Son vaxtlar həyatımda baş verən sarsıdıcı hadisələr fonunda “Konstitusiya” Araşdırmalar Fondunun “AgriVision” layihəsi çərçivəsində baş tutan tura dəvət yerinə düşdü və məmnuniyyətlə bu fürsəti dəyərləndirdim.
Bir qrup media təmsilçiləri ilə Lənkəran, Astara, Masallı və Lerik rayonlarının turist məkanlarını ziyarət etdik. Zamanla hər biri barədə geniş məlumat verəcəm. Hələlik isə cənnətin düz mərkəzində - Lerikdə yerləşən Səfalı Göl barədə təəssüratlarımı oxucularımla bölüşmək istəyirəm. Səfalı Göl Lerikin Aşağı Bilnə kəndində yerləşir. Lənkərandan ora qədər yolboyu yaşıllığa bürünən dağlar, meşələr, yamaclar əsl cənnəti xatırladır, insanın ruhu dincəlir. Lerikin istirahət mərkəzinə aparan yolu dolambac olsa da, yollar hamar, asfaltdır. Səfalı Göldə təbiətdən zövq almaq üçün bütün gözəlliklər var - bulaq suyu, dağ havası, bol günəş, yaşıllıq... Koteclərin qarşısından keçən çayın şırıltı səsinin verdiyi zövqü təsvir etməyə qələm acizdir. Bir sözlə, çoxdan arzusunda olduğunuz təbiətlə təmas nöqtəsi məhz Səfalı Göldür. Səfalı Göl sadəcə istirahət məkanı deyil, həm də bir aqroturizm məkanıdır. Siz bu məkanı seçməklə restoranda hazırlanan ev yeməkləri, talış mətbəxi, orqanik məhsullarla qidalana, gözəl kəndə ekskursiya edə, maraqlı təsərrüfat işləri ilə yerində tanış ola (mən arı təsərrüfatını maraqla izlədim - müəl.), qayıqla göl gəzintisinə çıxa, piyada hər iki gölün ətraflnda yürüş edə, balıq tuta, atla gəzə bilərsiz.
Restoranın peşəkar aşbazları xidmətinizdə olsa da, özünüzün manqalda məharətinizi göstərmək üçün də şərait yaradılır. Hamımızı getdiyimiz istirahət zonalarında xidmət səviyyəsi və qiymətlər maraqlandırır. Xidmətə söz yoxdur. Qiymətlər də münasibdir.
Ərazisi 1.5 ha olan turizm müəssisəsinin sahibi Əfsər Həmidovun söylədiyinə görə ərazidə buğda və kartof əkilir. İki gölü, 38 arı yeşiyi və 18 baş inəyi olan ərazidə koteclər ilin bütün fəsillərində turustlərə xidmət edəcək bu mövsümdən. Gələn qonaqlar üçün 4 oturma otağı, 8 yataq otağı, bundan başqa 4 ayaqyolunun 16 yatağın olduğu 4 qonaq evi fəaliyyət göstərir. Otaqların qiyməti səhər yeməyi daxil 60 manatdır. Bütün otaqların çölə pəncərəsi var, şırıltısı əsəb dərmanı olan çay koteclərin qarşısından keçir. Səfalı Gölün nadir ağaclarından, dadlı mətbəxindən çox yazmaq olar, amma uzun yazıları oxuyan olmur. Yaxşısı budur Lerikin Aşağı Bilnə kəndinə gəlin, Səfalı Gölün gözəlliyini gözlərinizlə görün, mənə bu cənnətlə sizi tanış etdiyimçün min dəfə "çox sağ ol" deyəcəksiniz. Elnurə Abuşova Lənkəran-Lerik-Bakı