AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ERKƏN NİKAHLAR QIZLARIN HÜQUQLARINA ZƏRBƏ VƏ İNKİŞAFLARI YOLUNDA BARİYERDİR

  • + A
  • - A
  • Bu gün, 16:05

    ERKƏN NİKAHLAR  QIZLARIN HÜQUQLARINA ZƏRBƏ VƏ İNKİŞAFLARI YOLUNDA BARİYERDİR

    Erkən nikah problemi təkcə bir ailənin, bir qız uşağının taleyini deyil, bütöv bir cəmiyyətin gələcəyini zədələyir. Təhsil almaq, inkişaf etmək, öz həyat yolu barədə sərbəst qərar vermək hər bir uşağın ən təməl hüququdur. Amma təəssüf ki, bəzi valideynlər və yaxın qohumlar bu hüquqları tapdalayaraq azyaşlı qızlarını məcburi şəkildə evliliyə sürükləyirlər. Nəticədə qız uşaqlarının uşaqlığı əllərindən alınır, gələcəkləri qaralır, cəmiyyət isə yeni sosial problemlərlə üz-üzə qalır.
    Təəssüf doğuran məqamlardan biri də budur ki, erkən nikaha sövq edilən qızlar üçün təşkil edilən toy mərasimlərinə qohum, qonşu, ailəyə yaxın adam kimi dəvət edilənlər arasında müləllimıər, hüquq-mühafizə işçiləri, həkimlər də olur. Cəmiyyətin laqeydliyi çox düşündürücü və məyusedicidir.


    Bu yazımızda Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Vəkil, Ümidli Gələcək təşkilatının nəzdində Yuvenal Ədliyyə Mərkəzinin hüquqşunası Rafiq Alışovla erkən nikahın yaratdığı fəsadlardan, qızların hüquqlarının pozulmasından və erkən nikahın qızların inkişaf yolunda yaratdığı bariyerlərə nəzər salmağa çalışacağıq.

    Mövzu ilə bağlı açıqlama verən hüquqşünas Rafiq Alışov bildirir ki, erkən nikahlar Azərbaycan cəmiyyətinin ən ağrılı sosial problemlərindən biridir. Onun sözlərinə görə, azyaşlı qızların evləndirilməsi həm hüquqi, həm də mənəvi baxımdan onların həyatını məhv edir:

    "Nikah yalnız qanunla müəyyən olunmuş yaşa çatmış şəxslər arasında rəsmiləşdirilməlidir. Əks halda bu, uşağın gələcəyinə vurulan ən böyük zərbədir.

    Qanunvericilik nə deyir?

    Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, nikah yaşı həm kişilər, həm də qadınlar üçün 18 yaşdır. Bu, ölkəmizin qoşulduğu BMT Uşaq Hüquqları Konvensiyasına da tam uyğundur. Konvensiyaya görə, 18 yaşına qədər hər kəs uşaq hesab olunur.

    Hüquqşünasın sözlərinə görə, qanun açıq şəkildə qadağan etsə də, bəzi bölgələrdə hələ də 14–15 yaşında qızların ərə verilməsi halları baş verir. Ən təhlükəlisi isə bu nikahların çox vaxt rəsmi qaydada qeydiyyata alınmamasıdır.


    Erkən nikahın fəsadları – uşaqlıqdan anaya çevrilən talelər


    Erkən nikah qızların həyatına saysız-hesabsız mənfi təsirlər göstərir.
    Mənfi təsirlərdən biri təhsildən yayınmadır. Əksər hallarda qız uşaqları məktəbi yarımçıq qoymağa məcbur edilir. Bu isə onların gələcək həyat imkanlarını məhdudlaşdırır.

    Azyaşlı qızların nikaha sövq edilməsi rəsmi qeydiyyatsız uşaqların doğulmaslna səbəb olir. Aydın məsələdir ki, nikah rəsmiləşdirilmədiyi üçün erkən nikahdan doğulan uşaqlar doğum şəhadətnaməsi ala bilmir, nəticədə məktəbə getmək hüququndan da məhrum olurlar. Belə ailələr dağılanda atalıq və aliment problemi də necə deyərlər, dərd üstünə dərd gətirir. Rəsmi nikah olmadığı üçün qız uşaqları və onların övladları aliment hüququndan istifadə edə bilmir.

    Bəzən erkən nikaha məcbur edirlən qızlar dərin psixoloji sarsıntılar keçirir. Məcburi nikah qızların ruhunda dərin izlər buraxır, intihara cəhd hallarına qədər gətirib çıxarır.

    Erkən nikahın sadaladıqca bitməyən fəsadlarından biri də qızların sağlamlıq riskidir. Həkimlərin sözlərinə görə, azyaşlı qızların erkən hamiləliyi onların sağlamlığına ciddi təhlükə yaradır, həm ana, həm də körpə üçün ağır nəticələrə səbəb olur.


    Erkən nikahlar - Cinayət, yoxsa inzibati məsuliyyət?

