İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin avqust ayı ərzində Bakı TƏB-i üzrə 172 903 və Sumqayıt TƏB-i üzrə 39 214 (TƏB haqqında ətraflı məlumat üçün linkə keçid etmək olar) vətəndaşa ümumilikdə 687 284 tibbi xidmət göstərilib. Bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 322 297 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 497 622-si ambulator, 189 662-si isə stasionar şəraitdə göstərilib.
Cari ilin avqust ayı üzrə sözügedən tibbi ərazi bölmələrinə dair əhaliyə göstərilən tibbi xidmətləri əks etdirən bir neçə statistik göstəricini təqdim edirik:
Bakı TƏB-i üzrə əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən ilk onluqda yer alan rayonlar: Pirallahı (203), Nərimanov (202), Yasamal (186), Sabunçu (176), Nəsimi (148), Xəzər (144), Səbail (113), Suraxanı (93), Qaradağ (49) və Binəqədi (49).
Sumqayıt TƏB-i üzrə əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayı 102 təşkil edib.
Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu[1]: Sumqayıt Tibb Mərkəzi (104 559), Kliniki Tibbi Mərkəzi (81 536), Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası (72 479), 3 nömrəli Şəhər Klinik Xəstəxanası (52 225), 5 nömrəli Şəhər Klinik Xəstəxanası (45 021), K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (40 354), Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (21 819), 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (17 505), Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu (14 930) və 13 nömrəli Uşaq Poliklinikası (10 857).
Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Sumqayıt Tibb Mərkəzi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və 13 nömrəli Uşaq Poliklinikası.
Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Kliniki Tibbi Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Respublika Perinatal Mərkəzi və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu.
Ötən ay ərzində Bakı və Sumqayıt TƏB-ləri üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, tənəffüs sistemi xəstəlikləri, həzm sistemi xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, zədələr və zəhərlənmələr, mamalıq və ginekologiya, sinir sistemi xəstəlikləri və sidik-cinsiyyət sistemi xəstəlikləri ilə bağlı olub.
2021-ci ilin avqust ayında Bakı TƏB üzrə 575 142, Sumqayıt TƏB üzrə isə 112 142 tibbi xidmət göstərilib.
01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən Bakı və Sumqayıt TƏB-ləri üzrə qeydiyyatda olan əhalinin sayı 3 milyon 47 min nəfər təşkil edir.
Məlumat üçün bildirək ki, bütün ölkə üzrə avqust ayı ərzində 594 898 nəfərə 959 227 müraciət üzrə 2 165 265 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 797 382-si ambulator, 367 883-ü isə stasionar şəraitdə göstərilib.
Agentliyə daxil olan hesabatlara əsasən, 2021-ci ilin yanvar-avqust ayları ərzində ölkə üzrə dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən stasionar cərrahi xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə 15 238 göndəriş verilib. Bu göndərişlərin 6118-i invaziv radiologiya, 2499-u radiologiya, 1999-u oftalmologiya, 1361-i urologiya, 1222-si ürək-damar cərrahiyyəsi, 705-i neyrocərrahiyyə, 231-i travmatologiya, 201-i kardiologiya, 15-i isə ginekologiya üzrə verilib. Digər sahələr üzrə verilmiş göndərişlərin sayı 887 təşkil edib.
Qeyd edək ki, göndərişlərin 14 239-u (93%) planlı, 999-u (7%) isə təcili əsasla qeydə alınmışdır.
İlkin hesablamalara görə, 2021-ci ilin yanvar-avqust ayları ərzində ölkə üzrə 9 664 nəfər müvafiq göndərişə əsasən dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyat və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilmişdir ki, bu şəxslərin 297 nəfərini uşaqlar təşkil etmişdir. Belə ki, 18 yaşdan yuxarı 3712 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilib. Həmçinin ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 3057, oftalmologiya üzrə 1347, urologiya üzrə 641, nevrologiya/neyrocərrahiyyə üzrə 383, travmatologiya üzrə 279, LOR üzrə 137, digər sahələr üzrə 55, ümumi cərrahiyə üzrə 43, ginekologiya və doğuş üzrə 10 nəfər əməliyyat olunub. Qeyd edək ki, ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 125 nəfər 18 yaşdan aşağı şəxslərdir. Nəzərə çatdırırıq ki, vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı davam edir.
Cari ilin yanvar-avqust ayları ərzində isə bütün ölkə üzrə 2 812 918 şəxs tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara 13 207 556 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 10 734 244-ü (81%) 18 yaşdan yuxarı, 2 473 312-si (19%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.