AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Britaniya və İrlandiya hava limanlarında uçuşlar məhdudlaşdırıldı – sistemdəki nasazlıq xaosa səbəb oldu

  • + A
  • - A
  • Bu gün, 22:08

    Britaniya və İrlandiya hava limanlarında uçuşlar məhdudlaşdırıldı – sistemdəki nasazlıq xaosa səbəb oldu

    Böyük Britaniya və İrlandiyanın bir sıra hava limanlarında uçuşlar hava hərəkətinin idarə edilməsi operatoru Nats-ın uçuş məlumatlarının emalı sistemində yaranan texniki nasazlıq səbəbindən ciddi şəkildə pozulub.

    BBC News-un məlumatına görə, problem Londonun Hitrou, Qatvik və Stansted hava limanları ilə yanaşı, East Midlands, Mançester, Belfast, Edinburq və Dublin hava limanlarına da təsir edib. Sərnişinlərə uçuşların gecikə və ləğv oluna biləcəyi barədə xəbərdarlıq edilib.

    Hitrou hava limanında günorta saatlarında uçuşlar müvəqqəti dayandırılıb. Daha sonra hava hərəkəti bərpa olunsa da, gün ərzində vəziyyət yenidən pisləşib. Hava limanının məlumatına görə, hazırda yalnız məhdud sayda təyyarənin havaya qalxmasına icazə verilir.

    British Airways artıq bir sıra qısaməsafəli reysləri ləğv edib və uzaqməsafəli uçuşlara üstünlük verib.
    Qatvik hava limanında da uçuşlarda ciddi pozuntular qeydə alınıb. Hava limanının əsas aviadaşıyıcısı olan EasyJet qeyri-sabit vəziyyət səbəbindən bəzi reyslərin ləğv edilə biləcəyini bildirib.

    Təyyarələrin havaya qalxması imkanlarının məhdudlaşdırılması enişlərə də təsir edib. Nəticədə Böyük Britaniyadan kənardakı bəzi hava limanlarından yola düşən təyyarələr təyinat məntəqəsində eniş edə bilmədiyi üçün uçuşlar həyata keçirə bilmir.

    Nats sistemdə yaranmış texniki problemin araşdırıldığını açıqlayıb. Mühəndislər nasazlığın aradan qaldırılması üzərində işləyirlər. Operator normal fəaliyyətin mümkün qədər tez bərpa olunması üçün bütün imkanlardan istifadə etdiyini bildirib və sərnişinlərdən yaranmış gecikmələrə görə üzr istəyib.
    Böyük Britaniyanın nəqliyyat naziri Heidi Alexander vəziyyətdən xəbərdar olduğunu və bunun sərnişinlər üçün nə qədər narahatedici olduğunu başa düşdüyünü deyib.

    Hava limanları sərnişinlərə səfərə çıxmazdan əvvəl uçuşlarının statusunu birbaşa aviaşirkətlərdən yoxlamağı tövsiyə edir.
    British Airways birbaşa əlaqə saxlamadığı sərnişinlərə uçuş planına uyğun olaraq hava limanına getməyi tövsiyə edib. Aviaşirkət baş verənlərin “tamamilə bizim nəzarətimizdən kənarda” olduğunu bildirib.

    Ryanair isə problemdən təsirlənən reyslərin sərnişinlərinə məlumat veriləcəyini açıqlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR