AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Usta Abdullanı anarkən...

  • + A
  • - A
  • 24-09-2024, 11:06

    Usta Abdullanı anarkən...

    “Ömrü bad olan” Usta

    “Kitabi-Dədə Qorqud” da adı çəkilən Göyçə gölünün sahillərində hökmdar, şair Şah İsmayıl Xətainin ünlü müridlərindən, ardıcıllarından olan Miskin Abdalın saz-söz ocağı həm də bir iman, inam, əqidə ocağı kimi məşhurlaşdı. Miskin Abdalın şölələndirdiyi bu ocağın nuru, istiliyi zaman-zaman artdı, azaldı, ancaq heç vaxt sönmədi. Ağ Aşıq Allahverdinin sazının, sözünün şöləsindən onlarla söz qığılcımları parladı, gur şəfəqlərini hər tərəfə yaydı.
    XIX əsrdə Göyçə mahalında ədəbiyyatın nəzm bölməsi sürətlə inkişaf etmiş və özünün pik nöqtəsinə çatmışdı. Xalq şeiri üslubunda dəyərli əsərlər yaratmaq ənənəsi Aşıq Alının, Şair Məmmədhüseynin, Aşıq Musanın , Şair Aydının.., xüsusən Aşıq Ələsgərin yaradıcılığı ilə özünün qızıl dövrünə qədəm qoydu.
    Aşıq Ələsgərdən təxminən bir nəsil sonranı təmsil edən Zodlu Abdulla belə bir qaynar saz-söz mühitində doğulmuş, yaşamış, yaratmışdır.
    *
    Namazov Abdulla Rəhim oğlu 1865-ci ildə Göyçə mahalının Zod kəndində dülgər ailəsində anadan olmuşdur. O, öz atasından dülgərlik sənətini öyrənmiş, mahir bir sənətkar olmaqla bərabər, yüksək şairlik təbinə də malik olmuş, xalq şeiri üslubunda bədahətən şeirlər söyləmişdir. Dediyi, düzüb-qoşduğu şeirlərini peşəsinə uyğun olaraq “Sənətkar”, “Usta Abdulla”, “Zodlu Abdulla” təxəllüsü və nisbəsi ilə möhürləmişdir.
    Göyçə mahalının əksər sakinləri kimi Zodlu Abdulla da 1918-1920-ci illərdə erməni daşnaklarının törətdikləri qırğınlar nəticəsində doğma yurdunu tərk etməyə məcbur olmuşdur. “Çəkmişəm” rədifli qoşmasında “Dağıldı mahalım, pozuldu elim”, - deyən şair vətənindən didərgin düşdüyünü ürək ağrısı ilə dilə gətirmişdir:
    Abdulla, bir yana yetmədi dadım,
    Hayana döndümsə, yandırdı odum.
    İtib dülgərliyim, batıbdı adım,
    Aranlarda nə alalar çəkmişəm.
    1921-ci ildə Qərbi Azərbaycan torpaqlarında Sovet Hakimiyyəti qurulduqdan sonra həmin torpaqlardan didərgin düşmüş ailələrin, insanların bir hissəsi dədə-baba yurd yerlərinə qayıdırlar. Usta Abdulla da yaranan nisbi əmin-amanlıq sayəsində Zod kəndinə qayıdır, yeni quruluşu tərənnüm edən şeirlər də qoşur:
    Yerdən duman çəkilibdi,
    Torpaq bizdə əkilibdi,
    Qoçaq-quldur çəkilibdi,
    Bir dolanım, gəzim yeri.
    Bəzi mənbələrdə Usta Abdullanın 1939-cu ildə Gəncə şəhərinə köçməsi haqqında verilən məlumatlar həqiqəti əks etdirmir. Gerçək olan budur ki, Usta Abdullanın qız övladlarından biri – Gülüz indiki Samux rayonunun Tatlı kəndindən bir nəfərlə ailə quraraq o kənddə də yaşayırmış. Tatlı kəndi də Gəncə şəhərinə yaxın ərazidə yerləşdiyindən insanlar alış-verişə bu şəhərə gəlir, ölülərini “İmamzadə” qəbiristanlığında basdırırmışlar.
    1941- ci ildə Almaniya ilə SSRİ arasında başlanan müharibəyə azərbaycanlı gəncləri daha çox göndərirmişlər. Gəncin yaşının çatıb-çatmamasına, ailəli olub-olmamasına əhəmiyyət vermirmişlər. Usta Abdullanın oğlu Sayad bu haqsızlıqlara göz yuma bilmir, hərbi xidmətə getməmək üçün Göyçə mahalından uzaqlaşır. Həm kəndin “başbilənləri”, həm də erməni mənşəli hərbi komissarlıq işçiləri qocaman ustanı, şairi incidirlər, oğunu tapıb gətirməyi tələb edirlər. Artıq həyatının ahıllıq çağlarını yaşayan Usta Abdulla oğlunun axtarışı məqsədi ilə Göyçə mahalını tərk edərək Gəncəbasara gəlir, bir müddət qızı Gülüzün evində yaşayır. Ağır sovet rejimi ilə yanaşı müharibənin də törətdiyi aclıq, yoxsulluq, xəstəlik insanları qəm-qüssəyə düçar etmişdi. Hər kəs öz başının hayında, öz qara gününün qayğısında idi. Nə sənətə, sənətkara, nə də sözə, söz xiridarına əhəmiyyət verən, diqət göstərən qalmışdı. İnsanlar bir neçə dərdi eyni zamanda çəkirdilər: müharibəyə gedənlərin “öldü, itkin düşdü” xəbərləri, yaralı, şikəst qayıdanların çarəsiz durumu, iynə-dərmanın, paltarın yoxluğu.., ən vacibi bir tikə çörəyə möhtac qalmaq əndişəsi.
    Usta Abdulla, şair Abdulla bu ürəkdağlayan səhnələri görür, gördüklərini bədii sözə-qoşmaya, təcnisə, gəraylıya çevirib söyləyərmiş. Ancaq o söyləmələrin çoxunu nə yaddaşında saxlayan olurmuş, nə də bir dəftər küncünə köçürən. Sözə dəyər verilməyən bir zamanda, bir mühitdə sözdən təskinlik tapmaq, təsəlli almaq da çətindən çətindir.
    Arif məclisində qanan yanında
    Hər sözü dillərdə yayılan mənəm.
    Eşqin atəşidi yanan canımda,
    Qəza qamçısıyla döyülən mənəm.

