AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab

  • + A
  • - A
  • 22-04-2024, 15:30

    I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab

    2024-2025-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair

    SUAL-CAVAB


    Sual: Uşaqların I sinfə qəbulu necə həyata keçirilir?

    Cavab: Ümumi təhsil müəssisələrinin birinci sinfinə uşaqların qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə ərizələrin onlayn qeydiyyatı yolu ilə həyata keçirilir.

    Sual: Elektron sistemdə qeydiyyat kim tərəfindən aparıla bilər?

    Cavab: Qeydiyyat valideyn (və ya digər qanuni nümayəndə) tərəfindən aparıla bilər.

    Sual: Elektron qəbul hansı rayon və şəhərləri əhatə edir?

    Cavab: Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.

    Sual: Qəbul prosesi hansı tarixdən başlanılır?

    Cavab: Uşaqların birinci siniflərə elektron qəbulu prosesinin tarixləri və ardıcıllıqları aşağıda qeyd olunan qaydada təşkil olunacaq:

    01 may 2024-cü il saat 11:00-dan etibarən elektron portalda uşaqların qeydiyyatı;
    03 may 2024-cü il saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi və dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat;
    03 may 2024-cü il saat 11:00-dan etibarən Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat;
    17 may 2024-ci il saat 18:00-da dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi bitir;
    07 may tarixindən – 30 may tarixinədək dövlət ümumitəhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrin təşkili;
    08 may tarixindən – 03 iyun tarixinədək dövlət ümumi təhsil müəssisələrinintədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibədə övladlarının qiymətləndirilməsindən narazı olan valideynlərin müraciətlərinə baxılması;
    12 iyun 2024-cü il saat 11:00-da dövlət ümumitəhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul üçün müsahibədən uğurla keçən uşaqlar üçün valideynləri tərəfindən məktəb və müəllim seçimi ilə bağlı sorğuların yerləşdirilməsi (Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbi istisna olmaqla) və rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinə (siyahı əlavə edilmişdir) qəbulla bağlı prioritetlər üzrə məktəb seçimi;
    12 iyun 2024-cü il saat 11:00-da rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinə qəbulla bağlı (prioritetləri olmayan uşaqlar üçün) müsabiqəyə yazılma (Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbi də daxil olmaqla);
    20 iyun 2024-cü il saat 18:00-da rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan (prioritetlər üzrə üstünlüyü olan uşaqlar istisna olmaqla) ümumi təhsil müəssisələrinə qəbulla bağlı müsabiqəyə (həm tədris digər dillərdə aparılan bölmə üzrə, həm də Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə) yazılmaq üçün qeydiyyat bitir;
    20 iyun 2024-cü il saat 18:00-da rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan (prioritetlər üzrə üstünlüyü olan uşaqlar istisna olmaqla) ümumi təhsil müəssisələrinin prioritetlər üzrə seçimi üçün qeydiyyat bitir.
    24 iyun tarixindən 1 iyul tarixinədək rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan (prioritetlər üzrə üstünlüyü olan uşaqlar istisna olmaqla) ümumi təhsil müəssisələrinə rus bölməsi üzrə qəbulla bağlı müsabiqələrin keçirilməsi;
    24 iyun tarixindən 1 iyul tarixinədək Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə qəbulla bağlı müsabiqələrin keçirilməsi;
    08 iyul tarixindən 13 sentyabr tarixinədək rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan (prioritetlər üzrə üstünlüyü olan uşaqlar istisna olmaqla) ümumi təhsil müəssisələrinin prioritetlər üzrə seçim etmiş və müsabiqədən uğurla keçən uşaqlar üçün müəllim seçiminin başlaması;
    13 sentyabr 2024-cü il tarixdə birinci sinfə qəbulla bağlı elektron qeydiyyatın başa çatması.

    Sual: Hansı ümumi təhsil müəssisələrinin 1-ci sinfinə qəbul müsabiqə yolu ilə aparılır?


    Cavab: Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbinin həm Azərbaycan, həm də rus bölməsi üzrə 1-ci siniflərinə uşaqların qəbulu müsabiqə yolu ilə aparılır. Uşaqların qəbulu zamanı heç bir prioritet üzrə üstünlük nəzərə alınmır.

    “Ankara məktəbi” məktəb-lisey, İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi, İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, “Zəngi” liseyi və 160 nömrəli klassik gimnaziyanın rus bölməsinin 1-ci siniflərinə prioritetlər üzrə üstünlüyü olmayan uşaqların qəbulu müsabiqə yolu ilə aparılır.

    Sual: Tədris digər dillərdə aparılan bölmələr üzrə I siniflərə qəbul hansı qaydada həyata keçirilir?

    Cavab: Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə komissiyalarının rəyi əsasında həyata keçirilir.

    Sual: Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəblərinə qəbul hansı qaydada həyata keçirilir?

    Cavab: Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəblərinin tədris Azərbaycan dilində aparılan I siniflərinə qəbul uşaqların xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında həyata keçirilir. Qeyd olunan təhsil müəssisələrinin rus bölməsi üzrə birinci siniflərinə qəbul isə həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibə və uşaqların xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında aparılır.

    Sual: Rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinə Azərbaycan və rus bölmələri üzrə (Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbləri istisna olmaqla) qeydiyyat necə aparılır?

    Cavab: Təlim dili Azərbaycan dili seçilərsə, ümumi qaydada, tədris digər dildə aparılan bölmə seçilərsə, ilk növbədə uşağın şifahi nitq bacarıqları müsahibə əsasında qiymətləndiriləcək. Övladı müsahibədən uğur qazanmış valideyn “Prioritet üzrə” bölməsini seçib müvafiq ümumi təhsil müəssisəsinə sorğu yerləşdirə bilər. Prioritet üzrə üstünlükləri olmayan valideynlər (qanuni nümayəndələr) isə elektron sistemdə “Müsabiqə yolu ilə” bölməsini seçərək övladının həmin təhsil müəssisəsinə müsabiqə yolu ilə qəbulu üçün elektron sorğu yerləşdirə bilərlər. Müsabiqələr 24 iyun tarixindən 01 iyul tarixinədək keçiriləcək.

    Sual: Məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların I sinfə qəbulu hansı qaydada həyata keçirilir?

    Cavab: Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqlar üçün həmin bölmə üzrə hazırda təhsil aldığı ümumi təhsil müəssisəsi və müəllim seçilməklə sistem tərəfindən birinci sinfə avtomatik sorğu yerləşdiriləcək;

    Tədris digər dillərdə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların valideynləri (qanuni nümayəndə) isə may ayının 03-dən etibarən şəxsi kabinetinə daxil olmalı, müsahibə mərkəzini seçərək övladının müsahibəyə yazılmasını təmin etməlidir. Sonra isə müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün sistem tərəfindən həmin bölmə üzrə birinci sinfə avtomatik sorğu yerləşdiriləcək;

    Sual: Övladı üçün sistem tərəfindən 1-ci sinfə avtomatik sorğu yerləşdirilmiş valideynə həmin ümumi təhsil müəssisəsini dəyişmək imkanı verilirmi?

    Cavab: Valideyn Şəxsi kabinetində “Sorğunu sil” düyməsini sıxaraq digər ümumi təhsil müəssisəsini seçə bilər.

    Sual: Tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələr hansı formada keçiriləcək?

    Cavab: Müsahibələr birbaşa ünsiyyət qurma (canlı) formada təşkil olunacaq.

    Sual: Müsahibə zamanı uşaqlara hansı meyarlar üzrə suallar verilir?

    Cavab: Digər dildə tədris aparılan bölmə üzrə birinci siniflərə qəbul üçün müsahibə komissiyaları tərəfindən aşağıdakı meyarlar əsasında uşaqların yalnız həmin dil üzrə şifahi nitq bacarıqları yoxlanılır:

    fikrə münasibət bildirir;
    ünsiyyət zamanı fikrini sərbəst ifadə edir;
    ünsiyyət zamanı nitq etiketlərindən yerində istifadə edir;
    özü, ailəsi və vətəni haqqında qısa məlumat verir;
    təklif edilən əşya və hadisələr haqqında danışır və ya təklif edilən şəkil üzrə 3-5 cümlədən ibarət qısa mətn qurur.
    Sual: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında məlumat valideynə nə zaman və necə bildiriləcək?

    Cavab: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında məlumat uşağın müsahibədə iştirak etdiyi gündən 3 iş günü ərzində SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə və şəxsi kabinetə göndəriləcək.

    Sual: Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün Azərbaycan bölməsi üzrə müraciət etmək imkanı nəzərdə tutulurmu?

    Cavab: Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqların valideynləri Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisəsi seçimi edərək sorğu yerləşdirə bilərlər.

    Sual: Elektron sistemdə müsahibəyə yazılma mərhələsi hansı tarixdə yekunlaşacaq?

    Cavab: Elektron sistemdə tədris digər dillərdə aparılan bölmə üzrə müsahibəyə yazılma mərhələsi 17 may 2024-cü il tarixdə saat 18:00-da bitir.

    Sual: Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün sistem tərəfindən birinci sinfə avtomatik sorğu yerləşdirildikdən sonra valideyn növbəti mərhələdə nə etməlidir?

    Cavab: Şəxsi kabinetdən müvafiq ərizəni çap edərək məktəbə təqdim etməlidir.

    Sual: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə hara müraciət edə bilər?

    Cavab: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə valideyn (qanuni nümayəndə) 08 may tarixindən 03 iyun tarixinədək ərizə ilə yaşadığı ərazi üzrə yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilər.

    Sual: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə və valideyn məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etdikdə uşağın yenidən müsahibədə iştirakı təmin ediləcəkmi?

    Cavab: Müsahibənin nəticələrindən narazı olan valideynlərin övladları üçün yenidən müsahibə təşkil olunmayacaq. Apellyasiya komissiyası tərəfindən müsahibə zamanı aparılmış videoçəkilişə baxılaraq müvafiq qərar qəbul ediləcək.

    Sual: Lisey və ya gimnaziyaların tədris rus dilində aparılan siniflərinə müəyyən edilmiş prioritetləri olmayan valideynlərin övladının qəbulu hansı qaydada aparılır?

    Cavab: Şifahi nitq bacarıqlarının yoxlanılması üzrə müsahibədən uğur qazandıqları təqdirdə lisey və gimnaziyalara müsabiqəyə yazılırlar.

    Sual: Tədrisi digər dillərdə aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi müsahibəsindən uğur qazanmayan uşaqlar qeydiyyat ünvanına uyğun olan lisey və gimnaziyaların Azərbaycan bölməsinə qəbul edilə bilərmi?

    Cavab: Bəli, uşaq tədrisi digər dildə aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi zamanı uğur qazanmadıqda, həmin lisey və gimnaziyalarda boş qalan yerlərə yalnız Azərbaycan bölməsi üzrə sorğu yerləşdirə bilər.

    Sual: Ərazidən kənarda daimi qeydiyyatda olan uşaqların lisey və ya gimnaziyalara qəbulu mümkündürmü?

    Cavab: Əgər valideyn Azərbaycan bölməsi üzrə lisey və ya gimnaziyanı seçmək istəyirsə, qeydiyyat ünvanı həmin lisey və ya gimnaziyanın müəyyən edilmiş ərazisinə uyğun deyilsə, uşağın bacı və qardaşlarından biri həmin lisey və ya gimnaziyada təhsil almırsa və ya valideynlərdən (qanuni nümayəndə) biri həmin lisey və ya gimnaziyada işləmirsə, lisey və gimnaziya üçün müəyyən olunmuş müddətdə tətbiq edilən prioritet götürüldükdən sonra boş qalan yerlərə sərbəst qaydada sorğu yerləşdirə bilər. Tədrisi digər dildə aparılan bölmə seçildiyi halda isə müsabiqəyə yazıla bilər.

    Sual: Müsabiqənin nəticələrinə əsasən, Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul edilməyən uşaqların valideynləri (qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumi təhsil məktəbi seçə bilərmi?

    Cavab: Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin müsabiqəsində iştirak etmək üçün övladlarını qeydiyyatdan keçirən valideynlər, eyni zamanda üstünlük hüququ əsasında yaxud sərbəst formada digər ümumi təhsil müəssisəsini seçib sorğu yerləşdirə bilər. Müsabiqədən uğur qazandığı halda, digər ümumi təhsil müəssisəsində olan sorğusu avtomatik olaraq silinəcəkdir.

    Sual: I sinfə qəbul üzrə müraciətlərin çox olduğu bəzi ümumi təhsil müəssisələrində uşaqların qəbulu ilk növbədə hansı üstünlük hüququ əsasında aparılır?

    Cavab: Bakı şəhərində yerləşən bir sıra ümumi təhsil müəssisələrində birinci sinfə onlayn qeydiyyat zamanı uşaqların məktəbə qəbulu üzrə aşağıda qeyd olunmuş üstünlük hüquqları təmin olunur:

    • valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin ümumi təhsil müəssisəsinin müəyyən edilmiş ərazisində yaşayan;

    • valideyni (qanuni nümayəndəsi) həmin ümumi təhsil müəssisəsində işləyən;

    • bacısı və ya qardaşı həmin ümumi təhsil müəssisəsində təhsil alan.

    Sual: Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisi haqqında necə məlumat əldə etmək olar?

    Cavab: Valideyn (qanuni nümayəndə) https://baku.edu.gov.az/az/page/333/7169 linkinə daxil olaraq, Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələri və həmin təhsil müəssisələrinin müəyyən edilmiş mikroəraziləri haqqında məlumat əldə edə bilər.

    Sual: Hansı halda valideyn elektron sorğusunu ləğv edib başqa ümumi təhsil müəssisəsi seçimi edə bilər və ya edə bilməz?

    Cavab: Valideyn şəxsi kabinetində müvafiq ümumi təhsil müəssisəsinə elektron sorğu yerləşdirib, tələb olunan sənədləri təqdim edib, ümumi təhsil müəssisəsi tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız ümumi təhsil müəssisəsi tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda, valideynin qeydiyyatdan keçdiyi nömrəyə verifikasiya kodu göndərildikdən sonra həmin kod daxil edilməklə sorğunu silib başqa ümumi təhsil müəssisəsi seçimi etmək olar.

    Sual: I sinfə şagird qəbulu üçün hara və hansı sənədlərin təqdim edilməsi tələb olunur?

    Cavab: Valideyn (qanuni nümayəndə) I sinfə şagird qəbulu üçün aşağıdakı sənədləri ümumi təhsil müəssisəsinə təqdim etməlidir:

    • Azərbaycan Respublikasının vətəndaşları üçün - valideynin şəxsiyyətini təsdiq edən sənədin və uşağın şəxsiyyət vəsiqəsinin əsli və surəti;

    • Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi;

    • xarici ölkə vətəndaşları üçün - valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti;

    • digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi;

    • uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U);

    • 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;

    • valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az elektron sistemində yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”.

    Sual: Yaşı 9 və yuxarı olan uşaqların I sinfə qəbulu mümkündürmü?

    Cavab: Bəli. Yaşı 9 və yuxarı olan uşaqlar Azərbaycan Respublikası Təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.

    Sual: Yaşı 9 və yuxarı olan uşaqların qeydiyyatı üçün hara və hansı sənədlərlə müraciət edilməlidir?

    Cavab: Yaşı 9 və yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az elektron sistemində qeydiyyatdan keçdikdən sonra 01.07.2024-cü il tarixindən yaşayış yerindən arayış, 2 ədəd 3x4 rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) yerli təhsili idarəetmə orqanlarına müraciət etməlidir.

    Sual: Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu necə həyata keçirilir?

    Cavab: Sağlamlıq imkanları məhdud uşaqların I sinfə qəbul olunmaları üçün www.mektebeqebul.edu.az elektron sistemində qeydiyyatdan keçdikdən sonra 5 (beş) iş günü müddətində valideyn (digər qanuni nümayəndə) aşağıdakı sənədləri yaşayış yeri üzrə Rayon Təhsil Sektoruna təqdim edir:

    1. valideynin (digər qanuni nümayəndənin) himayəsində olan xüsusi təhsilə ehtiyacı olan övladının psixoloji-tibbi-pedaqoji komissiyanın müayinəsindən keçirilməsi üçün razılıq ərizəsi;

    2. valideynin (digər qanuni nümayəndənin) şəxsiyyət vəsiqəsinin surəti;

    3. uşağın şəxsiyyət vəsiqəsinin surəti;

    4. uşağın xəstəliyi ilə bağlı yaşayış yeri üzrə xidmət göstərən poliklinikanın baş həkimi tərəfindən təsdiq edilmiş ətraflı tibbi arayış (forma 27U);

    5. yaşayış yerindən arayış.

    - Psixoloji-tibbi-pedaqoji komissiya müayinə sənədlərini qəbul edərək on gün ərzində uşağın müayinə olunacağı günü təyin edir.

    - Psixoloji-tibbi-pedaqoji komissiya bir ay müddətində xüsusi təhsilə ehtiyacı olan uşağın müayinəsini keçirir və uşağın məhdudiyyətlərinə və imkanlarına əsaslanaraq təhsilinin təşkilinə dair qərar qəbul ediir. Qərar, müayinə sənədlərinin surəti və komissiyanın uşağın inkişafının qiymətləndirməsinin nəticələri onun təhsil alacağı təhsil müəssisəsinə göndərilir.

    Sual: Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün məktəb seçimi necə həyata keçirilir?

    Cavab: Sağlamlıq imkanı məhdud uşaqların xüsusi təhsilə cəlb olunması Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Rayon Təhsil Sektorlarının nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən həyata keçirilir. Psixoloji-tibbi-pedaqoji komissiya sağlamlıq imkanları məhdud uşağın cəlb olunacağı xüsusi təhsilin təşkili formasını, tədris olunacaq proqramı və təhsil alacağı təhsil müəssisəsini müəyyənləşdirir. Qanunvericiliyin tələblərinə əsasən sağlamlıq imkanları məhdud uşağın yönləndirildiyi təhsil müəssisəsinin tipinin müəyyənləşdirilməsində valideynlərin və ya uşağın digər qanuni nümayəndələrin iştirak hüququ vardır.

    Sual: Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün ümumi təhsil müəssisəsinin seçimi necə həyata keçirilir?

    Cavab: Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün xüsusi məktəbi valideynin yaşayış ərazisinə uyğun olaraq psixoloji-tibbi-pedaqoji komissiya müəyyənləşdirir və məktəbə sorğu avtomatik olaraq komissiyanın bazasından inteqrasiya olunur.

    Sual: Hansı halda uşağın ümumi təhsil müəssisəsinə qəbuluna imtina verilə bilər?

    Cavab: İlk növbədə, məsul şəxs https://mektebeqebul.edu.az/az/ elektron sistemində qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirir və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır. Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşağın ümumi təhsil müəssisəsinə qəbuluna imtina verilə bilər.

    Sual: Uşaqların təhsil alacağı məktəbə yerləşdirilməsi prosesi tam olaraq hansı halda başa çatmış hesab olunur?

    Cavab: Valideyn (qanuni nümayəndə) elektron sorğu yerləşdirdiyi ümumi təhsil müəssisəsinə sənədləri təqdim edir, müəssisə tərəfindən sənədlər yoxlanılır və sənədlərdə uyğunsuzluq və ya səhv olmadığı halda uşağın məktəbə qəbulu başa çatmış hesab olunur.

    Sual: Yerləşdirilmə bitdikdən sonra valideyn hansı addımları atmalıdır?

    Cavab: Yeni dərs ilinin ilk günü övladını məktəbə gətirməlidir.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR