İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən bu ilin oktyabr ayı ərzində 58 şəhər və rayonda 371 880 vətəndaşa 1 409 319 tibbi xidmət göstərilib. Bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 599 283 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 226 308-i ambulator, 183 011-i isə stasionar şəraitdə göstərilib.
Cari ilin oktyabr ayı üzrə sözügedən regionlara dair əhaliyə göstərilən tibbi xidmətləri əks etdirən bir neçə statistik göstəricini təqdim edirik:
Əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən, ilk onluqda yer alan şəhər və rayonlar: Mingəçevir (486) və Gəncə şəhərləri (214), Yevlax (189), Beyləqan (160), Qəbələ (159), Balakən (157), Ağdaş (154), Xaçmaz (153), Qax (152) və Xocavənd rayonları (152).
Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Gəncə Şəhər Birləşmiş Xəstəxanası (139 243), Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası (134 606), Xaçmaz (70 270), Yevlax (61 285), Quba (61 017), Bərdə (48 341), Şəki (45 162), Ağdaş (41 747), Balakən (41 189) və Göyçay (38 577) rayon mərkəzi xəstəxanaları.
Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Xaçmaz, Yevlax, Quba, Bərdə, Şəki, Balakən, Göyçay və Zaqatala rayon mərkəzi xəstəxanaları.
Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Quba Rayon Mərkəzi Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Ağdaş, Xaçmaz, Qusar və Şəki rayon mərkəzi xəstəxanaları, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Göyçay və Bərdə rayon mərkəzi xəstəxanaları.
Ötən ay ərzində 58 rayon və şəhər üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət sisteminin xəstəlikləri, həzm sisteminin xəstəlikləri, mamalıq və ginekologiya, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, gözün və gözün əlavə aparatının xəstəlikləri və sinir sistemi xəstəlikləri ilə bağlı olub.
2021-ci ilin oktyabr ayında 11 tibbi ərazi bölməsi (TƏB) üzrə göstərilmiş tibbi xidmət sayına görə ardıcıllıq aşağıdakı kimidir (TƏB haqqında ətraflı məlumat üçün linkə keçid etmək olar):
Bərdə-Yevlax TƏB (292 403), Quba-Xaçmaz TƏB (199 332), Gəncə TƏB (197 106), Şəki-Zaqatala TƏB (194 764), Göyçay-Kürdəmir TƏB (98 205), Ağdam-Ağcabədi TƏB (98 173), Şəmkir-Tovuz TƏB (96 265), Dağlıq Şirvan TƏB (82 262), Lənkəran TƏB (58 739), İmişli-Sabirabad TƏB (55 500) və Cəlilabad-Salyan TƏB (36 570).
01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən icbari tibbi sığortanın tətbiq edildiyi 58 inzibati ərazi vahidləri üzrə qeydiyyatda olan əhalinin sayı 6 milyon 560 min 500 nəfər təşkil edir.
Məlumat üçün bildirək ki, bütün ölkə üzrə oktyabr ayı ərzində 602 186 nəfərə 1 005 381 müraciət üzrə 2 306 645 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 897 240-ı ambulator, 409 405-i isə stasionar şəraitdə göstərilib.
Agentliyə daxil olan hesabatlara əsasən 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ölkə üzrə dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən stasionar cərrahi xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə 19467 göndəriş verilib. Bu göndərişlərin 7402-si invaziv radiologiya, 3708-i radiologiya, 2639-u oftalmologiya, 1759-u urologiya, 1397-si ürək-damar cərrahiyyəsi, 855-i neyrocərrahiyyə, 274-ü travmatologiya, 206-sı kardiologiya, 21-i isə ginekologiya üzrə verilib. Digər sahələr üzrə verilmiş göndərişlərin sayı 1 206 təşkil edib.
Qeyd edək ki, göndərişlərin 18 300-ü (94%) planlı, 1 167-si (6%) isə təcili əsasla qeydə alınmışdır.
İlkin hesablamalara görə, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ölkə üzrə 14 186 nəfər müvafiq göndərişə əsasən dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyat və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilmişdir ki, bu şəxslərin 368 nəfərini uşaqlar təşkil etmişdir. Belə ki, 18 yaşdan yuxarı 5322 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilib. Həmçinin ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 4304, oftalmologiya üzrə 2341, urologiya üzrə 964, nevrologiya/neyrocərrahiyyə üzrə 577, travmatologiya üzrə 338, LOR üzrə 155, digər sahələr üzrə 105, ümumi cərrahiyə üzrə 60, ginekologiya və doğuş üzrə 20 nəfər əməliyyat olunub. Qeyd edək ki, ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 166 nəfər 18 yaşdan aşağı şəxslərdir. Nəzərə çatdırırıq ki, vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı davam edir.
Cari ilin yanvar-oktyabr ayları ərzində 58 şəhər və rayon üzrə 2 380 464 vətəndaşa 5 756 549 müraciət üzrə 13 130 542 tibbi xidmət göstərilib. Qeyd olunan müddətdə bütün ölkə üzrə isə 3 495 907 şəxs tibb müəssisələrinə müraciət edib və onlara 18 100 421 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 14 157 075-i (78%) 18 yaşdan yuxarı, 3 943 346-sı (22%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.