    Taqət olmaz qəriblərin dizində,
    Mürvət olar mərd igidin özündə.
    Səksənində, doxsanında, yüzündə,
    Qəflət yuxusundan ayılan mənəm.

    Yatmış idim, bəxtim məni oyatdı,
    Qəzanın qədəri kəməndin atdı.
    Mahalım Göyçədi, sakinim Zoddu,
    Sənətkar Abdulla deyilən mənəm.

    Oğul axtarışıyla Göyçədən Gəncəyə gələn Sənətkar Abdulla qəm-qüssə içində gözlərini bu dünyaya əbədi olaraq yumur. Bu el sənətkarının dəfn mərasimi Allah Təalanın iradəsi ilə münasib şəkildə keçirilir. Bir müddət yeni ölənlərin “İmamzadə” qəbiristanlığında dəfn olunmasına qoyulan qadağa həmin ərəfələrdə aradan qaldırılır. Mağazalara bez, ağ parçalar, pambıq verilir. Usta Abdullanın dəfni üçün lazım olan əşyalar alınır və vəsiyyətinə uyğun olaraq “İmamzadə” qəbiristanlığında basdırılır. Məzarının hansı səmtdə olduğu bilinsə də, dəqiq yerini müəyyən etmək mümkün olmamışdır. Ruhu şad olsun!

    ***

    Zodlu Abdullanın yaradıcılığından dövrümüzə qədər gəlib çatan gəraylıları, qoşmaları, təcnisləri və divaniləri onun ustad bir söz sənətkarı, şirin ləhcəli bir el şairi olduğunu təsdiq edir. “Qarışar”, “Sanınca”, “Yaxşıdı” rədifli qoşmaları ustadnamə məzmunlu, mahiyyətli əsərlər kimi diqqəti cəlb edir. Xüsusən də “Harda mən” ustadnaməsi əxlaqi-didaktik əhəmiyyətə malik olan, insanları doğru yola dəvət edən, ləyaqətli yaşamağa səsləyən bir əsər kimi bu gün də el aşıqları tərəfindən məclislərdə oxunur:
    İnsan odur, fikirləşə, düz seçə,
    Kimnən gəzim, necə gəzim, harda mən?
    Uyğun ola yoldaşlarım özümə,
    Danışanda utanmayam orda mən.
    Şair təbli, romantik ruhlu adamların təbiətində, rəftar və hərəkətlərində bir qayda olaraq müəyyən qəribəliklər olur. Usta Abdulla varlı ilə kasıba fərq qoymayan, çox vaxt yoxsul insanların ehtiyaclarını ödəməyə çalışan, sözü üzə deməyi bacaran bir şəxs olmuşdur. “Mən” rədifli gəraylısında özünün xarakterik cizgilərini Zodlu Abdulla məharətlə yaratmışdır:
    Deyilənlər gerçəkdirmi,
    Doğrudanmı dəliyəm mən?
    İstəyirəm ağıllının
    İç üzünü əliyəm mən.

    İşləyirəm hər bir öydə,
    Mənə birdi kasıb, bəy də.
    Haqqım olsa daş da, zəy də,
    Hamısına bəliyəm mən.

    Mərhum folklorşünas İslam Ələsgər “Sazlı-sözlü Göyçə” kitabında yazır: “Usta Abdulla mollaxanada təhsil almışdır. O, Ələsgər ocağı ilə daim ünsiyyətdə olmuşdur.”
    Aşıq Ələsgərin qardaşı oğlu Növrəs İman tikdirdiyi evin dülgərlik işlərini görməyi Usta Abdulladan xahiş edir. Usta Abdulla N.İmanın evinin dülgərlik işlərini təmənnasız görür və bu hadisə ilə bağlı hər iki söz ustadı arasında “Əvəzində” rədifli bir deyişmə yaranır. Digər bir el şairi Həsən Xəyallı da Zodlu Abdullanın “Mənəm” rədifli qoşmasına cavab yazmışdır. “Varmı?” rədifli qoşmasında Aşıq Ələsgərin, Hacı Əliş ağanın, Səməd bəyin adlarının çəkilməsi, Göyçə mahalının yaxşılı-yamanlı çağlarının təsvir edilməsi də Usta Abdullanın bu mahalın ədəbi, ictimai mühiti ilə sıx bağlı olduğunu sübut edir.

    Minayə kimdir?
    Zodlu Abdullanın əldə olan əsərlərinin təhlili göstərir ki, o aşıq şeir şəkillərinin hər birində, o cümlədən də təcnisdə də maraqlı nümunələr yaratmağa qadir olmuşdur. “Leylinin qoluna nəştər yeridi, Məcnun qanı çöldə Leylini yazdı” kimi özünəməxsus deyim tərzinə malik olan Usta Abdullanın təcnisləri formalizmdən uzaqdır, fəlsəfi-didaktik mahiyyət daşıyan, estetik dəyəri olan əsərlərdir:
    Nəzər əyiləndə, iqbal yatanda,
    Qananı qanmaza a yazı belə.
    Kimin zimistanı novbahar keçər,
    Məni də yandırır a yazı belə.

    Usta Abdullanın bədii-estetik dəyərə malik olan, forma və məzmunun bir-birini tamamlayan əsərlərindən biri də “Minayə mənəm” rədifli təcnisidir. Bu təcnisin yaranmasının maraqlı tarixçəsi bu və ya digər dərəcədə müəyyən fərqlər olmaqla bu gün də ifaçı aşıqlar tərəfindən məclislərdə söylənilir, təcnisin özü kifayət qədər oxunur, dinlənir.
    Usta Abdulla Kəlbəcərdə Aşağı Ayrım binəsində bir evin tikintisində işləyən zaman Məşə(di) Vəlinin qızı Minayənin ağlı, kamalı, gözəlliyi haqqında olan söhbətləri eşidir, bu gəvə toxuyan, əlvan naxışlar vuran, tərifi dillərdə dolaşan el gözəlini görmək, onun bu tərifə nə qədər layiq olub-olmadığını bilmək istəyir. Diqqət yetirərək görür ki, kəndin qızları, gəlinləri kəndin ortasından axan novlu bulaqdan gündə iki dəfə- səhər-səhər və axşamüstü su aparırlar. Sözləşmiş adamlar kimi qızlar eyni vaxtda sənəklərini götürüb bulaq başına gəlir, deyə-deyə, gülə-gülə sənəklərini doldurub geri qayıdırlar.
    Yazın uzun, günəşli günlərinin birində qızların dəstə ilə bulaq başına getdiklərini görən Usta kərkini təzə tikilən evin üstünə atılan döşəmə ağaclarının üstünə qoyur, asta addımlarla bulağa doğru gəlir, qızlardan içmək üçün su istəyir. Qızlardan biri təzə qalaylı mis parçı su ilə doldurub Ustaya uzadır. Ustanın fikri, xəyalı isə Minayəni tanımaq, onu öz gözləri ilə görməkdir. Parçı əlinə alsa da, gözü qızların üzündə qaldığından suyu içə də bilmir.
    Dilli, dilavər qızlardan biri Ustanın kim olduğunu soruşanda özünü tamamilə itirən Abdulla beynində gəzdirdiyi düşüncələrin təsviri ilə dillənir:
    --Minayə.
    Qızlar qəh-qəh çəkib gülüşürlər, üzlərini Minayəyə tutub deyirlər:
    -Bu nədir ay qız? Sənin adını bu kişiyə də qoyublar?
    Minayənin bu qızlardan hansı olduğu Usta Abdullaya məlum olur. Dönüb Minayəyə baxır, qüsursuz gözəl olduğunu görür. Bu yad, nabələd kişinin adının onun adı ilə eyni olması Minayənin də təəccübünə səbəb olur. Bir anlıq yaranan sükutu Usta Abdullanın səsi pozur:
    Naqafil ölkənə düşdü güzarım,
    Ləhzədə oxunan min ayə mənəm.
    Günü-gündən artdı dərdim, azarım,
    Bir dəyqəsi dönən min ayə mənəm.
    Gözəl olduğu qədər də kamallı olan Minayə bu sözlərdən anladı ki, bu kişi başqa bir ölkədən-vilayətdən, mahaldan gəlibdir. Bu kişi söz adamıdır. Ləhzədə-bir anda, qısa bir zaman kəsiyində onun yüzlərlə, minlərlə şeiri oxunur, söylənilir, xalqın dilinin əzbəri olur. Bu kişi ilahi eşqə kökləndiyindən dərdi, azarı günbəgün artır, bir dəqiqəsi min ay qədər ağır, məşəqqətli keçir. Bu dünyada cismən olan bu şəxsin ruhu, könlü başqa dünyalarda cövlan edir.
    Sənətkar təcnisin növbəti bəndini söylədi:
    Musa Beytullaha min ayə vardı,
    Quranda oxunan min ayə vardı.
    Həcər nalə çəkdi Minayə vardı,
    İsmayıltək gələn Minayə mənəm.

    Atası Məşə(di) Vəlidən aldığı dərslər əsasında Minayə Sənətkarın dediyi bəndin mənasını yaxşıca anladı: Musa peyğəmbər təxminən 82-83 il ömür sürmüşdür ki, bu da min ay edir. Deməli, peyğəmbər ömür boyu Allaha doğru yaxınlaşmış və min ay ərzində Beytullaha-Allahın evinə “varmışdır” – yetmişdir. Qurandakı ayələrin sayının minlərlə olması da (altı min altı yüz) Minayəyə məlum idi. Bəs İbrahim peyğəmbərlə bağlı hadisələr, oğlu İsmayılı qurban deməsi, Həcərin çəkdiyi iztirablar? Bunları hər kəs bilir. Qurani-Kərimin “Bəqərə” surəsində deyilir: (Ya Rəsulum). Yadına sal ki, Biz evi (Kəbəni) insanlar üçün savab (ziyarətgah) və əmin-amanlıq yeri etdik. (Ey möminlər! Sizə də) “İbrahimin durduğu yeri (özünüzə) namazgah edin!” – (dedik). İbrahimə və İsmailə də “Evimi (Kəbəni) təvaf edənlər, orada qalıb həmişə ibadətdə olanlar rüku və səcdə ilə namaz qılanlar üçün (bütlərdən) təmizləyin! – deyə tövsiyə etdik. (125-ci ayə)”
    Sənətkar təcnisin sonuncu bəndini söyləyir:
    Abdulla da kəsməz dostdan ayağı,
    Piltə yanar, şölə verər a yağı.
    A bemürvət, a nainsaf, a yağı,
    Bəs niyə demirsən Minayə mənəm.
    Sənətkarın dediyi son bəndin də mənası Minayə ilə yanaşı qızların hər birinə aydın idi. Çıraqda yanan piltə olsa da, piltənin yanmağı da, şölə verməyi də yağın hesabına olur. İnsanın-şairin, aşığın da etibarı, sözünə vəfa etməsi ürəklə bağlıdır. Ürəkdən gələn söz ölmür, əbədi yaşamaq haqqı-hüququ qazanır.
    Qızlar Usta Abdulla ilə sağollaşıb ayrıldılar. Bu gözəl təcnisin səsi-sorağı aləmə yayıldı. Kəlbəcərin, Göyçənin saz-söz sənətkarları el şənliklərində bu şahanə əsəri oxudular, eldən-elə, obadan-obaya yaydılar.
    Dədə Ələsgərin səsli-avazlı şəyirdlərindən olan Aşıq Əsəd də bu təcnisi eşidir və bundan ilhamlanaraq “Minayəsənmi?” rədifli qoşmasını və Minayənin də dilindən “Minayə mənəm” rədifli cavab qoşmasını yazır.
    Qeyd: Bəzi ifaçı aşıqlar kiçik bir dastan şəklində bu əhvalatlara müəyyən qədər bəzək-düzək vurub danışırlar: Qonşuluqda Usta Abdullanın dülgərlik işi gördüyü, ev tikdiyi zaman Minayəni görür, onun gözəlliyi qarşısında özünü itirir, kərki ilə ayağını kəsir. Bu zaman da “Minayə mənəm” təcnisini deyir:
    Qeyd: Minayənin nəvə-nəticələri Kəlbəcər şəhərində yaşayırlar.
    *
    Zodlu Abdullanın şeirlərindən ayrı-ayrı nümunələr el aşıq və şairlərinə həsr olunmuş kitablarda çap olunmuşdur. Onun ədəbi irsi ilk dəfə jurnalist Rəşid Mehdiyev (Poladoğlu) tərəfindən toplanmış və 1976-cı ildə xalq şairi Hüseyn Arifin redaktorluğu ilə “Gənclik” nəşriyyatında çap olunmuşdur.
    2024-cü ildə isə professor İbadulla Ağayevin tərtib etdiyi və Qabil Zimistanoğlunun redaktoru olduğu “Zodlu Abdulla” kitabı işıq üzü görmüşdür. Kitaba İbadulla müəllim “Ön söz” yazmış, Qabil Zimistanoğlu isə “Mahalım Göyçədi, sakinim Zoddu” adlı təhlili xarakterli bir yazı daxil etmişdir.
    Bu il iyun ayının 29-da Göygöl Mədəniyyət evində kitabın təqdimatı keçirildi. Rayon ziyalılarının, aşıqların, müğənnilərin də iştirak etdiyi bu təqdimat mərasimini professor İ.Ağayev elə maraqlı, elə gözəl apardı ki, 4 saatlıq vaxtın necə gəlib keçdiyi hiss olunmadı.
    Tədbirdə Zodlu Abdullanın nəvəsi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Göygöl rayon Mədəniyyət Mərkəzinin direktoru Əminə Rəhimova babasının həyat və yaradıcılığı haqqında danışdı. AYB Gəncə bölməsinin üzvlərindən S.İbrahimli, A.Murovdağlı, bir neçə rayon ziyalısı, o cümlədən, bu sətirlərin müəllifi də çıxış etdilər, ürək sözlərini söylədilər.
    Zodlu Abdullanın əsərlərini Aşıq Nemət Qasımlı elmi əsasda tədqiqata cəlb etmiş və filologiya üzrə fəlsəfə doktoru elmi adı almışdır.

    Salman Qaralar(Balakişiyev)
    Şair, tədqiqatçı.
    18.07.2024-cü il


    Minayə dəyər
    “Minayə mənəm” təcnisinin
    müəllifi Zodlu Abdullaya ithaf.

    İyirmi üç ilə Rəsula gələn
    Kəsb etdi dünyada min ayə dəyər.
    Bir saata, günə dəyər verməyən
    Necə verə bilər min ayə dəyər?

    İmamlardı zəhər içən, ox udan,
    Haqq kəlamın oxu axşam, oxu dan.
    Musanı Haqq idi haqdan oxudan,
    İbrahim də verdi Minayə dəyər.

    Salman, çatar-çatmaz bir sözün ilə,
    Adla əsrləri bir söz, ün ilə.
    Ay Usta Abdulla, bir sözün ilə
    Gör necə qazandı Minayə dəyər.
    18.07.2024


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR