"Artıq 1 ilə yaxındır ki, SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun təşəbbüsü ilə bütün ölkə üzrə "Açıq mikrofon" aksiyası keçirilir. Aksiyanın keçirilməsində əsas məqsəd, yerlərdə vətəndaşlarla görüşərək qaz təsərrüfatına dair problemlərini dinləmək və onlara yardımçı olmaqdan ibarətdir". Bu sözləri SOCAR "Azəriqaz" İB-nin Xaçmaz Regional qaz istismarı İdarəsinin rəisi Azər Abasov Quba rayonunun Xanagahyolu kəndində vətəndaşlarla keçirilən görüş zamanı bildirib. Birliyin Əsaslı tikinti şöbəsinin rəis müavini Hikmət Əsgərov və Xaçmaz RQİİ-nin rəhbər şəxsləri kənd sakinlərinin qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyiblər. Vətəndaşlar uzun illərdir kənddə mavi yanacaq olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açaraq, sözü gedən kəndin qazlaşdırılmasını xahiş ediblər. Aksiyada bu kəndin sakinləri ilə yanaşı, Davudoba, Ərməkiqışlaq, Hacıhüseynli kəndlərinin sakinləri də iştirak ediblər. Onlar da bu kəndlərin qazlaşdırılması ilə bağlı Birliyin baş direktoruna müraciət ediblər. Birlik rəsmiləri tərəfindən ünvanlanan bütün müraciətlərlə bağlı vətəndaşlara lazımi izahatlar verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.