    Sevindirici haldır ki, son illərdə dövlət erkən nikahların qarşısını almaq üçün qanunvericiliyi sərtləşdirib.
    Cinayət Məcəlləsində 176-1-ci maddə nikaha məcbur etməni cinayət sayır. 2024-cü ildə əlavə olunmuş 176-2-ci maddə isə 16 yaşına çatmayan şəxsin erkən evliliyini təşkil edənlərə cəza nəzərdə tutur.

    İnzibati Xətalar Məcəlləsinə görə 16 yaşına çatmayanların evliliyi ilə bağlı sövdələşmə, erkən nikah mərasimlərinin təşkili və dini kəbin kəsilməsi inzibati məsuliyyət daşıyır.

    Hüquqşünas vurğulayır ki, qanunda cəzalar ağır olsa da, bəzi hallarda “gizli kəbin”lər hələ də davam edir. Bu isə hüquqi mexanizmlərin tətbiqində boşluqlar olduğunu göstərir.


    Valideyn məsuliyyəti – ən böyük yük ailələrin üzərindədir

    Ekspertin fikrincə, erkən nikahların əsas günahkarı çox vaxt valideynlərdir. Onlar qızlarını “qorumaq” və ya “ənənəni davam etdirmək” adı ilə uşaq yaşda evləndirməyə üstünlük verirlər. Halbuki bu, həm qızın gələcəyini əlindən alır, həm də ailə institutunu zəiflədir.

    "Valideynlər anlamalıdırlar ki, qız uşaqlarını məktəbdən uzaqlaşdırmaq, onların inkişafına mane olmaq – əslində valideynlik borcunun pozulmasıdır. Uşağı qorumaq yalnız onu evləndirməklə ölçülmür. Əksinə, onu elmə, təhsilə yönəltməklə qorumaq olar." – deyə hüquqşünas bildirir.


    Həll yolları hər zaman var – maarifləndirmə və təhsil

    Ümidli Gələcək təşkilatının nəzdində Yuvenal Ədliyyə Mərkəzinin hüquqşunası Rafiq Alışov hesab edir ki, təkcə qanunlarla mübarizə kifayət etmir. Erkən nikahların qarşısını almağın əsas yolu maarifləndirmədir:

    Məktəblərdə xüsusi maarifləndirici proqramlar keçirilməli;

    Valideynlər üçün maarifləndirici seminarlar təşkil olunmalı;

    Dini icmalar da bu prosesə qoşulmalı, erkən nikahın həm dini, həm də hüquqi baxımdan yanlış olduğu izah edilməlidir;

    Ən nəhayət, qız uşaqlarının təhsildən yayınmasına qarşı ciddi nəzarət mexanizmləri işləməlidir.

    Unutmayaq ki, erkən nikah – təkcə bir ailənin problemi deyil, bütün cəmiyyətin bəlasıdır. Qız uşaqlarının hüquqlarının pozulması həm onların, həm də ölkənin gələcəyini risk altına atır.

    Hüquqşünasın sözləri ilə desək:
    ]"Erkən nikah qızların uşaqlığını əlindən alır, onları zamanından əvvəl ana və evdar qadına çevirir. Bu, nə dinin, nə ənənənin, nə də insanlığın tələbidir. Cəmiyyət olaraq vətəndaş məsuliyyətimizi dərk etməli, hər bir uşağın təhsil və azad seçim hüququnu qorumalıyıq."

    Yazımın sonunda xarici dövlətlərin erkən nikahla mübarizə təcrübəsinə diqqət ayırmaq istəyirəm. Vətəndaş Cəmiyyəti olaraq xarici təcrübələri öyrənməli, gələcək layihələrimzdə faydalı olanları tətbiq etməliyik.

    Avropada əksər dövlətlərdə nikah yaşı 18 olaraq müəyyənləşdirilib. Qanun pozulduqda ciddi cəzalar tətbiq olunur.

    İsveç, Norveç, Almaniyada azyaşlıların evliliyi tamamilə qadağandır, hətta başqa ölkədə bağlanan belə nikahların tanınmaması qanunla təsbit olunub.

    Böyük Britaniyada 2022-ci ildən etibarən 18 yaşına çatmamış hər hansı nikah, hətta valideyn razılığı ilə olsa belə, cinayət sayılır.

    Türkiyədə nikah yaşı qadın və kişi üçün 18-dir. 17 yaşında yalnız məhkəmə qərarı ilə nikah mümkündür. Qanunsuz erkən nikah hallarında valideyn və dini nikah kəsən şəxslər məsuliyyətə cəlb olunur. Dövlətin “Qızlar oxusun” və “Kız çocuklarının güçlendirilmesi” adlı maarifləndirici proqramları da var.

    Bir çox müsəlman ölkələrində nikah yaşı 18 olsa da, təəssüf ki, bəzi yerlərdə bu hələ də aşağıdır.

    Mərakeşdə nikah yaşı 18 olsa da, bəzi hallarda hakim qərarı ilə 16 yaşda evliliyə icazə verilir. Bu, tənqid olunur və ölkədə müzakirə mövzusudur.

    İran və Yəmənin bəzi bölgələrində hələ də çox aşağı yaşda nikah halları müşahidə olunur. Beynəlxalq təşkilatlar bu ölkələrdə aktiv maarifləndirmə kampaniyaları aparır.

    Afrikanın bəzi ölkələrində (Niger, Çad, Mali) erkən nikahların faizi çox yüksəkdir. UNICEF və UNFPA (BMT-nin Əhali Fondu) burada xüsusi layihələr həyata keçirir. Qızların məktəbdə saxlanılması üçün təqaüdlər verilir, valideynlərə maddi dəstək proqramları hazırlanır.

    ABŞ-da bəzi ştatlarda 16–17 yaşında valideyn icazəsi və məhkəmə qərarı ilə nikah mümkündür. Amma 18-dən aşağı yaşda nikah hallarının tamamilə qadağan edilməsi ilə bağlı geniş müzakirələr gedir.

    Kanadada isə nikah yaşı bütün ölkə üzrə 18 və ya 19-dur (əyalətdən asılı olaraq). 16 yaşında nikah yalnız məhkəmə icazəsi ilə mümkündür.

    Dünyanın əksər ölkələri anlayır ki, erkən nikah qızların təhsilini və inkişafını məhdudlaşdırır, yoxsulluğu artırır və cəmiyyətin inkişafına mane olur. Ona görə də Qanunvericilik sərtləşdirilir (yaş həddi 18, istisnalar minimuma endirilir), maarifləndirmə kampaniyaları aparılır (xüsusilə valideynlər və kənd yerlərində), qızların təhsilinə dəstək verilir (təqaüd proqramları, sosial yardımlar).


    Xarici təcrübədən öyrəniləcək məqamlar və Azərbaycana tövsiyələr

    Erkən nikah problemi ilə mübarizədə dünyanın müxtəlif ölkələrinin təcrübəsi göstərir ki, yalnız qanunların sərtləşdirilməsi kifayət etmir. Cəmiyyətin maarifləndirilməsi, qızların təhsildə saxlanılması və valideynlərin məsuliyyət hissinin artırılması da vacibdir. Azərbaycan üçün də bu istiqamətdə bəzi tövsiyələr aktuallıq kəsb edir:

    1. Qanunların icrasına nəzarətin gücləndirilməsi

    Avropa ölkələrində olduğu kimi, erkən nikahların gizli şəkildə həyata keçirilməsinin qarşısı alınmalıdır. Dini nikah yalnız rəsmi nikahdan sonra icazəli olmalıdır. Bu sahədə monitorinqlər artırıla bilər.

    2. Maarifləndirici proqramlar

    Türkiyənin təcrübəsində olduğu kimi, xüsusi sosial kampaniyalar (“Qızlar oxusun” tipli) təşkil olunmalıdır. Qız uşaqlarının təhsilini davam etdirməsinin vacibliyi təkcə məktəblərdə deyil, kənd icmalarında da təbliğ edilməlidir.

    3. Maliyyə dəstəyi və sosial layihələr

    Afrika ölkələrindəki kimi, aztəminatlı ailələrin qızlarının təhsildə qalması üçün təqaüd və dəstək proqramları işlənə bilər. Çünki bəzi valideynlər maddi çətinlik üzündən qızlarını məktəbdən çıxarır.

    4. Psixoloji və hüquqi dəstək mərkəzləri

    ABŞ və Kanadada olduğu kimi, azyaşlıların hüquqlarını müdafiə edən “qaynar xəttlər” və psixoloji dəstək mərkəzləri bütün bölgələrdə yaradılmalıdır. Erkən nikaha məcbur edilən qızlar üçün etibarlı sığınacaqların mövcudluğu çox önəmlidir.

    5. Dini icmalarla əməkdaşlıq

    Mərakeş və digər müsəlman ölkələrinin təcrübəsində olduğu kimi, dini liderlərin də prosesə qoşulması vacibdir. Din xadimləri açıq şəkildə bildirməlidir ki, erkən nikah nə dini baxımdan, nə də mənəvi baxımdan doğru deyil.

    6. Təhsil – ən güclü vasitə

    Bütün beynəlxalq təcrübə göstərir ki, erkən nikahların qarşısını almağın ən təsirli yolu qızların təhsildən yayınmasının qarşısını almaqdır. Məktəbə davamiyyət ciddi izlənməli, valideynlər buna görə məsuliyyət daşımalıdır.

    Xarici ölkələrin təcrübəsi sübut edir ki, erkən nikahlarla mübarizə yalnız dövlətin yox, bütün cəmiyyətin birgə işi olmalıdır. Azərbaycanda da həm qanunların sərt icrası, həm valideynlərin məsuliyyətinin artırılması, həm də maarifləndirmə tədbirləri paralel şəkildə həyata keçirilsə, bu problemin qarşısını xeyli dərəcədə almaq olar.
    Vətəndaş Cəmiyyəti nümayəndələri də davamlı olaraq bu istiqamətdə dəstəyini əsirgəməməlidir. Ölkə rəhbəri, Müzəffər Ali Baş Komamdan İlham Əliyevin qeyd etdiyi kimi, "Biz birlikdə güclüyük!"

    Pərvanə Fərhadqızı
    Yazı "Ailə və Uşaqlara Sosial Dəstək" İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi çərçivəsində dərc edilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR