Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)-nın prezidenti, akademik Ramiz Mehdiyev Dendrologiya İnstitutunda laboratoriyaları və burada aparılan elmi tədqiqat işləri ilə tanış olub.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov müəssisənin fəaliyyət istiqamətləri haqqında AMEA prezidentinə məlumat verərək təbii və mədəni şəraitdə becərilən bitkilərin assortimentinin genişlənməsi və onların genofondunun təbii şəraitdə və introduksiyada saxlanılması üçün biomüxtəlifliyinin populyasiya, introduksiya və seleksiya üzrə öyrənilməsindən danışıb. Eləcə də ağac və kolların, yeni dekorativ sortların forma müxtəlifliyinin qiymətləndirilməsi, meşə bitkiləri, təbiət abidələri, bağ-park obyektləri, introdusent növlərin dendroloji və taksasiyalı öyrənilməsi, perspektivli meşə və dendroloji təbiət abidələrinin seçilməsi haqda məlumat verən institut rəhbəri əlverişsiz iqlim amillərinin təsiri və zərərverici həşəratların kütləvi çoxalması ilə əlaqədar olaraq dendroxronoloji tədqiqatlar, əsas meşə əmələ gətirən cinslərin yaşlı nüsxələrinin seçimi, meşə, şəhər və meşə-park landşaflarının tərtibatı üçün ağac və kol cinsləri assortimentinin seçimindən ətraflı bəhs edib. Bundan əlavə, müəssisənin sahə-təsərrüfat, təcrübə sahələri, bitkilərə qulluq işləri, biomorfoloji tədqiqatların davam etdirilməsi, gənc tədqiqatçıların elmi yaradıcılığa cəlb edilməsi, kadr potensialının genişləndirilməsi istiqamətində görülən tədbirlər haqda məlumatlandırıb. Bildirib ki, Dendrologiya İnstitutunda tədqiqat işləri 8 laboratoriyada aparılır.
Sonra Akademiya rəhbərliyi qurumun Landşaft memarlığı, Bitkilərin mühafizəsi, Efir yağlı bitkilər, Herbari və toxumçuluq, Ağac və kol bitkilərinin introduksiyası və iqlimləşdirilməsi, Sistematika, Bitki ekologiyası və Dendroxronologiya laboratoriyalarında aparılan tədqiqat işləri ilə tanış olublar.
Eyni zamanda Dendrologiya İnstitutunun ərazisində fəaliyyət göstərən Ulu öndər Heydər Əliyevin, akademik N.İ.Vavilovun və şair Sergey Yesenin muzeyi ilə maraqlanıb, qonaq otaqlarına baxış keçiriblər. Onlar, həmçinin Akademiya əməkdaşlarının uşaqlarının asudə vaxtının səmərəli təşkili məqsədi ilə Dendrologiya İnstitutunun “Elm” uşaq istirahət düşərgəsində də olub, abadlaşdırma işləri ilə də maraqlanıblar. Bildirilib ki, düşərgənin ərazisində 100 nəfərlik yeməkxana, 2 ədəd dayaz hovuz, intellektual oyun meydançası, mini zoopark, 2 ədəd istirahət köşkü, həkim məntəqəsi və kitabxana fəaliyyət göstərir. Bundan əlavə, futbol, voleybol meydançaları, şahmat, dama və s. oyunlar üçün xüsusi sahələr var.
Müəssisədə yaradılan şəraitlə tanış olan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev biologiya elmi sahəsində müxtəlif istiqamətli müasir tədqiqatların aparılmasını təqdirəlayiq hal kimi qiymətləndirib. AMEA-nın digər elmi müəssisə və təşkilatları ilə sıx əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin, birgə elmi tədqiqatların aparılmasının önəmini vurğulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.