Səudiyyə Ərəbistanı hakimiyyəti ABŞ-ın Hörmüz boğazında həyata keçirməyi planlaşdırdığı “Project Freedom” əməliyyatına dəstək verməkdən imtina edib. NBC News-un ABŞ administrasiyasındakı iki mənbəyə istinadən yaydığı məlumata görə, Vaşinqton təşəbbüslə bağlı Ər-Riyadı əvvəlcədən məlumatlandırmadığı üçün krallıq narazı qalıb.
Məlumata əsasən, Donald Trampın əməliyyatın başladığını Truth Social platformasında elan etməsi Körfəz ölkələri üçün gözlənilməz olub və xüsusilə Səudiyyə rəhbərliyinin narazılığına səbəb olub. Bunun ardından krallıq ABŞ hərbçilərinə şahzadə Sultan adına aviabazadan istifadəyə icazə verməyəcəyini və ölkənin hava məkanını Amerika hərbi təyyarələri üçün bağlayacağını açıqlayıb.
Daha sonra Ağ Ev rəhbəri Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Al Səudla telefon danışığı aparsa da, bu addım vəziyyəti dəyişməyib. NBC News bildirir ki, nəticədə Tramp “Project Freedom” əməliyyatının dayandırılması barədə qərar verib.
Trampın elan etdiyi Hörmüz boğazı əməliyyatı təxminən bir sutka davam edib. Bundan sonra ABŞ prezidenti əməliyyatın dayandırıldığını açıqlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.