İsrail Hərbi Dəniz Qüvvələrinin komandanı Türkiyə və husiləri xəbərdar etdi

İsrail Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Eyal Harel Türkiyə və Yəməndəki husilərə xəbərdarlıq edib.
Harel bildirib ki, İsrail dənizdə fəaliyyət azadlığına hər hansı təhdidə imkan verməyəcək. Onun sözləri Aralıq və Qırmızı dənizlərdə gərginliyin artdığı bir vaxtda səslənib və İsrail mediası tərəfindən Türkiyə və husilərə yönəlmiş mesaj kimi qiymətləndirilib.
Hərbi Dəniz Qüvvələrinin zabitlərinin məzunetmə mərasimində çıxış edən Harel bildirib ki, “yeni dəniz reallığında artıq uzaq cəbhə anlayışı yoxdur”.
O qeyd edib ki, məsafə İsrailə meydan oxumaq niyyətində olan tərəflər üçün müdafiə vasitəsinə çevrilməyəcək. Komandanın sözlərinə görə, İsrail Hərbi Dəniz Qüvvələri ölkədən minlərlə kilometr uzaqda yerləşən rəqiblərə qarşı İsrail ordusunun güc tətbiq etməsini təmin etmək imkanına malikdir.
Aralıq və Qırmızı dənizlərdə qüvvələr balansını dəyişməyə çalışan tərəflərə müraciət edən Harel deyib:
“Biz onların hərəkətlərini görürük, izləyirik və buna hazırlaşırıq”.
Komandan vurğulayıb ki, İsrail Hərbi Dəniz Qüvvələri ölkənin dənizlərdə fəaliyyət azadlığının və strateji maraqlarının təhlükə altına düşməsinə imkan verməyəcək.
“Biz orada olacağıq – açıq və gizli şəkildə, harada tələb olunursa, məsuliyyətimizi və missiyamızı bütün mümkün vasitələrlə yerinə yetirmək üçün”, – deyə Harel bildirib.
Qeyd edək ki, Harel çıxışında Türkiyə və husilərin adını birbaşa çəkməyib. Lakin onun açıqlamaları Aralıq və Qırmızı dənizlərdə İsrailin təhlükəsizlik maraqları ətrafında artan gərginlik fonunda səslənib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.