Rusiya ərazisindən Ermənistana Azərbaycan üzərindən növbəti yük qatarı yola salınıb. 10 vaqondan ibarət qatar Biləsuvar stansiyasından hərəkət edib.
Qatarın 9 vaqonunda 630 ton buğda, bir vaqonda isə 36 ton propan daşınır. Bununla da Azərbaycan ərazisinin regional humanitar və iqtisadi tranzit üçün istifadəsi davam edir.
Məlumata görə, Ermənistan indiyədək Rusiya ərazisindən Azərbaycan üzərindən tranzitlə 49 min tondan çox taxıl, 1 mindən çox propan və 1 mindən artıq kömür alıb. Bundan başqa, Azərbaycan tərəfindən Ermənistana ümumilikdə təxminən 20 min ton benzin və dizel yanacağı göndərilib.
Bu proses təkcə yükdaşımaların bərpası deyil, Azərbaycan-Ermənistan münasibətlərində etimadın möhkəmləndirilməsi və sülhün gündəlik həyatda real nəticələrə çevrilməsi baxımından da mühüm addımdır. Sülh yalnız sənədlərdə deyil, insanların ehtiyac duyduğu ərzaq, enerji və digər resursların təhlükəsiz şəkildə daşınmasında da özünü göstərir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.