AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

RƏQƏMSAL MÜHİTDƏ DƏYƏRLƏRİN QORUNMASI HƏR BİRİMİZ ÜÇÜN PRİORİTET OLMALIDIR

  • + A
  • - A
  • Dünən, 14:27

    RƏQƏMSAL MÜHİTDƏ DƏYƏRLƏRİN QORUNMASI HƏR BİRİMİZ ÜÇÜN PRİORİTET OLMALIDIR

    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı


    Rəqəmsal mühitdə informasiya artıq sadəcə xəbər deyil, gücdür. Bu güc cəmiyyətin düşüncə tərzini formalaşdırır, ictimai rəyə təsir edir və qərarvermə proseslərini istiqamətləndirir. Xüsusilə Facebook, X, Tik-tok və YouTube kimi platformalar informasiyanın yayılma sürətini görünməmiş dərəcədə artırıb. Artıq bir xəbər saniyələr içində milyonlarla insana çata bilir və bu, həm böyük imkanlar, həm də ciddi risklər yaradır. İnformasiyanı idarə edənlər ictimai gündəmi müəyyənləşdirmək gücünə sahib olur. Buna görə də rəqəmsal savadlılıq və tənqidi düşüncə müasir dövrün ən vacib bacarıqlarından birinə çevrilib.
    Əgər ötən əsrdə ictimai rəy əsasən ənənəvi media vasitəsilə yönləndirilirdisə, bu gün sosial media və televiziya paralel şəkildə cəmiyyətin düşüncə tərzinə, həyat seçimlərinə və dəyər sisteminə təsir göstərir. Bu baxımdan tərəqqi dövründə məsələ təkcə texnologiyanın inkişafı deyil, həmin texnologiyanın hansı məqsədlə və necə istifadə olunmasıdır.
    Sosial media müasir dövrdə geniş imkanlar yaradır. Vətəndaşlar öz fikirlərini sərbəst ifadə edir, təşəbbüslər irəli sürür, ictimai proseslərdə aktiv iştirak edirlər. Maarifləndirici layihələr, sosial kampaniyalar və vətəndaş təşəbbüsləri sosial platformalar vasitəsilə daha sürətlə auditoriyaya çatır.
    Reallıq ondan ibarətdir ki, sosial medianın təqdim etdiyi sərhədsiz azadlıq bəzən məsuliyyətsizliklə müşayiət olunur. Heç bir ictimai dəyər daşımayan, yalnız diqqət və maddi qazanc məqsədi güdən paylaşımlar, süni qalmaqallar və etik çərçivəni aşan davranışlar xüsusilə yeniyetmə və gənclərin psixologiyasına mənfi təsir göstərir. Asan qazanc və “məşhurluq” kultunun təşviqi zəhmət, bilik və peşəkarlıq anlayışlarını kölgədə qoyur.
    Eyni tendensiya təəssüf ki, bəzən televiziya məkanında da müşahidə olunur. Reytinq naminə ailə dəyərlərinə zidd mövzuların qabardılması, şəxsi həyatın ifrat şəkildə ictimailəşdirilməsi, qalmaqal üzərində qurulan verilişlərin artması cəmiyyətin mənəvi mühitinə mənfi təsir göstərir. Televiziya yalnız əyləncə vasitəsi deyil, həm də tərbiyəvi və maarifləndirici missiya daşıyan ictimai platformadır. Reytinq uğrunda aparılan rəqabət milli-mənəvi dəyərlərin arxa plana keçməsinə səbəb olmamalıdır.
    Xüsusilə gənc nəslin formalaşması prosesində media nümunəvi rol oynamalıdır. Efir məkanında zorakılığın, kobud davranışın, qeyri-etik ifadələrin normallaşdırılması qəbuledilməzdir. Televiziya kanalları və rəqəmsal platformalar cəmiyyət qarşısında sosial məsuliyyət daşıdıqlarını unutmamalıdırlar.
    Milli kimliyin, ana dilinin saflığının, ailə institutunun və mədəni irsin qorunması həm sosial mediada, həm də televiziya proqramlarında prioritet olmalıdır. Media savadlılığının artırılması, valideyn nəzarət mexanizmlərinin gücləndirilməsi və ictimai qınaq institutunun formalaşdırılması bu istiqamətdə mühüm rol oynaya bilər.
    Nəticə etibarilə, sosial media da, televiziya da vasitədir. Bu vasitənin cəmiyyətə fayda və ya zərər gətirməsi isə onu idarə edənlərin və ondan istifadə edənlərin məsuliyyətindən asılıdır. Əgər informasiya məkanında sağlam dəyərlər üstün tutulsa, həm rəqəmsal platformalar, həm də televiziya milli inkişafın və mənəvi tərəqqinin aparıcı qüvvəsinə çevrilə bilər. Əks halda isə reytinq və baxış sayı naminə atılan addımlar uzunmüddətli perspektivdə ictimai şüurun aşınmasına gətirib çıxara bilər. Odur ki, hər birimiz üçün rəqəmsal mühitdə dəyərlərin qorunması prioritet olmalıdır. Sonra gec ola bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR