Masallıda şəhidlərin anım günləri çərçivəsində millət vəkili Məşhur Məmmədovun növbəti ziyarəti Mahmudavar inzibati ərazi dairəsində baş tutub. İnzibati ərazi dairəsinə daxil olan Mahmudavar, Mololon və Rüdəkənar kəndlərində millət vəkili bir sıra ziyarət və görüşlər keçirib.
Əvvəlcə Mahmudavar kəndində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış büst ziyarət olunub, ulu öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri ehtiramla yad edilib.
Daha sonra I və II Qarabağ müharibələrində şəhid olmuş qəhrəmanların məzarları və Şəhidlərin xatirə kompleksi ziyarət edilib. Şəhidlərin ruhuna dualar oxunub, məzarlarına gül dəstələri düzülərək onların əziz xatirəsi ehtiramla anılıb.
Millət vəkili Məşhur Məmmədov şəhid ailələri ilə də görüşüb, onların qayğı və müraciətlərini dinləyib. Deputat bildirib ki, şəhid ailələrinin daim diqqət və qayğı ilə əhatə olunması, hər bir müraciətin dinlənilməsi və həllinə dəstək göstərilməsi onun fəaliyyətinin əsas istiqamətlərindəndir.
“Şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Torpaqlarımızın işğaldan azad edilməsi və həmin torpaqlarda aparılan abadlıq-quruculuq işləri şəhid ailələri üçün həm təsəlli, həm də qürur mənbəyidir,” – deyə Məşhur Məmmədov vurğulayıb.
Millət vəkili qeyd edib ki, şəhid ailələri ilə görüşlər, şəhid məzarlarının və xatirə komplekslərinin ziyarəti gələcəkdə də davam etdiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.