Noyabrın 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Vergilər Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərin ictimai müzakirələrini təşkil edib.
Dinləməni giriş sözü ilə açan komitənin sədri Tahir Mirkişili Prezident İlham Əliyev tərəfindən Milli Məclisə daxil olmuş Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində kitab və kağız məhsullarının idxalının və satışının ƏDV-dən azad olunmasının nəzərdə tutulduğu barədə tədbir iştirakçılarına məlumat verib.
Bildirib ki, qanun layihəsində Vergilər Məcəlləsinin 164-cü maddəsinə təklif edilən dəyişikliyə görə, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən KİV məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu KİV məhsullarının və kitabların (o cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad olunur. Tahir Mirkişili qanun layihəsini Azərbaycan Prezidentinin bu sahəyə diqqətinin və qayğısının növbəti bariz nümunəsi kimi vurğulayıb. Qeyd edib ki, bu sahədə ƏDV-nin ləğv edilməsi kitab və digər çap məhsullarının, dərsliklərin qiymətinin aşağı düşməsinə səbəb olacaq, ölkədə çap sənayesinin inkişafını təşviq edərək yeni iş yerlərinin və sahibkarlığın inkişafına təkan verəcək.
Qeyd edək ki, dinləmələrdə Milli Məclisin komitə sədri Zahid Oruc, deputatlar Fazil Mustafa, Etibar Əliyev, Nizami Cəfərov, Erkin Qədirli, həmçinin nəşriyyat evlərinin, kitab satışı şəbəkələrinin, media qurumlarının təmsilçiləri iştirak ediblər. Çıxış edənlər dövlət başçısının bu təşəbbüsünü alqışlayıblar, nəzərdə tutulan vergi güzəştini media və yazarlar, ədəbiyyat və kitabsevərlər üçün böyük hadisə adlandırıblar. Onlar bu addımın kitabların keyfiyyətinə və kəmiyyətinə müsbət təsir edəcəyini, media sektorunun inkişafına təkan verəcəyini, ədəbiyyat nümunələrinin çeşidliliyini artıracağını vurğulayıblar.
Müzakirədə həmçinin oxucularda kitaba marağın artırılması, çap məhsullarının keyfiyyətinin yüksəldilməsi və kitabın populyarlaşması üçün atılacaq addımlar müzakirə edilib.
Tədbirə yekun vuran Tahir Mirkişili dinləmələrdə fəal iştirak etdiklərinə görə qonaqlara təşəkkürünü bildirib və müzakirə olunan dəyişikliyin bu sahədə ciddi dönüş yaradacağını diqqətə çatdırıb.