AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

WUF13 çərçivəsində “Təhlükəsiz və Dayanıqlı Şəhərsalma” mövzusunda beynəlxalq Zoom konfransı keçirilib

  • + A
  • - A
  • Bu gün, 17:06

    WUF13 çərçivəsində “Təhlükəsiz və Dayanıqlı Şəhərsalma” mövzusunda beynəlxalq Zoom konfransı keçirilib


    9 May 2026-cı oldə “Qadınlar və uşaqlar üçün şəhər inkişafı şəraitində dayanıqlı və təhlükəsiz şəhərsalma” mövzusuna həsr olunmuş beynəlxalq Zoom konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində təşkil olunub.
    Konfrans “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin və Qazaxıstan tərəfdaş Almaty Azamattyq Alliance Association birgə əməkdaşlığı ilə reallaşdırılıb və 2026-cı ildə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhər Forumu (WUF13) çərçivəsində planlaşdırılan fəaliyyətlərin ilkin mərhələsini təşkil edib.
    Tədbir zamanı qadın və uşaqların təhlükəsizliyi, inklüziv şəhər mühiti, dayanıqlı inkişaf, ictimai məkanların əlçatanlığı və şəhərsalma prosesində insan mərkəzli yanaşmalar kimi aktual mövzular müzakirə olunub. Konfransda Azərbaycan və Qazaxıstandan olan qeyri-hökumət təşkilatlarının nümayəndələri, ekspertlər, vətəndaş cəmiyyəti institutları və müxtəlif sahələr üzrə mütəxəssislər daxil olmaqla ümumilikdə 47 iştirakçı iştirak edib.
    Konfrans çərçivəsində beynəlxalq ekspert, dayanıqlı inkişaf və kommunikasiya üzrə mütəxəssis, şəhərsalma üzrə IVLP (Beynəlxalq Ziyarətçi Liderlik Proqramı) proqramının məzunu Liya Bayramova “Təhlükəsizlik inklüziv şəhərin təməlidir” mövzusunda çıxış edib. Ekspert qeyd edib ki, müasir şəhər mühitinin keyfiyyəti birbaşa olaraq uşağın “azadlıq radiusu”ndan və onun böyüklərin daimi nəzarəti olmadan ətraf mühiti təhlükəsiz şəkildə araşdırmaq imkanından asılıdır. Beynəlxalq uğurlu təcrübələrə əsaslanaraq, Liya Bayramova qapalı oyun meydançaları konsepsiyasından uzaqlaşaraq “Care-full city”(qayğıkeş şəhər) modelinin formalaşdırılmasını təklif edib. Bu yanaşmada taktiki urbanizm və düzgün şəhər planlaşdırılması küçələri və ictimai məkanları hər kəs üçün daha əlçatan və təhlükəsiz edir.
    Ekspertin çıxışında vurğulanıb ki, uşaqların təhlükəsizliyinə qoyulan investisiyalar yalnız humanitar prioritet deyil, həm də şəhərlərin insan kapitalını qoruyan və sağlam cəmiyyət formalaşdıran mühüm iqtisadi yanaşmadır.
    Blockchain və süni intellekt üzrə ekspert Emin Əliyev isə çıxışında müasir texnologiyaların şəhər məkanının transformasiyasındakı rolundan bəhs edib. Təqdimatda süni intellekt (AI) və Əşyaların İnterneti (IoT) kimi innovativ texnologiyaların şəhər təhlükəsizliyinin təmin edilməsində yaratdığı yeni imkanlar diqqətə çatdırılıb. Ekspert bildirib ki, müasir yanaşmalar artıq hadisələrə passiv reaksiya modelindən proaktiv təhlükəsizlik modelinə keçidi mümkün edir. Ağıllı sistemlər real vaxt rejimində kömək siqnallarını və stress vəziyyətini göstərən səs indikatorlarını müəyyən etməklə risklərin qarşısının əvvəlcədən alınmasına şərait yaradır.
    Professor Aynur Sabitova çıxışında şəhərlərə yeni məskunlaşan insanların, xüsusilə miqrantların şəhər mühitinə uyğunlaşması, sosial inteqrasiya və yeni ictimai dəyərlərin formalaşması məsələlərinə toxunub. O qeyd edib ki, inklüziv şəhər modeli yalnız fiziki təhlükəsizliklə məhdudlaşmır, eyni zamanda müxtəlif sosial qrupların şəhər həyatında bərabər iştirakını və özlərini təhlükəsiz hiss etmələrini təmin etməlidir.
    Konfransda vurğulanıb ki, innovasiyaların şəhər planlaşdırılmasına inteqrasiyası yalnız müəyyən həssas qrupların qorunmasına deyil, bütövlükdə daha inklüziv, açıq və rahat şəhər mühitinin yaradılmasına xidmət edir. Şəhər ən həssas sakinləri üçün təhlükəsiz və əlçatan olduqda, o avtomatik olaraq bütün insanlar üçün daha rahat və yaşana bilən məkana çevrilir.
    Bugünkü Zoom görüşü layihənin fəaliyyət planı çərçivəsində həyata keçirilən ilk tədbirlərdən biri olub. Layihə çərçivəsində gələcək mərhələlərdə Azərbaycan Milli QHT Forumu ilə birgə canlı tədbirlərin, ekspert müzakirələrinin və WUF13 zamanı Bakıda keçiriləcək yekun genişmiqyaslı tədbirin təşkili nəzərdə tutulur.
    Bütün təşəbbüslər BMT-nin UN-Habitat proqramı çərçivəsində keçiriləcək WUF13 beynəlxalq forumuna həsr olunub. Forum zamanı qadınlar və uşaqlar üçün təhlükəsiz şəhər inkişafı, dayanıqlı urbanizasiya və inklüziv şəhər mühiti məsələləri əsas müzakirə mövzularından biri olacaq.

















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR