AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AŞPA`nın yeni xanım prezidentinin Azərbaycana qarşı qərəzli yanaşması - Petra Bayr Bakıda həbsdə olan erməni separatçılardan danışıb - Strasburqdan eksklüziv

  • + A
  • - A
  • 28-01-2026, 12:31

    AŞPA`nın yeni xanım prezidentinin Azərbaycana qarşı qərəzli yanaşması - Petra Bayr Bakıda həbsdə olan erməni separatçılardan danışıb - Strasburqdan eksklüziv



    Yanvarın 26-da Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2026-cı il Qış Sessiyası öz işinə başlayıb. Sessiyanın gündəliyində beynəlxalq təhlükəsizlik, regional münaqişələr, insan hüquqları, Avropanın siyasi gələcəyi və artan geosiyasi risklər xüsusi yer tutur. Ukraynada davam edən müharibə, Yaxın Şərqdəki qeyri-sabitlik, Avropada demokratiyaya yönələn təhdidlər və hibrid müharibə elementləri fonunda bu sessiya əvvəlkilərlə müqayisədə daha gərgin siyasi atmosferdə keçirilir.

    Hazırda Strasburqda olan hüquq müdafiəçisi Əhməd Şahidov AzadMedia.az-a verdiyi eksklüziv açıqlamasında bildirib ki, sessiya çərçivəsində Moldova Prezidenti Maya Sandunun çıxışı xüsusi diqqət çəkib. Əhməd Şahidov qeyd edib ki, Sandu Avropanın eyni vaxtda iki müharibə ilə üz-üzə qaldığını vurğulayıb: “Bunlardan biri Rusiyanın Ukraynaya qarşı açıq hərbi təcavüzüdürsə, digəri daha az görünən, lakin eyni dərəcədə təhlükəli olan hibrid müharibədir. Dezinformasiya, kiberhücumlar və Avropa demokratiyalarına xarici müdaxilə bu prosesin əsas alətləridir.” Onun sözlərinə görə, Moldova Prezidenti Ukraynanın müqavimətini təkcə bu ölkənin deyil, həm də Moldova, region və bütövlükdə Avropanın təhlükəsizliyi baxımından həlledici amil kimi dəyərləndirib, Avropa Şurasını isə demokratiyanın təzyiq və manipulyasiya qarşısında müdafiə xətti adlandırıb. Transnistriya məsələsinə toxunan Sandu bölgədə qeyri-qanuni rus hərbi mövcudluğunu sülh prosesinin əsas maneəsi kimi qiymətləndirib.

    Əhməd Şahidov bildirib ki, cari sessiyada Azərbaycanla bağlı mövzu da yenidən gündəmə gətirilib və tənqidi, birtərəfli çıxışlar davam edir. Onun sözlərinə görə, AŞPA-nın yeni prezidenti, Avstriyadan olan Petra Bayr mətbuat konfransında Bakıda mühakimə olunan erməni əsilli şəxsləri “hərbi əsir” kimi təqdim edib ki, bu da rəsmi Bakının mövqeyi ilə ziddiyyət təşkil edir. Hüquq müdafiəçisi qeyd edib ki, Petra Bayr rəsmi Bakının qara siyahısında olan şəxslərdən biridir və onun bu mövqeyi Assambleyada Azərbaycana qarşı formalaşmış ümumi siyasi atmosferin göstəricisidir. Əhməd Şahidov əlavə edib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın da sessiya çərçivəsində çıxışı gözlənilir və ümumi müşahidələr AŞPA-da Azərbaycan əleyhinə ritorikanın davam edəcəyini göstərir. O vurğulayıb ki, Azərbaycan nümayəndə heyətinin sessiyalarda iştirak etməməsinə baxmayaraq, ölkəmiz Avropa Şurasının tam hüquqlu üzvü olaraq qalır və uzunmüddətli perspektivdə bu platformaya qayıdış Azərbaycanın mövqeyini birbaşa ifadə etmək və qərəzli yanaşmalara yerində cavab vermək baxımından mühüm əhəmiyyət daşıyır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR