Zakir Sadatlının 65 yaşına
..51 yaşında sevgidən, nifrətdən doyub bu işıqlı dünyaya vida elədin Zakir Sadatlının sağlığında üzünü də görməmişdim. Onun dünya ilə tanışlığı Qədim Muğanın “paytaxtı” kimi tanınmış Həməşaranın Sadatlı yurdundan başlamışdı. Gözüylə, sözüylə dünyanın istəklərini dönə-dönə vərəndaz eləyib, içindən qopan haraya sözlə sığal verə-verə “Karvan” adlı ilk şeiri ilə ədəbiyyat yolçuluğuna çıxmışdı.
“Şair sözü boyda olur” deyən Zakir Əfqanıstan müharibəsinin od – alovunda keçmiş, birinci Qarabağ müharibəsində döyüşmüşdü... Özünü (əslində Vətəni -N.Ə.) naşı əlində qırılmış simə bənzədən, millətin “Doğmalıqda ögeylik”dərdi Zakirin iç dünyasında boy atıb böyüyürdü...
Bir-birinə caladığı siqraretə dərin qüllab vurub içinə dolu tüstü ilə yarımçıq ahlar çəkə-çəkə Yunis Əmrənin öz zamanəsində söylədiyi “əməksiz zəngin olanın kitabsız bilgin olanın, sərmayəsi din olanın, rəhbəri şeytan olmuşdur”deyimindəki canlı obrazlarla XX əsrdə üzləşmişdi. Bəlkə elə buna görə də Adəmdən üzü bəri “Gündoğandan-günbatana” (TV-dəki layihələrdən biri belə adlanırdı) dünya və insan həyatındakı bütün aldanışlarda şeytanı suçlayırdı:
Daha adamları sevib qurtardım,
Sevgidən, nifrətdən doydum, İlahi.
Üstündən ah çəkdim bir iki qullab
Onu da yarımçıq qoydum, İlahi.Xalis türk dilinin bayraqdarı Yunus Əmrənin mənəvi varisi, həm qələm adamı, həm də İNSAN kimi dostlarının yaddaşında “QAĞA” kimi qalmış Zakir Sadatlı öz taleyi ilə barışmışdı, bu fani dünyanın hər üzünə bələd olub, adamlarını gözü ilə hövsəyib saf-çürük eləmişdi:
Adamlar içini xaraba qoyub,
Uçuq divarların dibiynən gedir.
Hərə öz başına bir noxta salıb
Bir zatı qırığın ipiynən gedir...Zatıqırıqlar dünyanın hər yerində peyda olub - kimi din pərdəsi, kimi siyasətçi kimi insan qanı tökürdü.
Otlar ac qarına çıxır torpaqdan
Sular birnəfəsə yürüyüb gedir.
Ağac basdırırsan göyərib çıxır,
Adam basdırırsan çürüyüb gedir...Yer üzündəki insanları səfalət içində saxlamaqdan həzz alıb, onları yerindən-yurdundan didərgin salanların Allahlıq iddiasına düşdüyünə şahid olan Zakirin içi Yaradanın halına göyüm-göyüm göynəyirdi:
Başın qarışıqdı başına dönüm,
Küfr olar, desəm ki, işin-gücün yox,
Səndən bəndələrin çörək istəyir,
Sən olan yerdə də əkin-biçin yox...Deyirlər vaxt DƏRDLƏRİ müalicə edir, amma Vaxtın və Zamanın dünyada silsilə şəklində davam edən və Buz çatına bənzəyən Tantal iztirablarına zərrə qədər də aidiyyarı yoxdur!
İlahi, səni də dişimə vurdum
Yerdən göy çağırmaz, göydən yer məni
İlahi, sən mənə yiyə durmadın,
Dədəmə, nənəmə apar ver məni!Bu misraları oxuyarkən uzaqlardan dünyaca məşhur ozan Araz Elsəsin sədasını eşitdim: "Nənəmiz Boz qurddur bizim, Dədəmiz Qorquddur bizim, Yarımız Türk yurdu bizim, Min illərin aşiqiyik!" Görəsən bu dünyanın iztirablarından bezənlər niyə son anda DƏDƏ-NƏNƏ Ruhuna sığınırlar?!
"Əfqanıstan uçurumu"ndan salamat çıxan, Qarabağ savaşçısının ömrünü amansız xəstəliyin yeyib- bitirəcəyinə adamın inanmağı gəlmir... Zakir dünyada zatıqırıqların ucbatından baş verən müharibələrdə üst-üstə yığılan əsgər cəsədləri də görmüşdü, kütləvi insan məzarlıqlarını da... Görünür, Zatıqırıqların gözdən saldığı bu dünyada Ölüm – bizə vəd olunan kimi deyilmiş: Cənnəti də, cəhənnəmi də əslində elə bu dünyanın adamları özləri yaradırmış...
Ruhuna ehtiramla
Nurəddin ƏDİLOĞLU
15.05.26.