Bəzən bir gəncin taleyini cəmi bir qərar dəyişir. Kimisi ailəsindən kilometrlərlə uzaqda təhsil almağa məcbur qalır, kimisi isə maddi çətinliklər, sağlamlıq problemləri və ya ailə vəziyyətinə görə təhsil aldığı şəhəri dəyişmək arzusunda olur. Valideynlərin "kaş övladımız bizə yaxın oxuya biləydi" arzusu, tələbələrin isə daha uyğun şəraitdə təhsil almaq istəyi hər il yerdəyişmə prosesini böyük ümidlə gözlənilən mərhələyə çevirir.
2026/2027-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır. Müraciətlər elektron qaydada həyata keçiriləcək.
Yerdəyişmə prosesində ali və orta ixtisas təhsili müəssisələrinin normativ təhsil müddətində təhsil alan, təhsil müddəti ərzində təhsil proqramı üzrə həmin dövr üçün müəyyən edilmiş kreditlərin ən azı yarısını toplamış tələbələr iştirak edə bilərlər.
Müraciətlərin qəbulu 13 iyul 2026-cı il saat 10:00-da başlayacaq və 19 iyul 2026-cı il saat 18:00-dək davam edəcək.
Yerdəyişmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az platformasında qeydiyyatdan keçərək "Şəxsi kabinet" yaratmalı, istifadəçi adı və şifrələri ilə müvafiq bölməyə daxil olub elektron müraciət formasını dolduraraq təsdiqləməlidirlər.
Məsul qurum tələbələrə müraciət zamanı daxil etdikləri məlumatların düzgünlüyünə xüsusi diqqət yetirməyi və müəyyən olunmuş vaxt çərçivəsinə ciddi əməl etməyi tövsiyə edir. Bu proses minlərlə tələbə üçün yeni təhsil mühiti, ailəyə yaxın olmaq və daha rahat tələbə həyatı qurmaq baxımından mühüm fürsət hesab olunur. Fürsətinizi qaçırmayın!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.