ABŞ prezidenti Donald Tramp bu gün İranla bağlı mümkün zərbələri müzakirə etmək üçün kəşfiyyat orqanları ilə qapalı brifinq keçirməyi planlaşdırır. Görüş zamanı o, Tehranla danışıqlarda yaranmış çıxılmaz vəziyyətdən çıxış yollarını müəyyənləşdirəcək.
ABŞ lideri mediada İranla qarşıdurmanın yeni mərhələyə keçə biləcəyi barədə xəbərlərdən sonra Ağ evdə qapalı formatda belə bir görüş keçirməyi planlaşdırır.
Daha əvvəl Axios portalı xəbər verib ki, diplomatik həll yolları tapılmadığı üçün ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran obyektlərinə qarşı “qısa və güclü” zərbələr planı hazırlayıb. Məqsəd Tehranla nüvə sazişi üzrə danışıqlarda yaranmış dalanı aşmaq və İran rəhbərliyinə təzyiq göstərməkdir.
Amerika KİV-ləri həmçinin bildiriblər ki, CENTCOM artıq Yaxın Şərqə İran əleyhinə istifadə oluna biləcək “Dark Eagle” hipersəs raketlərinin göndərilməsi üçün sorğu təqdim edib. Bu məsələ ilə bağlı qərar hələ qəbul edilməyib.
Brifinqin bu gün saat 13:00-da (Moskva vaxtı ilə 20:00) qapalı şəkildə keçiriləcəyi gözlənilir.
Eyni zamanda “American Conservative” jurnalı yazır ki, ən müasir silahlar belə ABŞ-ın İran üzərində qələbəsinə zəmanət vermir.
“Nəticə etibarilə əsas sual ABŞ-ın bu müharibəni udub-udmayacağı deyil, Vaşinqtonun hədəflədiyi qələbə modelinin artıq praktiki olaraq mümkün olub-olmadığını qəbul edib-etməyəcəyidir”, — nəşr qeyd edir.
Məqalədə vurğulanır ki, Yaxın Şərqdəki münaqişənin heç bir mümkün sonluğu Vaşinqton üçün müsbət nəticə vəd etmir və ABŞ keçmiş hərbi uğursuzluqlarından nəticə çıxarmalıdır.
Xatırladaq ki, fevralın sonunda ABŞ və İsrail İran ərazisində yerləşən obyektlərə zərbələr endirməyə başlayıb. Bu hücumlar nəticəsində İslam Respublikasının bir sıra yüksək vəzifəli şəxsləri, o cümlədən ali lideri Əli Xamenei həlak olub. Buna cavab olaraq İran İsrail ərazisinə və Yaxın Şərqdəki ABŞ obyektlərinə zərbələr endirib, həmçinin Hörmüz boğazında gəmiçiliyi tamamilə bloklayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.