AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yaddaşlarda yaşayan insan - Tofiq Rüstəmov-90

  • + A
  • - A
  • Dünən, 23:24

    Yaddaşlarda yaşayan insan - Tofiq  Rüstəmov-90


    Azərbaycan jurnalistikasının tarixində elə insanlar var ki, onların adı yalnız elmi fəaliyyəti, tutduğu vəzifələr və qazandığı uğurlarla deyil, insanlara bəxş etdiyi mərhəmət, qayğı və xeyirxahlıqla yaşayır. Belə ziyalılardan biri də görkəmli alim, ictimai xadim, uzun illər jurnalistika fakültəsinin dekanı olmuş Tofiq Rüstəmov idi. Bu il onun anadan olmasının 90 ili tamam olur. O, 1998-ci ildə dünyasını dəyişsə də, onu tanıyanların yaddaşında nəcib və işıqlı insan kimi yaşayır.
    Tofiq müəllim Azərbaycan jurnalistikasına bütöv bir ömür sərf etmiş ziyalılardan idi. O, Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində on ildən artıq çalışmış, burada məsul vəzifələr daşımış, eyni zamanda partiya təşkilatının sədri olmuşdu. Çalışdığı hər kollektivdə öz prinsipiallığı, dürüstlüyü və yüksək mənəvi keyfiyyətləri ilə seçilmişdi. Onu yaxından tanıyanlar yaxşı bilirdilər ki, Tofiq müəllim üçün vəzifə heç vaxt üstünlük vasitəsi olmayıb. O, insanlara kömək etməyi özünün mənəvi borcu hesab edirdi.
    Ancaq Tofiq Rüstəmovun ən böyük xidmətlərindən biri gənc jurnalistlərə göstərdiyi qayğı idi. O, tələbələrini sadəcə auditoriyada dərs alan gənclər kimi yox, gələcəyin söz adamları, milli mətbuatın davamçıları kimi görürdü. Hər bir tələbənin taleyi ilə maraqlanır, onların uğurlarına sevinir, problemlərinə həssaslıqla yanaşırdı.

    Mənim də həyatımda Tofiq müəllimin silinməz izi var.

    Jurnalistika fakültəsində oxuduğum illərdə iş tapmaqda çətinlik çəkirdim. Qiyabi təhsil alırdım. Gənclik illərinin o qayğılı günlərində ümidsizliyə qapılmışdım. Hətta qərara gəlmişdim ki, fakültəmi dəyişib başqa sahəyə keçim. Bu fikirlə Tofiq müəllimin yanına getdim. Ona jurnalistikadan ayrılmaq istədiyimi deyəndə, üzümə diqqətlə baxdı və sakit, amma qətiyyətli səslə dedi:

    — Sən artıq respublikada tanınan jurnalistsən. Sən buraya jurnalistliyi öyrənmək üçün yox, diplom almaq üçün gəlmisən. Mən razı ola bilmərəm, qoymaram sən jurnalistikadan gedəsən...
    Bu sözlər mənim üçün təkcə bir dekanın tövsiyəsi deyildi. Bu, bir müəllimin tələbəsinə inamı, etibarı və mənəvi dəstəyi idi.
    Tofiq müəllim bununla da kifayətlənmədi. O dövrün Mərkəzi Komitəsinin ( indi Prezident Aparatı) Humanitar məsələlər üzrə şöbənin müdirinə zəng etdi və dedi:
    — Mən heç bir tələbəm haqqında sizə zəng etmərəm. Ancaq bir tələbəmiz var, o buraya jurnalistliyi öyrənmək üçün yox, diplom almaq üçün daxil olub, hazır jurnalistdir. Bu qız çox istedadlı tələbəmizdir. Onun işlə təmin olunmasına kömək etmək lazımdır...
    Məhz onun qayğısı və dəstəyi sayəsində mən işə düzəldim. Bu gün də sevdiyim jurnalistika peşəsində çalışmağımda, Respublikanın Əməkdar jurnalisti fəxri adını daşımağımda Tofiq müəllimin böyük payı var. İllər keçsə də, onun həmin gün mənə göstərdiyi diqqəti, qayğını və inamı unutmuram.
    Tofiq Rüstəmov çox həyalı və ismətli insan idi. Danışanda yanaqları qızarardı. Bu xüsusiyyət onun nə qədər saf və təmiz qəlbli olduğunu göstərirdi. O, səmimi, mehriban, təvazökar insan idi. Onun otağına girən hər kəs oradan ümid və xoş duyğularla çıxardı. Çünki Tofiq müəllim insanlara yuxarıdan baxmırdı, onları dinləməyi və anlamağı bacarırdı.
    Böyük ziyalıların əsl böyüklüyü onların insanlara münasibətində görünür. Tofiq müəllim də məhz belə insanlardan idi. O, nəinki jurnalistika elmində, həm də insanlıq məktəbində müəllim idi.
    Bu gün onun 90 illiyi qeyd olunarkən, onu tanıyanların qəlbində yalnız xoş xatirələr yaşayır. Tofiq Rüstəmov ömrü boyu tutduğu vəzifələrdən daha çox, etdiyi yaxşılıqlarla insanların yaddaşında qaldı. Çünki insanı yaşadan yalnız adı deyil, onun xeyirxah əməlləridir.
    İllər keçir, nəsillər dəyişir. Amma bəzi insanlar zamanın fövqündə dayanırlar. Tofiq Rüstəmov da məhz belə insanlardan idi — ziyalılığı, sadəliyi, insanpərvərliyi ilə yaddaşlarda yaşayan bir ömür sahibi.
    Onun haqqında ən doğru söz isə bəlkə də budur:
    Tofiq müəllim yaxşı insan idi. Çox yaxşı insan...

    Şəmsiyyə Kərimova,
    Əməkdar jurnalist


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR