“Bu gün Hadrut qəsəbəsinin işğaldan azad olunmasının birinci ildönümüdür. Sizi və bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Bu günü sizinlə birlikdə burada - Hadrutda qeyd etmək, hesab edirəm ki, xüsusi məna daşıyan hadisədir”.
AzadMedia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib.
Dövlət başçısı deyib ki, biz uzun fasilədən sonra Hadruta - Xocavəndə qayıtmışıq: “Döyüşərək, qan tökərək, şəhidlər verərək qayıtmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların qanı, canı bahasına, hərbçilərimizin şücaəti, qəhrəmanlığı hesabına biz tarixi ədaləti bərpa etdik, işğalçıları doğma torpaqlarımızdan qovduq və doğma torpaqlarımıza qayıtdıq. Bu gün artıq Hadrutun və ümumiyyətlə Qarabağın yeni dövrü başlayır”.
Prezident İlham Əliyev qeyd edib ki, Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıyan əməliyyatdır: “Həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi. Bu əməliyyatın uğurla başa çatması bizə imkan verdi ki, öz hədəfimizə - Qarabağın azad edilməsinə nail olaq. Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir, çünki dağlıq ərazidir. Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi. Eyni zamanda, Hadrutu götürməklə bizim gələcək planlarımız üçün yeni imkanlar açıldı. Onu da bildirməliyəm, baxmayaraq ki, müharibə zamanı Ermənistan ordusunda on mindən çox fərari olmuşdur və bəzi yaşayış məntəqələrindən onlar tələm-tələsik qaçaraq çıxmışdılar, amma Hadrutda dirəniş göstərdilər, müqavimət göstərdilər və burada gedən şiddətli döyüşlər bir neçə gün davam etmişdir. Buna baxmayaraq, Azərbaycan əsgəri, zabiti qarşısında onlar öz acizliyini dərk edərək burada da məğlubiyyətə uğradılar.
Hadrut əməliyyatının əhəmiyyəti ondadır ki, Ermənistan rəhbərliyi və Ermənistan ordusu gözləmirdi ki, biz Cəbrayıldan sonra Hadrut istiqamətinə gedəcəyik. Onlar hesab edirdilər ki, biz Füzuli istiqamətinə gedəcəyik. Baxmayaraq ki, Hadrutda onların çox böyük canlı qüvvəsi var idi, bizi gözləmirdilər. Çünki hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək doğrudan da çox böyük fədakarlıq və peşəkarlıq tələb edirdi. Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik. Göstərdik ki, heç kim və heç nə bizim qabağımızda dura bilməz, nəyin bahasına olursa-olsun, biz bütün torpaqlarımızı azad edəcəyik. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, Hadrut əməliyyatı ilə bağlı Ermənistan mətbuatında yalan informasiyalar kifayət qədər çox idi. Biz artıq Hadrutun ətrafında yerləşən bütün dağları işğalçılardan təmizləyəndən sonra aydın oldu ki, qəsəbənin götürülməsi, sadəcə olaraq, müəyyən zaman tələb edir. Biz az itkilərlə qəsəbəni götürmək əzmində idik və buna da nail olduq. Ermənistan rəhbərliyi və Ermənistan Müdafiə Nazirliyi isə bəyan edirdi ki, Hadrut ermənilərin əlindədir. Guya ki, onlar növbəti dəfə taktiki geriləmə ediblər və indi Hadruta qayıdıblar, Azərbaycan əsgərlərini Hadrutdan çıxarıblar. Bütün bu yalanları müşahidə edərək, sadəcə olaraq, təəccüb edirdim. Çünki açıq-aydın idi ki, Hadrut artıq bizdədir. Mən əmr verdim Hadrutda Azərbaycan bayrağı qaldırılsın ki, ermənilərin bu yalanlarına son qoyulsun. Ancaq ondan sonra - Azərbaycan əsgər və zabitləri bizim dövlət bayrağımızı Hadrutda qaldırıb mənə raport verəndən sonra artıq Ermənistan rəsmi təbliğatı etiraf etdi ki, Hadrut Azərbaycan Ordusunun nəzarətindədir. Bu, bir daha onu göstərir ki, Ermənistan təbliğatı istər işğal dövründə, istər müharibə dövründə, istərsə də postmüharibə dövründə yalan üzərində qurulub”.