“Üz-üzə gələndə təmiz güzgü tək,
insan bir-birini göstərsin gərək...”
Xalq şairi Nəriman Həsənzadə
Azərbaycan ədəbi tənqidinin ən cəfakeş isimlərindən biri, filologiya elmləri doktoru Vaqif Yusiflinin Masallı Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayevin 75 illiyinə həsr etdiyi kitaba xatirə yazmaq təklifinə həm sevindim, həm də kədərləndim. Sevindim ki, Qardaş müəllimin ÖMÜR SARAYINI bəzəyən xatirələr onun DÜNƏNİ ilə BU GÜNÜ arasında KÖRPÜ olacaq. Kədərləndim ki, bu körpüdən keçib bir anlıq keçmişə - gənclik illərinə dönəcəm; acılı-şirinli, həyacanlı, sözün əsl mənasında keşməkeşli anlarımı yenidən yaşayacam...
Qardaş müəllimi tanıyanda tələbə idim. Universitetin jurnalistika fakültəsində qiyabi yolla təhsil alırdım. Hərbi xidmətdən qayıdandan sonra “proletariatın dahi rəhbəri” V. İ. Leninin adını daşıyan sovxozda komsomol komitəsinin katibi işləyirdim. Əmək kitabçamda həmin vəzifəyə təyin və azad olmağım barədə qeydləri təsdiq edən imza və möhür o zaman Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqının Masallı rayon komitəsinin birinici katibi vəzifəsində çalışan Qardaş Fətullayevə aiddir. Biz ona sadəcə, “yoldaş Fətullayev” deyə xitab edərdik.
Bəri başdan qeyd edim ki, işdən çıxarılmağımın Qardaş müəllimlə heç bir əlaqəsi yox idi. O vaxt Xırmandalı kənd sovetinin sədri işləyən əmim Aydın Babayevin dediyinə görə, sovxoz direktoru olmağa can atan partkomun “uzaqgörənliyi” sayəsində rayonun 1-ci şəxsinin qəzəbinə tuş gəlmişdim. Karyerasına komsomoldan başlayan Ə.Həsənov mənim üzümü görməsə də, imzamı tanıyırdı. Hələ hərbi xidmətdə olanda atam işdən çıxarıldığına görə, Sov.İKP MK-nın Baş katibi L. İ. Brejnevə məktub yazmışdım. Atam da dərhal işlə təmin olunmuşdu. (“Yaralı qu quşları” kitabımda “Rəhbərə məktub” xatirə-hekayəmi bu əhvalata həsr etmişəm.)
Qısası, 21 yaşımda aldığım “mənəvi zərbə” kənddən rayon mərkəzinə köçməyimə səbəb oldu. “Partkom” isə az sonra direktor olsa da, sovxoz əmlakını mənimsədiyinə görə cinayət məsuliyyətinə cəlb olundu...
Qardaş müəllimlə demək olar ki, 15 il yolumuz kəsişmədi. V kursda gənc mütəxəssis kimi, mənzil və ixtisasıma uyğun işlə təmin olunmaq üçün rayon rəhbərinə məktub yazdım. Bu dəfə mənə elə “divan” tutdurdu ki, başımı götürüb nəinki rayondan, Azərbaycandan uzaqlara getməli oldum. Latviyanın paytaxtı Riqa şəhərində işə düzəldim. Niyyətim partiya üzvü olub, rayona dönmək, ixtisasıma uyğun bir işdə çalışmaq idi. Namizəd olmağa hazırlaşanda sıravi latış fəhləsi məni fikrimdən daşındırdı: “SSRİ süqut edəcək. Biz müstəqil ölkənin vətəndaşları olacağıq...”
1987-ci ildə Vətənə döndüm. Rayon İcraiyyə Komitəsində, “Çağırış” qəzetində işlədim... Latış fəhlənin dediyi kimi, SSRİ süqut etdi. Müstəqilliyimizin ilk illəri kommunist olmasam da işsiz qaldım. Qardaş müəllim də az sonra AXC-Müsavat hakimiyyəti zamanı təzyiqlərə məruz qaldı. Amma qarşıda nəinki bizi, ölkəni gözləyən dəyişikliklərin, tarixi hadisələrin fəqrinə varmadan sabaha ÜMİDLƏ boylanırdıq.
