuni maliyyə əməliyyatı aparan vətəndaşın niyə öz pulundan istifadə etmək üçün əlavə izahat verməli olmasıdır.

    Dövlətin və bankların vəzifəsi qanunsuz dövriyyəni müəyyən etməkdir, vətəndaşın hər adi pul köçürməsini əvvəlcədən şübhə altında saxlamaq deyil.

    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR