Oktyabrın 28-də Milli Məclisin Regional məsələlər komitəsi və Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkilatçılığı ilə Azərbaycan Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış qələbənin ildönümünə həsr edilmiş “Azərbaycanın tarixi zəfəri” mövzusunda videokonfrans keçirilib.
Konfransda Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının rəhbərliyi və nümayəndələri, həmçinin 61 şəhər, qəsəbə və kənd bələdiyyəsinin sədrləri iştirak ediblər.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov şəhidlərimizin xatirəsini yad edərək, qazilərimizə, Vətən müharibəsi iştirakçılarına dərin hörmət və ehtiramını ifadə edib. O, qüdrətli Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolun Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün təmin olunması, işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq işlərinin, möhtəşəm layihələrin həyata keçirilməsi tariximizin ən əlamətdar hadisələrindən biridir.
Siyavuş Novruzov qazanılan bu tarixi zəfərin möhtəşəm akademik biliyə, mükəmməl təcrübəyə, misilsiz səriştəyə sahib olan cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin təntənəsi olduğunu qeyd edib.
Sonra Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, akademik Nizami Cəfərov, komitənin digər üzvü Aqil Məmmədov “Azərbaycanın tarixi zəfəri” mövzusunda geniş məzmunlu çıxış ediblər.
Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov, Gəncə şəhəri Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədov, Bərdə bələdiyyəsinin sədri Sadiq Xəlilov, Sumqayıt bələdiyyəsinin üzvü, Vətən müharibəsi iştirakçısı Orxan Adıgözəlzadə, Gəncə şəhəri Kəpəz bələdiyyəsinin sədr müavini Rufanə Əliyeva, Nizami bələdiyyəsinin sədr müavini Heydər Rəhimov 44 günlük müharibə zamanı Azərbaycan bələdiyyələrinin, bələdiyyə üzvləri və qulluqçularının müharibədə iştirakı, Vətən qarşısında xidmətlərindən danışıblar.
Sonra onlayn konfransda mövzu ətrafında müzakirələr aparılıb.