04 oktyabr 2025-ci il tarixində Nərimanov rayonu, Ağa Nəmetulla küçəsi 22 ünvanında yerləşən Montin otelində İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi tərəfindən “Narkotik istifadəsinə qarşı seminar-treninqlərin təşkili” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. İcra müddəti 4 ay olan (01.06.2025–30.09.2025) layihə Bakı şəhərinin Yasamal, Nəsimi, Səbael, Nərimanov, Binəqədi rayonları və Abşeron rayonunun Mehdiabad, Saray, Xırdalan qəsəbələrində təşkil olunur.
Layihənin əsas məqsədi yeniyetmə və gənclərin maarifləndirilməsi yolu ilə narkomaniyaya qarşı mübarizəyə təşəbbüs göstərmək, onların zərərli vərdişlərdən uzaq durmasına töhfə verməkdir.
Nərimanov rayonunda keçirilən tədbirdə 20 nəfər iştirak edib. Tədbiri təşkilatın sədri Səltənət Qocamanlı açaraq iştirakçıları salamlayıb, belə bir vacib sosial təşəbbüsə dəstək verdiyinə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib. O, narkomaniyanın cəmiyyət üçün ağır bir sosial problem olduğunu, bu sahədə maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb.
Daha sonra layihənin təlimçisi, həkim-narkoloq, doktorant Ayxan Bağırov çıxış edərək iştirakçılara aşağıdakı mövzular barədə geniş məlumat verib:
Narkomaniya ilə bağlı əsas anlayışlar;
İnsanların asılılıq tələsinə necə düşməsi;
Narkotiklərdən asılılığın yaranma səbəbləri;
Narkomaniyanın törətdiyi fəsadlar;
Narkotik istifadəsi zamanı iynədən yoluxa bilinəcək xəstəliklər;
Narkomaniya ilə mübarizə yolları;
Asılılıqdan əziyyət çəkən şəxslərin müalicə prosesi.
Təlimin interaktiv hissəsində iştirakçılar dörd qrupa bölünərək qrup tapşırıqlarını yerinə yetiriblər. Hər qrupdan bir nəfər təqdimatla çıxış edib.
Tədbirin sonunda iştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil olunub, həmçinin foto və video çəkiliş aparılıb.
Bu cür maarifləndirici tədbirlər gələcəkdə də davam etdiriləcək və gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində mühüm rol oynayacaq.
Fotolar