Azərbaycanlı ekspert: Ermənistanla ikitərəfli əməkdaşlıq real nəticələr verib

Azərbaycanlı politoloq Rusif Hüseynov bildirib ki, Ermənistanla ikitərəfli əməkdaşlıq postmüharibə dövründə mühüm və hiss olunan nəticələr verib.
O, bu fikirləri “Yerevan Dialogue 2026” beynəlxalq konfransında çıxışı zamanı səsləndirib.
Ekspert qeyd edib ki, hazırda Azərbaycan və Ermənistan arasında bir neçə istiqamət üzrə iş aparılır. Bunlara sülh prosesi, sərhədlərin delimitasiyası, nəqliyyat əlaqələrinin bərpası və ticarət münasibətləri daxildir.
Onun sözlərinə görə, məhz ikitərəfli format bu sahələrdə daha effektiv olub:
“Gördüyümüz kimi, ikitərəfli əməkdaşlıq kifayət qədər məhsuldar nəticələr verib”.
Rusif Hüseynov əlavə edib ki, Avropa İttifaqı müəyyən infrastruktur layihələri ilə regionda iştirak etmək niyyətindədir. Azərbaycan tərəfi isə bu təşəbbüsləri yalnız regionda yeni bölünmələr yaratmadığı və hər üç Cənubi Qafqaz ölkəsi üçün faydalı olduğu halda dəstəkləyə bilər.
Ekspert ötən il baş verən bəzi mühüm addımlara da diqqət çəkib. O bildirib ki, Azərbaycan üçüncü ölkələrdən Ermənistana yönələn yüklərə tətbiq edilən embarqonu aradan qaldırıb və müəyyən neft məhsullarının Ermənistana ixracı həyata keçirilib.
Bununla belə, o, bu əməkdaşlığın hüquqi əsasları ilə bağlı sualların yarandığını vurğulayıb:
“Bu iqtisadi münasibətlərin hüquqi bazası nədir və Ermənistan tranzit rüsumları ödəyirmi?”
Politoloqun sözlərinə görə, tərəflər arasında iqtisadi və ticarət əlaqələri artıq formalaşmağa başlayıb, lakin sülh müqaviləsinin olmaması səbəbindən bu münasibətlərin daha da inkişafı üçün hüquqi çərçivə və diplomatik mexanizmlər zəruridir.
O, həmçinin qeyd edib ki, hazırda tərəflər mümkün ticarət məhsullarının siyahısı ilə bağlı müzakirələr aparırlar.
Sonda Rusif Hüseynov ATƏT-in Minsk qrupu ilə bağlı tənqidi fikirlər səsləndirərək bildirib ki, bu qurumun fəaliyyəti Azərbaycana zərər verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.