...Qardaş müəllimlə ilk dəfə 1995-ci ilin parlament seçkilərində bir mahnıda deyildiyi kimi, ağlımıza gəlməyən başımıza gəldi. Mən rayon İcra hakimiyyəti aparatında işləyirdim, həm də “Masallı” müstəqil qəzetinin baş redaktoru idim. Qardaş müəllim səhv etmirəmsə, YAP-ın Masallı rayon təşkilatının sədr müavini idi. O zaman KİV-də deputat seçiləcək adamların siyahısı yayılmışdı. Qardaş müəllim partiyanın namizədini, mən isə “qəzetimin” təsisçisini təbliğ edirdim...
Əlqərəz, həvəslə qatıldığımız seçki marafonuna “bizim dairədə” MSK-nın səsvermənin nəticələrinin ləğvi barədə qərarı son qoydu. “YENİ AZƏRBAYCANLI” fəallar (keçmiş kommunistlər) məni RİH-in nümayəndəsi kimi seçkiyə qatılmaqda və müstəqil namizədin vəkili olmaqda ittiham edirdilər. Əslində BİZ kimlərisə seçə-seçə ÖZÜMÜZ “seçmələndik.” Səsimiz paralandı, yaxın dost-tanışlar bir-birindən aralandı. O zaman bölgə təmsilçisi olduğum “Avrasiya” qəzetində “Masallıda seçkilərə güllələr də qəhqəhə çəkdi” adlı tənqidi yazım dərc olundu. Bu azmış kimi, MSK-nın qərarına etiraz edən seçicilərin qaşısında başçını tənqid etdim...
Gec də olsa, xalq şairi Bəxtiyar Vahabzadənin bu misraları indi mənim etirafım kimi səslənir:
Səhv atdığım addımları
Sonradan anlayıram,
Baxıb VİCDAN güsgüsünə
Özümü danlayıram.
Fəqət, içimdə hıçqırır yazmadıqlarım...
...37 yaşımda MTN-nin Lənkəran şəhərində yerləşən şöbəsinə “dəvət” olundum. 37-ci ilin günahsız qurbanları haqqında oxuduqlarımı xatırlayıb həyacan keçirirdim. Mənim imdadıma yuxarıda Allah, aşağıda o zaman MTN -nin şöbə rəisinin kitab rəfində olan “Azərnur” kitabım və “Rusiyalı generalın Masallı sərgüzəştləri” adlı məqaləm yetişdi... Rayonda bəh-bəhlə qarşılanan, güya Boris Yeltsinin fərmanı ilə “genaral” rütbəsi almış həmyerlimizin fırıldaqçı olduğunu ifşa edən, rəisin təbirincə desəm, “ayıq-sayıq jurnalist idim.” İxtisasca jurnalist olan BAŞÇIMIZ isə haqqımda yazılan şikayət məktubunu mənə göstərib: “Sənə görə mən özümü zərbə altında qoya bilmərəm” - dedi. Açığını deyim ki, həmin məktubu imzalamağa Qardaş Fətullayevlə rəhmətlik Şirvan Əbilovun haqqı çatırdı. Niyə? Çünki Qadaş müəllim ötən əsrin 70-ci illərindən Azərbaycan rəhbərinin sədaqətli əsgəri, Ş.Əbilov isə deputatlığa namizədin qardaşı idi... Çox sonralar İmran Əbilovla Bakıda görüşdük. O, gerçəkdən millət vəkili olmağa layiq namizəd idi. DƏDƏM də “Əbilov təcrübəli, ziyalı adamdı, nazir müavini olub,”- deyirdi, - “Sənin DOST bilib, müdafiə etdiyin adama qələmin gərəkdi, özün yox! Ona görə işsiz qalmağa dəyərdimi? Dost 3 cür olur ay oğul, ürək dostu, çörək dostu, gərək dostu.”
Düz deyirlər, QƏLƏM soltandır, amma əhli-qələmə həmişə “rütbə” vermir... Redaktoru olduğum qəzet Milli Mətbuat günü "RUH" Jurnalistləri Müdafiə Komitəsinin "Ən mübariz əyalət qəzeti" mükafatına və diplomuna layiq görülsə də rəhmətlik DƏDƏM haqlı çıxdı: “Dost” bilib namizədliyini müdafiə etdiyim adam İcra hakimiyyətində vəzifə alan kimi, qəzetin möhürünü və şəhadətnaməsini məndən aldı. Atalar düz deyir: Dostu, qaradaşı YOLDA və dar gündə tanıyarlar...
Tanrısını tanımayan isə xəta əhli, yanlış YOLDA olandı. İşziz qaldığım illərdə əlimi Tanrının ətəyindən üzmədim. Qardaş müəllimin dediyi kimi: “Dünyanın ən bəxtiyar İNSANI Allahdan başqa heç kəsə möhtac olmayandır...”
Cəfası səfasından çox olan bu dünyada Allah dərdi çəkənə verir. Sapanddan atılmış daş kimi 10 il işsiz-gücsüz göylə yer arasında gəzib - dolaşırdım. Yenə qürbətə üz tutub, QƏRİBLİKDƏ doğmalar aradım: Moskva, Sankt-Peterburq, Samara, Kazan, Nijni Novqorod, Xarkov... Özgə müəlliflərə satdığım tarixi roman və povestlərim hesabına dolandım. Əsərini özgəyə satan yazıçının DOĞUM evində dünyaya gətirdiyi ÖVLADINI ehtiyac üzündən özgəyə satan anadan fərqi yoxdur!..
Deyirlər, qələm adamının dünyaya göz açdığı məkan onun ən böyük “yazı masasıdır.” Cənnət misallı Masallı da mənim əzəmətli YAZI masamdı. Böyük şəhərlərdə nəfəsim tıncıxanda, ruhum üşüyəndə həmişə uşaq anasının qucağına cuman kimi, mən də qanad açıb doğma ocağa pərvazlanıram... Bəzən içim DOLUXSUNUR, şair dostum, qudam Balayar Sadiq demişkən, astaca hiçqirır yazmadıqlarım...
Qardaş müəllimlə alternativ baxışlarımızı, düşüncələrimizi həmişə içimizdəki şükranlıq, “MASALLIÇILIQ” sevgisi birləşdirib, üstəlik ortaq dostlarımız: şair Ağacəfər Həsənli, Arif Fərzəli, tələbə yoldaşım, Əməkdar jurnalist Əli Nəcəfxanlı... Əməkdar artist, rəhmətlik Əli Salahlı ilə üçümüz birlikdə dəfələrlə duz-çörək kəsmişik... Qardaş müəllim özünəxas xarakteri olan ziyalıdır. Cəmiyyətdə ali təhsilli adamlar çoxdur. Amma özünəxas xarakteri ilə sayılıb- seçilən ziyalı insanlar azdır...
...2015-ci ilin parlament seçkilərində də “fikir ayrılığımız” oldu. Əgər məndən həmin il deputatlığa layiq iki namizədin adını soruşsaydılar, tərəddüd etmədən biri Qardaş müəllimdir, deyərdim. Təbii ki, həmişə olduğu kimi, o, taleyüklü məsələlərə riyazi məntiq bacarığı ilə və siyasətçi kimi münasibət bildirirdi, mən isə obrazlı şəkildə “SEÇƏNİ” də, “SEÇİLƏNİ” də humanist olmağa səsləyən qələm adamı kimi...
Nəhayət ki, 2020 -ci ilin növbədənkənar parlament seçkilərində hər ikimizin ürəyincə olan ziyalı İNSAN, xeyirxah həmyerlimiz deputat seçildi və qısa zaman kəsiyində ürəkdən tikan çıxardan işlər gördü. Təkcə aztəminatlı ailələrin qız uşaqlarının ali təhsil almalarına maddi dəstək göstərməsi Məşhur Məmmədovun ən misilsiz xidmətlərindəndir. Onun 2021 -ci ilin ƏN FƏAL MİLLƏT VƏKİLİ seçilməsi heç də təsadüfi deyil.
...Yaradıcı adamlara ürəkdən deyilən təmənnasız “sağ ol” kəlməsi isə fəxri fərman və pul mükafatlarından da üstündür. M.Məmmədovun ideya müəllifliyi ilə işıq üzü görən “Şəhidlik manifesti” kitabımın motivləri əsasında səhnələşdirilən “Ruhların qisası” tamaşasına baxandan sonra ziyalı dost-tanışlardan mənə ilk “Çox sağ ol”u Qardaş müəllim deyib!.. Mən də ona Facebook səhifəsində paylaşdığı maraqlı aforizmlərini toplayıb kitab şəklində nəşr etdirməyi məsləhət görürəm. Qardaş müəllimin: “VİCDAN rahatlığı RÜŞVƏTLƏ yığılan VAR-DÖVLƏTDƏN daha çox dəyərlidir” fikri müasir zamanda daha çox xüsusi aktuallıq kəsb edir...
Adətən, yubilyar haqqında yazılan xatirələr təmtəraqlı, tərifli sözlərlə zəngün olur. Mən isə bu xatirəmdə özümdən də bəhs etdim. Belə bir deyim var: Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir. Məncə, Qardaş müəllimin 75 illik yubileyinə ən gözəl hədiyyə elə özünün sahib olduğu VİCDAN rahatlığıdır...
Nurəddin Əlioğlu,
Yazıçı -jurnalist. 31.12.21. - 01.01.22.