İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2022-ci ilin yanvar-iyun ayları ərzində icbari tibbi sığorta çərçivəsində TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərlə bağlı statistik göstəriciləri təqdim edir.
Cari ilin ilk 6 ayı ərzində dövlət tibb müəssisələrinə 2 803 677 şəxs 8 123 770 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 18 280 623 olub. Tibbi xidmətlərin 83 %-i ambulator, 17 %-i stasionar şəraitdə göstərilib. Pasiyentlərin 31 %-ni uşaqlar, 69 %-ni isə böyüklər təşkil edib.
Pasiyentlərin müraciəti əsasən ümumi tibbi müayinə, qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, göz və gözün əlavə aparatının xəstəlikləri, sinir sistemi xəstəlikləri, habelə mamalıq və ginekologiya ilə bağlı olub.
Bakı şəhəri üzrə tibbi statistik göstəricilər
Bu ilin ilk 6 ayı ərzində Bakı şəhəri üzrə dövlət tibb müəssisələrinə 1 144 429 şəxs 3 221 354 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 7 068 108 olub. Beləliklə, ölkə üzrə qeydə alınan ümumi müraciət sayının 40 %-i və göstərilən tibbi xidmətlərin 39 %-i Bakı şəhərinin payına düşür.
Ən çox tibbi xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğunu təqdim edirik: Bakı Baş Səhiyyə Mərkəzi, Kliniki Tibbi Mərkəz, Nərimanov Tibb Mərkəzi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Sabunçu Tibb Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Binəqədi Tibb Mərkəzi, Xəzər Tibb Mərkəzi, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi.
63 şəhər və rayon üzrə tibbi statistik göstəricilər
Bu ilin ilk 6 ayı ərzində Bakı şəhəri istisna olmaqla, 63 şəhər və rayon üzrə dövlət tibb müəssisələrinə 1 777 642 şəxs 4 902 416 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 11 212 515 olub. Beləliklə, ölkə üzrə qeydə alınan ümumi müraciət sayının 60%-i və göstərilən tibbi xidmətlərin 61 %-i regionların payına düşür.
Ən çox tibbi xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğunu təqdim edirik: Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Bərdə, Xaçmaz, Yevlax, Quba, Balakən, Abşeron və Qəbələ rayon mərkəzi xəstəxanaları.
İcbari tibbi sığorta çərçivəsində özəl tibb müəssisələrində göstərilən xidmətlər
2022-ci ilin yanvar-may ayları ərzində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində aparılması mümkün olmayan əməliyyat və xidmətlərlə bağlı özəl tibb müəssisələrinə göndəriş alan edən vətəndaşlar 22 168 tibbi xidmətdən yararlanıb. Bu xidmətlərdən 485-i uşaqlara, 21 683-ü isə böyüklərə göstərilib.
Sözügedən tibbi xidmətlərdən 7 156-nı oftalmoloji əməliyyatlar, 6 306-nı invaziv radiologiya xidmətləri, 5 236-nı ürək-damar cərrahiyyəsi, 959-nu urologiya, 922-ni neyrocərrahiyyə, 278-ni travmatologiya, 221-ni ümumi cərrahiyyə, 131-ni LOR, 54-nü isə ginekologiya və doğuş üzrə aparılan əməliyyatlar təşkil edib. Digər sahələr üzrə icra olunan əməliyyatların sayı isə 283-dür. İcra olunan koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatlarının sayı isə müvafiq olaraq 65 və 557 olmuşdur. Qeyd edək ki, cari ilin yanvar-may ayları ərzində vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı davam edir.