"Bələdiyyələrin fəaliyyətində gənclərə önəm verilməlidir" - Vüqar İskəndərov
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi və Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkilatçılığı ilə “Bələdiyyələrdə gənclər və idman komissiyalarının işinin gücləndirilməsi” mövzusunda videokonfrans keçirilib. Konfransda Milli Məclisin deputatları Vüqar İskəndərov və Ramin Məmmədov da çıxış edib. Tədbir iştirakçıları xüsusilə gənclərin bələdiyyə idarəetmə sahəsindəki fəaliyyətlərinin daha da inkişaf etdirilməsi, onların bu sahəyə cəlb olunmasının vacibliyi barədə fikirlərini bildiriblər. Konfrans iştirakçılarının diqqətinə çatdırılıb ki, hazırda bələdiyyə işinin təşkilində innovativ idarəetməyə və daha da təkmil fəaliyyətə ehtiyac var. Bu baxımdan da bələdiyyə idarəetməsində gənclərin işinin daha da gücləndirilməsi mühüm amillərdən biridir. Konfransda çıxış edən deputat Vüqar İskəndərov bildirib ki, xüsusən kənd və qəsəbələrdə kifayət qədər perspektivli gənclər var ki, onların bilik və bacarıqlarından istifadə etməklə daha çox iş görmək olar. Bu baxımdan bələdiyyələrdə gənclər və idman komissiyalarının işinin gücləndirilməsi mühüm məsələdır. Çünki bələdiyyələrin işində gənclərə xüsusi önəm verilməlidir.