"Yeni komando briqadasının məhz Hadrutda yaradılması haqqında qərar Ali Baş Komandan tərəfindən verilib. Hesab edirəm ki, çox doğru, düzgün qərardır. Çünki bizim üçün Hadrut strateji əhəmiyyətli bir nöqtədir”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Üzeyir Cəfərov deyib.
Hərbi ekspertin sözlərinə görə, həmin ətrafda yeni komando briqadasının yerləşdirilməsi gələcəkdə bölgə üçün hər hansı təhlükə yaranacağı təqdirdə həmin komanda birləşməsi verilən tapşırığı rahatlıqla yerinə yetirə biləcək: “Briqadanın yerləşdiyi mövqe çox uğurlu yerdir. Hesab edirəm ki, briqadanın Hadrutda yerləşdirilməsi sıradan, adi bir qərar deyil. Komando briqadasının Hadrutda yerləşdirilməsinin həm mənəvi, həm də siyasi əhəmiyyəti var. Siyasi əhəmiyyəti ondan ibarətdir ki, vaxtilə düşmən Hadrutdan bizə qarşı kifayət qədər təhdidlər, bir sıra hərəkətlər həyata keçirirdi. Söhbət vaxtilə yaxınlıqdakı Füzuli, Xocavəndlə bağlı düşmənin gerçəkləşdirdiyi addımlardan gedir. İndi ora bütövlükdə Azərbaycan Ordusunun nəzarəti altındadır. Komando briqadası vəziyyətin tam şəkildə bizim nəzarətimiz altında olacağına imkan verəcək. Briqadanın Hadrutda yerləşdirilməsi qərarı da fikrimcə, məhz bununla bağlıdır”.
Üzeyir Cəfərov bəzi incəlikləri hərbi sirr olduğu üçün açıqlamadığını da vurğulayıb: “Əslində hərbi hissənin nömrəsinin göstərilməsi də düzgün deyildi. Bu kimi məsələlərdə diqqətli olmalıyıq. Mətbuat hər şeyi çılpaqlığı ilə göstərməməlidir. Amma bu briqada peşəkarlardan qurulmuş hərbi hissədir. Orada müddətli həqiqi hərbi xidmətə çağrılmış heç bir siravi əsgər yoxdur. Müddətdən artıq xidmət edən hərbi qulluqçulardan təşkil olunub. Ona görə də bu komando birqadasından həm həmin ərazidə, həm də ölkənin istənilən ərazisində lazım gələcəyi təqdirdə xidmətindən istifadə ediləcək. Onlar bu gün 2-ci ordu birləşməsinin tabeliyindədirlər. General Mais Bərxudarovun tabeliyi altında xidmət keçirlər. Amma sabah gələcəyi təqdirdə onlar Azərbaycan Ordusunun tərkib hissəsi kimi istənilən ərazidə rahat istifadə edilə bilərlər. Fikir verdinizsə, bu sırf türk modelidir. Bütün tövsiyyələr türkiyəli mütəxəssislərin təklifləri əsasında hazırlanıb. Həmin bereti almaq üçün uşaqlar böyük yol keçiblər. Çünki briqada komandosunun əsgəri olmaq üçün sən imtahan verirsən və sənin sertifikatın sənin beretindir və o, sənə təqdim olunur. Bir sözlə, çox uğurlu hərbi hissədir. Ölkə başçısı da dedi ki, belə hərbi hissələrin sayı çox olacaq. Biz bütövlükdə ordunu komando sisteminə keçirməyəcəyik. Amma ordumuzun böyük bir hissəsini bu formada hazırlayacağıq ki, onlar ölkəmizin müdafiəsi və təhlükəsi ilə bağlı məsələlərdə yaxından iştirak etsinlər”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.